Xilaskarlıq missiyasının başlanğıcı
Digər xəbərlər

Xilaskarlıq missiyasının başlanğıcı

1991-ci il sentyabrın 3-də ulu öndər Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilmişdir

Ulu öndər Azərbaycanın xilası missiyasına Naxçıvandan başladı. Ulu öndərin Naxçıvanın çətin vaxtlarında o diyara qayıtması böyük bir fəlakətin qarşısını aldı. Ən əsası bu qayıdışla Azərbaycanda müstəqillik uğrunda mübarizə özünün yeni mərhələsinə qədəm qoydu, imperiya qüvvələri ilə mübarizə daha da genişləndi. Hər bir azərbaycanlının könlündə taxt qurmuş Heydər Əliyevin alovlandırdığı istiqlal mücadiləsi milli dirçəliş prosesinin bütün Azərbaycanda aparıcı qüvvəyə çevrilməsinə, milli dövlətçiliyin bərpası istiqamətində qəti addımların atılmasına gətirib çıxardı.

Ulu öndər Heydər Əliyevin 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilməsi müasir müstəqil Azərbaycanın dövlətçilik tarixinin ən mühüm səhifələrindən birini təşkil edir. Siyasi fəaliyyətinin Naxçıvan dövründə ulu öndər Heydər Əliyev gördüyü işlər, atdığı tarixi əhəmiyyətli addımlarla muxtar respublikanın qurtuluşunu, dirçəlişini və həmrəyliyini təmin etmiş oldu.

Naxçıvan parlamentinin yeni tərkibdə 1990-cı il noyabrın 17-də keçirilən ilk sessiyası deputatların istəyi və böyük xahişi ilə ulu öndər Heydər Əliyevin sədrliyi ilə öz işinə başlamışdı. Sessiyada gündəliyə çıxarılan məsələlər və qəbul edilən tarixi qərarlar, ümumilikdə, Azərbaycanın müstəqilliyinə və suverenliyinə hesablanmışdı. Heydər Əliyevin Naxçıvanda milli qurtuluşun təməllərini Azərbaycan dövlətçilik ənənələrinə əsaslanaraq atması ölkəmizin gələcək perspektivlərinin sağlam təməllər üzərində müəyyənləşməsinə zəmin yaratdı. Həmin dövrdə xalq üzləşdiyi bütün problemlərin yalnız Heydər Əliyevin rəhbərliyi ilə həllini tapa biləcəyinə inanır, ölkə rəhbərliyinə onun qayıtmasını tələb edirdi. Çünki o illərdə cərəyan edən proseslər, aşkar şəkildə Azərbaycana qətiyyətli rəhbərin lazım olduğunu göstərirdi. Siyasi cəhətdən səriştəsiz idarəçilik ölkəni vətəndaş müharibəsinə doğru sürükləyirdi.

Görkəmli dövlət xadiminin 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən fövqəladə sessiyada deputatların və iclas zalının qarşısına toplaşan minlərlə insanın xahişi ilə Ali Məclisin Sədri seçilməsi Azərbaycanın müstəqillik yolunun əsasını qoymuşdur. Sessiyanın gündəliyinə həmin tarixi mərhələnin aktual məsələləri daxil edilmişdi. Fövqəladə sessiya ölkədə Azərbaycan Respublikası prezidenti seçkilərinin keçirilməsinə münasibət bildirməli idi. Eyni zamanda, gündəliyə daxil edilmiş Azərbaycan Kommunist Partiyası təşkilatının fəaliyyətini davam etdirib-etdirməməsi məsələsi də cəsarətli münasibət tələb edirdi. Gündəlikdə nəzərdə tutulan məsələlərin hamısı aktual problemlər idi, Azərbaycan üçün taleyüklü məsələləri əhatə edirdi. Bu problemlərin həllinə təsir göstərmək Azərbaycanda müstəqil dövlətçilik prosesinin dərinləşdirilməsinə və sürətləndirilməsinə xidmət edirdi. Ancaq həmin məsələlərin müsbət həlli Naxçıvan MR Ali Məclisinin fövqəladə sessiyasında bu ali hakimiyyət orqanının sədri seçiləcək şəxsin siyasi iradəsindən, cəsarət və uzaqgörənliyindən çox asılı idi. Buna görə Naxçıvan MR Ali Məclisinin 3 sentyabr 1991-ci il tarixli sessiyasının həll edəcəyi ən əsas vəzifə təşkilati məsələ idi.

Ümummilli lider Heydər Əliyevin fəaliyyəti və onun iradəsi ilə qəbul olunmuş qərarlar, Azərbaycanın müstəqillik tarixindəki ən parlaq səhifələri təşkil edir. Naxçıvan Muxtar Respublikasının xilası ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyev SSRİ dönəmində və müstəqillik illərində ölkəsinin tərəqqisini təmin etmək istiqamətində xüsusi fəaliyyət göstərmişdir. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, azərbaycançılıq ideologiyasının banisi, xalq və dövlət üçün xidmət edən bir lider olaraq Heydər Əliyevin tarixi xidmətləri Azərbaycanın gələcək meyillərini formalaşdırmışdır.

Ulu öndərin ən böyük xidmətlərindən biri, Azərbaycan dövlətçiliyinin bərpası və ölkənin siyasi tarixində yeni bir mərhələnin sağlam təməllər üzərində qurulmasının təmin edilməsidir. Belə ki, 1990-cı illər Azərbaycan üçün çox çətin bir dövr idi. SSRİ-nin sonlarına doğru başlayan hərc-mərclik, ölkənin daxili işlərinə təsir edir və bir çox respublika çətin siyasi və hüquqi proseslərlə üzləşirdi. Naxçıvan Muxtar Respublikası isə blokadada idi. Ancaq Heydər Əliyevin 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilməsi, respublikanın sabitliyini təmin etdi və sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılmasına nail olundu. Unutmamaq lazımdır ki, müharibənin davam etdiyi bir vaxtda Heydər Əliyev, elektrik enerjisinin olmadığı, sənaye məhsullarının çatışmadığı və sosial-iqtisadi vəziyyətin çətin olduğu şəraitdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilmişdir. İslahatlar və tədbirlər sayəsində Heydər Əliyev, Naxçıvanın sabitliyini, tərəqqisini və həmrəyliyini təmin edərək bütün Azərbaycan üçün ümid işığı olmuşdu. Bununla yanaşı, 1990-cı il noyabrın 17-də keçirilən sessiyada ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə üçrəngli bayrağımız Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edilmişdir. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırmışdır. 1991-ci il fevral ayının 5-də həmin vəsatətə baxılmış və Azərbaycan Respublikasının Ali Soveti "Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında" Qanun qəbul edərək onu yenidən Dövlət bayrağı elan etmişdir. Sonralar ümummilli lider bu barədə deyirdi: "Mən belə fikirdəyəm ki, Naxçıvan MR Ali Məclisinin qəbul etdiyi qərarlar Azərbaycan Respublikasının işinə çox təsir etdi və Azərbaycan rəhbərliyi bir neçə belə qərarın qəbul edilməsində məcburiyyət qarşısında qaldı. Naxçıvan Muxtar Respublikasının üzərində bu bayraq 1990-cı il noyabrın 17-də, Azərbaycan Respublikasında isə 1991-ci il fevralın 5-də dalğalandı".

Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması və tərəqqisi üçün əhəmiyyətli tədbirlər həyata keçirildi. Ulu öndər Türkiyə və İranla qarşılıqlı əməkdaşlığa və tərəfdaşlığa əsaslanan ilk rəsmi əlaqələrin formalaşdırılmasına və Naxçıvan Muxtar Respublikasının inkişafı və sabitliyinin davamlılığının təmin edilməsinə də ciddi yanaşdı. Ulu öndərin bu nitqini xatırlatmaq yerinə düşərdi: "Bu zamanın, bu dəqiqələrin, bu saatın hökmünü nəzərə almaya bilməzdim... Xalqın bu əhvali-ruhiyyəsini, tələblərini nəzərə alaraq bütün məsələləri götür-qoy etdim. Mən öz taleyimi xalqa tapşırmışam və xalqın iradəsini, yəqin ki, indi bu müddətdə, bu çətin dövrdə yerinə yetirməliyəm".

Nurlan ABDALOV,

"Respublika".