CÜMHURİYYƏT QURUCUSUNUN NƏZƏRİ VƏ ƏDƏBİ İRSİNİN İŞIĞINDA
Region

CÜMHURİYYƏT QURUCUSUNUN NƏZƏRİ VƏ ƏDƏBİ İRSİNİN İŞIĞINDA

M. Ə. Rəsulzadə – 140

Məhəmməd Əmin Rəsulzadə keçən əsrin ikinci onilliyində Azərbaycanda müstəqillik ideyalarının gerçəkləşdirilməsi və milli dövlət quruluşunun dirçəldilməsi yolunda böyük xidmətlər göstərmiş şəxsiyyətlərdəndir. Uzun illər mühacirətdə yaşamasına baxmayaraq ölkəmizin azadlığı, müstəqilliyi uğrunda çalışmış, mübarizə aparmışdır. Həmçinin onun dövrün salnaməsinə çevrilən parlaq publisistik, siyasi, ədəbi-tənqidi və elmi irsi ölkəmizin ictimai fikir tarixində mühüm yer tutur. Azərbaycan Prezidenti İlham Əliyev 30 dekabr 2023-cü il tarixdə “Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinin qeyd edilməsi haqqında” Sərəncam imzalayıb.

Azərbaycan Milli Elmlər Akademiyasının Lənkəran Regional Elmi Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 140 illiyi ilə əlaqədar “Müstəqillik dövrü nəsrimiz Azərbaycan Xalq Cümhuriyyəti dəyərlərinə qayıdış kontekstində” adlı tədbir keçirilib.

Mərkəzin elmi işlər üzrə direktor müavini, biologiya üzrə fəlsəfə doktoru, dosent Sevinc Hüseynova görkəmli ictimai-siyasi xadim M. Ə. Rəsulzadənin ömür yolundan, siyasi fəaliyyətindən söhbət açıb.

Lənkəran Regional Elmi Mərkəzin direktoru, filologiya üzrə fəlsəfə doktoru Mehman Əliyev Azərbaycan Prezidenti İlham Əliyevin M.Ə.Rəsulzadənin anadan olmasının 140 illik yubileyi ilə əlaqədar imzaladığı Sərəncamda qarşıya qoyulan vəzifələr barədə danışıb. Bildirib ki, cəmi 23 ay yaşamasına baxmayaraq, xalqımız 1918-ci ilin mayında canı, qanı bahasına şərqdə ilk dəfə olaraq dövlət müstəqilliyini əldə edib. Bu sahədə cümhuriyyət qurucularından M. Ə. Rəsulzadənin misilsiz rolu və xidmətləri vardır.

Tədbirdə M.Ə.Rəsulzadə irsinə qayıdış soykökümüzə qayıdış kimi dəyərləndirilib, cümhuriyyət qurucusunun ədəbiyyatçı, publisist, jurnalist kimi fəaliyyətindən ətraflı söhbət açılıb. Xalq şairi Sabir Rüstəmxanlının “Göy Tanrı”, akademik Kamal Abdullanın “Unutmağa kimsə yox” və “Sehirbazlar dərəsi” romanları M.Ə.Rəsulzadə irsi üzərində təhlil olunub.

Əlisəfa Həsənov,

“Respublika”.