Türk dünyasının ortaq əlifbası tarixdən gələn sosial sifarişdir
Türk dünyası

Türk dünyasının ortaq əlifbası tarixdən gələn sosial sifarişdir

Türk birliyi… Bu, tarixi keçmişi, dili, mədəniyyəti eyni olan və ümumi sayı təqribən 250 milyon nəfərə çatan türk xalqlarının bir çətir altında birləşməsi deməkdir. Türk xalqları hələ eramızdan əvvəl Avrasiya materikinin mərkəzi hissəsində geniş ərazidə yayılmışdır.

Xalqlarımız əsrlər boyu bir yerdə yaşayıb-yaratmışlar. Bu illər ərzində siyasi və mədəni sahədə bir çox nailiyyətlərimiz olub. Türkdilli ölkələrin dövlət başçıları tərəfindən ali səviyyədə nümayiş etdirilən qardaşlıq və dostluq münasibətləri bütün sahələrdə uğurla davam etdirilir. Ortaq türk mədəniyyətinin dünyada təbliği istiqamətində birgə fəaliyyətimiz günü-gündən daha da genişlənməkdədir. Məhz bu çərçivədə türk xalqlarının inteqrasiyasının intensivləşməsi üçün bu xalqların ortaq əlifbaya sahib olmalarının müstəsna əhəmiyyəti var. Ortaq türk ədəbi dilinə keçid üçün vahid əlifbanın mövcudluğu ilkin şərtlərdəndir.

Ötən il Bursada keçirilən "Türk dünyası ortaq əlifba çalıştayı"nda (seminar) mühüm qərar qəbul edilib. Türk Dil Qurumu və TDT-nin əməkdaşlığı çərçivəsində türk dövlətlərindən olan alimlərin iştirakı ilə gerçəkləşən seminarda ortaq əlifbaya keçidin sürətləndirilməsinin və tətbiqinin genişləndirilməsinin vacibliyi bir daha vurğulanıb. Seminarda Türk Dövlətləri Təşkilatı nəzdində Ortaq Əlifba Komissiyasının yaradılması qərarı qurum tarixində bir ilk olub. Bu, həm də bütün Türk dünyası üçün önəmli bir qərardır. Bu ilin 28-29 may tarixlərində artıq Astanada Türk Dünyası Birgə Əlifba Komissiyasının ilk iclası keçirildi.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan türk ölkələrinə ortaq əlifbanın tətbiqini təklif etmişdir. Bu barədə noyabrın 3-də Türk Dövlətləri Təşkilatının X Astana sammiti zamanı qeyd edilib. Artıq təklif Türk Dövlətləri Təşkilatının katibliyinə təqdim olunub. Türkiyə lideri təklifin təşkilat tərəfindən diqqətlə nəzərdən keçiriləcəyinə ümid etdiyini bildirib. Göründüyü kimi, türkdilli ölkələr ortaq əlifbanın reallaşması üçün əsaslı addımlar atır. Bu, həm də tarixi sosial sifarişdir.

Onu da qeyd edək ki, ortaq türk əlifbasının yaradılması məsələsi hələ 1926-cı ildə keçirilən I Türkoloji Qurultayda qaldırılmışdı. Üstündən təxminən bir əsr keçdikdən sonra türk dövlətlərinin bu istiqamətdə fəaliyyətə başlaması əlamətdar hadisədir. Ortaq türk əlifbasının yaradılması və onun hansı keyfiyyətlərə malik olacağı ilə bağlı fikirlər müxtəlifdir. Mövzunun aktuallığını nəzərə alaraq respublikanın tanınmış dilçi alimlərinin məsələ ilə bağlı rəy və təkliflərini oxuculara təqdim edirik.

Azərbaycan Atatürk Mərkəzinin direktoru, Milli Məclisin deputatı, akademik Nizami Cəfərov:

- Türk xalqlarının latın əlifbasına keçidi bir zərurətdir. Türkiyədən sonra 90-cı illərin əvvəllərində postsovet məkanındakı türklər - Azərbaycan, Türkmənistan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan da müstəqillik qazandılar. Bu müstəqil respublikalar latın əlifbasına keçməyi qarşılarına məqsəd qoydular. Lakin yalnız Azərbaycan və Türkmənistan bunu etdi. Özbəkistanda isə bu sahədə müəyyən addımlar atıldı. Qazaxıstan və Qırğızıstanda isə hələ də rus dilinin təsiri kifayət qədər güclüdür. Bütün bunlara baxmayaraq, qazaxlar da latın əlifbasına keçməyi planlaşdırır, dövlət və parlament səviyyəsində bununla bağlı məsələlər müzakirə olunur. Hazırda əsas məsələ qazaxların və qırğızların latın əlifbasına keçməsidir. Türk Dövlətləri Təşkilatının Astanada baş tutan sammitində Türkiyə tərəfi məsələ ilə bağlı mövqeyini bildirdi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bir daha qloballaşan dünyada türklərin inteqrasiyası üçün latın əlifbasına keçməyin vacibliyini vurğuladı. Bu, birinci şərtdir. Yəni hələ ortaq əlifbadan söhbət getmir. Latın əlifbasına keçmək istər-istəməz, ilk mərhələdə müəyyən qədər fərqlər olsa da, bu əlifbalar əsasında formalaşacaq. İkinci mühüm məsələ isə əlifbanın unifikasiyasıdır. Yəni ortaq əlifba hamıya uyğun olmalıdır. Əgər hər hansı türk dilində oxşar bir səs varsa, məsələn, a səsi bu, bütün türk dillərində eyni işarə ilə göstərilsin. İndi Türkiyə türkcəsinin əlifbası ilə Azərbaycan əlifbası çox yaxındır. Amma burada da müəyyən kiçik fərqlər var ki, ortadan qaldırılmalıdır. Şübhəsiz, bütün türk dövlətləri latın əlifbasına keçəndə fərqlər daha çox olacaq. Məsələn, bəzi türk dillərində "ya", "yu", "ye" kimi rus kiril əlifbasından olan bu hərflər, bu işarələr də qəbul olunub. Biz Türk Dövlətləri Təşkilatının Astanadakı sammitindən bir neçə gün qabaq Almatıda toplantı keçirdik. Əl Fərabi Universitetində bu mövzu ilə bağlı geniş müzakirə apardıq. Bir məqamı da qeyd edək ki, ortaq türk əlifbası yaradılarkən süni şəkildə bütün türk dillərinin səslərini, o cümlədən danışıq səslərini, fonemlərini ümumiləşdirmək olmaz. Yəni tam mütləq bir ortaq, hər bir işarəsi, hər bir türk dilində olan bir əlifba tərtib etmək olmaz. Ona görə ki, türk dillərinin differensasiya tarixi var. Düzdür, uyğun işarələr 90 faizdən də artıqdır, amma hər halda az da olsa fərqli işarələr var. Məsələn, bir dildə "ə" səsi var, birində yoxdur. Biz istəsək də, istəməsək də dilləri bir-birindən fərqləndirməliyik. Ortaq əlifba bütün türk dillərində olan işarələrin ortaqlığı nəzərə alınmaqla ayrı-ayrı türk dillərində olan işarələrin cəmindən ibarətdir. Bunun ardınca terminologiyada unifikasiyaya çalışmaq da inteqrasiyanı təmin edəcək.

Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru Sevinc Əliyeva:

- Astanada keçirilən görüşdə cənab Prezidentin çıxışını Azərbaycan dilində etməsi bizim üçün örnəkdir. Biz xalqımızın, milli kimliyimizin göstəricisi olan ana dilində çıxışımızla, digər türkdilli xalqın öz dilinə hörmətlə yanaşmasıyla ortaq türk dili, türk əlifbasını yaratmış olacağıq. Bu, tez bir vaxtda yaranacaq. Mən inanıram ki, bu xalqların bir-birinə olan sevgisi, inamı, etibarı əqidə birliyini bir qədər də möhkəmləndirəcək. Çünki ilk növbədə, ölkə başçılarımızın bu məsələyə sevgi ilə yanaşmaları hər bir vətəndaş üçün örnəkdir. Hesab edirəm ki, ortaq türk əlifbası bütün türkdilli xalqların tələffüz və yazı sistemi normaları nəzərə alınmaqla yaradılacaq. Bunun nə zaman reallaşacağı barədə dəqiq fikir söyləmək mümkün olmasa da, ziyalılarımızın təkliflərini nəzərə almaqla mükəmməl əlifba yaratmaq olar. Çünki bu əlifba türkdilli xalqlara layiqli töhfə olacaq. Bəzən hər bir şəxsin subyektiv danışıq üslubundan irəli gələrək qismən anlaşılmazlıq ola bilər. Amma mən əminəm ki, türk xalqlarının nümayəndələri bir-birilərini anlayırlar.

Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun Baş direktoru Nadir Məmmədli:

- Azərbaycanın dil siyasəti dövlətçilik tariximizin ən vacib qoludur. Əlifba siyasətində də qlobal məqsədlər əsas götürülür və hər hansı bir məsələnin həllində bütün cəhətlər nəzərə alınır. Latın qrafikası əsasında ortaq əlifbanın yaradılması türkdilli xalqların tarixini, ədəbiyyat və mədəniyyətini, folklorunu, adət-ənənələrini öyrənməkdə, təbliğ etməkdə böyük rol oynayacaq. Türk dünyası üçün son dərəcə zəruri olan bu problemin həlli bütün ziyalıların, xüsusi olaraq türkoloqların qarşısında təxirəsalınmaz vəzifə olaraq dayanır. XX əsrin əvvəllərindən başlayaraq ortaq türk əlifbası bütün türkdilli dövlətlərin maraq dairəsindədir, çünki ortaq ünsiyyətə gedən yol ortaq əlifbadan başlayır. Ortaq səslər üçün ortaq qrafik işarələr olmalıdır. Türk dilləri genetik-tipoloji cəhətdən eyni olduqları kimi, bəzi fərdi xüsusiyyətlərindən savayı, onların əsas lüğət fondları və qrammatik quruluşları da eynidir. Türk ailəsində birləşən xalqlar üçün ortaq əlifbadan istifadə olduqca vacibdir. XX əsrin 90-cı illərindən sonra türk xalqlarının bir-birinə yaxınlaşması, daha da güclənən türkçülük hərəkatı ortaq türk əlifbasını daha da aktuallaşdırdı, zamanın tələbinə çevirdi.

Türkdilli ölkələr arasında qarşılıqlı anlaşmanı təmin etmək, inteqrasiya proseslərini sürətləndirmək və elmi tədqiqatları daha geniş şəkildə əlaqələndirmək üçün ortaq əlifbanın tətbiqi vacibdir. Türk dillərinin əlifba, orfoqrafik və orfoepik problemlərinin müqayisəli-tipoloji müstəvidə araşdırılmasına türkologiya elmində həmişə maraq olmuş, bu məsələlər siyasi-ictimai əhəmiyyət daşımışdır. Son dövrlərdə, xüsusilə İstanbul, Bursa konfranslarından sonra ortaq əlifba ilə bağlı fikir ayrılıqları olsa da, ünsiyyət dilinə gedən yolda sistemli iş görülmüşdür. Təsadüfi deyildir ki, 2023-cü ildə Qazaxıstanda latın əlifbasına keçmək haqqında qərar verilmişdir. Azərbaycan, Özbəkistan, Türkmənistanın və ardınca Qazaxıstanın da latın qrafikalı ortaq türk əlifbasına keçmək istəyi sevindirici haldır. Bu gün türk liderləri yaxşı başa düşürlər ki, bütün türk xalqlarının gələcəyi, təhlükəsizliyi ortaq türk mədəniyyəti yaratmaqdan asılıdır. Bu yöndə daha çox çalışan Türkiyə və Azərbaycan dövləti olmuşdur və sevindirici haldır ki, bütün türk xalqları dövlət səviyyəsində bu müqəddəs işə qoşulub vahid əlifbanın yaradılması ideyası uğrunda addımlar atmaqdadır.

Ortaq əlifba türk xalqlarının ümumi mədəniyyətini inkişaf etdirməkdə xüsusi əhəmiyyətə malikdir: ortaq əlifbadan istifadə türk xalqlarının mənsubiyyətinin milli dövlətlərin quruculuğu siyasətinin tarixidir. Dil konvergensiyası milli dövlətlərin inkişafının mühüm bir hissəsidir. Milli dil dövlət quruculuğu prosesində mühüm rol oynayır. Əlifba hər bir xalqın varlığını, mövcudluğunu təsdiq edən əsas amillərdəndir - ortaq əlifba müstəqil dil siyasətində sosial inkişaf vasitəsidir, türk xalqlarının ümumi mədəniyyətinin inkişafında müstəsna rola malikdir. Türkün böyük, şərəfli tarixi Orxon-Yenisey əlifbası ilə yazılmışdır, indi də ortaq türk əlifbası ilə yazılacaq! Böyük fikir adamı İsmayıl Qaspralının "dildə, fikirdə, işdə birlik!" - düsturu gerçəkləşəcək.

Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunda "Terminologiya" şöbəsinin müdiri Sayalı Sadıqova:

- XX əsrin 90-cı illərində bir-birindən elmi və mədəni, iqtisadi və sosial cəhətdən ayrı düşmüş türk xalqlarının hərtərəfli əlaqələrini bərpa etmək zamanın ən aktual probleminə çevrilmişdir. Hər bir ədəbi dilin, o cümlədən türk dillərinin inkişafında əlifba əvəzsiz rol oynayır. Bütün bunlar nəzərə alınaraq ümumtürk ədəbi dilinin formalaşması və inkişafında türk xalqları üçün ortaq əlifbanın xüsusi əhəmiyyəti qeyd edilmişdir. Latın qrafikası əsasında ortaq əlifbanın yaradılması ortaq türk ədəbi dilinin meydana gəlməsini reallaşdırır və türkdilli xalqların tarixini, ədəbiyyat və mədəniyyətini, folklorunu, adət-ənənələrini öyrənməkdə, təbliğ etməkdə böyük rol oynayır. Türk dünyası üçün son dərəcə zəruri olan bu problemin həlli bütün ziyalıların, o cümlədən türkoloqların qarşısında mühüm vəzifə idi. 1993-cü ilin mart ayında Türkiyənin Ankara şəhərində keçirilən konfransda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə və Türkmənistan nümayəndələrinin iştirakı ilə ortaq əlifba layihəsinin hazırlanması tövsiyə edilmişdir.

Ümumtürk əlifbasını tərtib etmək məqsədilə Türkiyədə dəfələrlə tədbirlər keçirilmiş, bütün türkdilli xalqların ziyalılarının iştirakı ilə müzakirələr aparılmışdır. Əlifbaların yaranma tarixini, mənşəyini geniş təhlil edən tədqiqatçılar türk xalqlarının fonemlər sisteminin xüsusiyyətlərini nəzərə alaraq yeni əlifba layihəsini hazırlamışlar. Bu layihə geniş və ətraflı müzakirə edilmişdir. Türk xalqları üçün ortaq əlifba yaradılmasına dövlət səviyyəsində əhəmiyyət verilir. Hər bir fonem türk dillərində xüsusi əhəmiyyət kəsb edir. Türk dillərində fəal iştirak edən, "sağır nun" fonemi fonemlər sistemində funksionallığı ilə seçilir. Söz kökündə və şəkilçilərdə işlənib öz varlığını möhkəm saxlamış "sağır nun" türk dillərinin xüsusi əlaməti kimi diqqəti cəlb edir. Bu nəzərə alınaraq əlifba layihəsinə "sağır nun" hərfi də daxil edilmişdir.

Ortaq türk dili ideyasının formalaşması zaman tələb edən prosesdir. Süni ortaq dil yaratmaq böyük səhv olar, çünki belə dilin ömrü uzun olmaz. Türk dillərinin ən seçilən və tez qavranılan formalarını seçmə, müqayisə edib tutuşdurma yolunu tətbiq etməklə bu ideyanı reallaşdırmaq mümkündür. Ümid edirik ki, bu istiqamətdə edilən ilk cəhdlər vahid əlifba yaradılması prosesinə böyük təkan olacaqdır.

Nurlan ABDALOV,

Nəzrin ELDARQIZI,

"Respublika".