Türk dünyasının sönməz günəşi
Digər xəbərlər

Türk dünyasının sönməz günəşi

Tarixin yeni səhifələrini yazmaq ancaq dahi insanlara məxsusdur. Dövlətçilik tariximizin lideri, ulu öndər Heydər Əliyev məhz belə şəxsiyyətdir. Xalqını, Vətənini fədakarlıqla, böyük məhəbbətlə sevən, azərbaycanlı olmağı ilə həmişə fəxr edən ulu öndər bütün mənalı ömrünü ölkəmizin müstəqilliyinin qorunmasına, inkişafına və tərəqqisinə həsr edib. Ümummilli lider Heydər Əliyev müasir Azərbaycan dövlətinin qurucusu, müstəqil respublikamızın dünya birliyinə inteqrasiyasının, yeni inkişaf strategiyasının banisi idi. Heydər Əliyev 1993-cü ilin 15 iyununda ölkə rəhbərliyinə qayıtdığı gün Milli Məclisdə etdiyi ilk çıxışında respublikadakı çoxmillətliliyi ölkəmizin sərvəti adlandırmışdı: "Azərbaycan əhalisinin çoxmilli tərkibi bizim sərvətimizdir, üstünlüyümüzdür. Azərbaycanın ən başlıca sərvətlərindən biri qədimlərdən bu torpaqda yaşayan, öz taleyini, öz həyatını bu torpağa bağlayan müxtəlif dinlərə etiqad edən adamlardır. Biz bunu qiymətləndiririk və saxlayacağıq. Dövlət, ölkə nə qədər çox xalqı birləşdirsə, bir o qədər zəngin olur, çünki onların hər biri ümumdünya mədəniyyətinə və sivilizasiyasına öz töhfəsini verir. Azərbaycan onun ərazisində yaşayan bütün millət və xalqların ümumi vətənidir. Azərbaycanlı sözü bizi həmişə birləşdirib".

Tarixi İpək Yolu üzərində, Avropa ilə Asiyanın qovşağında yerləşən Azərbaycan əsrlər boyu fərqli sivilizasiyaların bir araya gəldiyi, milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, müxtəlif millətlərin və konfessiyaların nümayəndələrinin sülh, anlaşma və dialoq şəraitində yaşadığı məkan kimi tanınmışdır. Əlverişli coğrafi şəraiti, təbii imkanlar, münbit və bərəkətli torpaq, ən əsası isə Azərbaycan xalqının səmimiyyəti, mehribançılığı burada ayrı-ayrı etnosların birlikdə yaşamasını şərtləndirmişdir. Bu birgəlik tarixdən bu günümüzə genişlənərək heç kimin milli-mənəvi baxımdan assimilyasiyası ilə nəticələnməmiş, əksinə, dini və milli-etnik mənsubiyyətindən asılı olmayaraq hər kəs mövcud mədəni zənginlikdən bəhrələnmişdir.

Dünyanın ən böyük mənəvi ehtiyacı qarşılıqlı şəfqət, xeyirxahlıq, anlaşma və dialoqdur. Bu dəyərlərin hamısı son tikəsini qonşusu, qonağı ilə bölüşəcək qədər alicənab və xoşniyyətli olan Azərbaycan xalqının mənəviyyatında təşəkkül tapmışdır. Bu gün dünyanın dörd yanından tədqiqatçıların, siyasilərin, dövlət adamlarının dialoq yollarını qovuşdurmaq, mədəniyyətləri paylaşmaq üçün bu torpaqda bir araya gəlməsi təsadüfdürmü? Əlbəttə, deyil. Çünki tariximizdə zamanın sınağından keçmiş bir mənəviyyat qatı var. Ölkəmizdə mövcud olan dəyərlərin qaynağı da bu qatdadır.

Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti, xilaskarlıq missiyası, Azərbaycanın müstəqilliyinin bərpası və möhkəmləndirilməsindəki xidmətləri danılmazdır. Nə qədər Azərbaycan var, ulu öndər Heydər Əliyev böyüklüyü yaşayacaq, nəsildən-nəslə ötürüləcək. Azərbaycanı bütün təhlükələrdən xilas edən, dövlət müstəqilliyini fədakarlıqla qoruyub saxlayan Heydər Əliyev 1998-ci ildə Ağdamın Quzanlı qəsəbəsində seçicilərlə görüşündə ağdamlıların fədakarlığını yüksək qiymətləndirərək bildirmişdi ki, Qarabağsız, Ağdamsız Azərbaycan yaşaya bilməz! Ümumimilli lider Ağdamın işğalı ilə bağlı 1998-ci ildə Milli Məclisdəki çıxışı zamanı demişdir ki, beş ildir bu əhali ağır şəraitdə yaşayır. Ağdam 1993-cü il 23 iyulda əldən getməyib. Ağdam 6 ay ondan əvvəl də boş idi. Amma orada dözüb qalan cəsarətli, qeyrətli adamların hesabına Ağdam o günə kimi işğal olunmayıb. Ağır şərtlər altında yaşayan ağdamlılar böyük hörmətə layiqdirlər. Ayrı-ayrı mafioz qruplar haqqında deyilən sözlər Ağdam və Qarabağ əhalisinə aid ola bilməz. Ağdam Azərbaycanın ən gözəl guşəsidir. İnsanların əsrlər boyu yaşadığı qüdrətli bir yerdir. Ağdam bizim hamımız üçün əziz və müqəddəs şəhər və rayondur.

Ötən əsrin 70-80-ci illərində Ağdam rayonu çox sürətlə inkişaf edirdi. Çünki ulu öndər tez-tez bu rayona səfər edir, Ağdamın həm də sənaye şəhərinə çevrilməsi üçün çox diqqət ayırırdı. Həmin dövrdə Ağdamda onlarla zavod, fabrik, xalça emalatxanaları fəaliyyət göstərib. Görkəmli dövlət xadimi Heydər Əliyev sadə zəhmət adamları ilə ünsiyyətdə olmağı daha üstün sayıb. Adi, sadə kəndli ailəsindən olan pambıqçı və üzümçü qızlar onun qayğısı sayəsində ən yüksək fəxri adlara layiq görülüb, cəmiyyətdə hörmət qazanıb, ailə səadətinə qovuşublar. Bir sözlə, əliqabarlı adamlarla görüşmək Heydər Əliyev xarakterinin ən yaddaqalan cizgiləri, eyni zamanda bir möhtəşəmliyidir. Azərbaycanın təxminən son yarıməsrlik dönəminə diqqətlə nəzər salsaq, gələcəyə istiqamətlənmiş, dayanıqlı inkişafı təmin edən və cəmiyyətin hər bir üzvünün rifahına xidmət edən müdrik və uzaqgörən siyasətin nəticələrini görə bilərik. Bütün bunlar ulu öndər Heydər Əliyevin Vətən üçün sonsuz xidmətləri hesabına başa gəlib. Dahi insan öncə vətənpərvər, Vətənini sevən bir insan, sonra isə böyük dövlət xadimi idi. Heydər Əliyevin "Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam" fikri bu gün kiçikdən-böyüyə hər bir azərbaycanlının dilində zərbi-məsələ çevrilib. 1993-1994-cü illərdə Azərbaycan dövlət müstəqilliyini itirmək təhlükəsi ilə üzləşmişdi. Ulu öndər Heydər Əliyev bütün təqibləri, təhdidləri, təzyiqləri, dövlət çevrilişinə cəhdləri mərdliklə dəf etdi. Xalq bu gəlişi böyük ümid və ruh yüksəkliyi ilə gözləyirdi. Lakin iqtidar, ondan hakimiyyət bölgüsü gözləyən müxalif qüvvələr Heydər Əliyevin Bakıda qalmasına hər cür maneə törətdilər və o, doğma diyarı Naxçıvana getməli oldu. Heydər Əliyev iyulun 22-də Naxçıvanın "Azadlıq" meydanında 80 mindən çox insanın iştirakı ilə keçirilən izdihamlı mitinqdə çıxış etdi. Xalqın nümayəndələri ilə görüşlər keçirdi, xalqı azadlıq, müstəqillik uğrunda sonacan mübariz olmağa çağırdı. Azərbaycan SSR və Naxçıvan MSSR Ali sovetlərinə deputat seçildi. O, müdrik, uzaqgörən siyasəti ilə xalqın azadlıq mübarizəsini istiqamətləndirdi. 1990-cı il noyabrın 17-də Naxçıvan parlamentinin onun sədrliyi ilə keçirilən sessiyası Muxtar Respublikanın adından "sovet sosialist" sözlərinin götürülməsi, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının dövlət bayrağı kimi qəbul edilməsi və bu barədə Azərbaycan parlamenti qarşısında qanunvericilik təşəbbüsü qaydasında məsələ qaldırılması haqqında tarixi qərar qəbul etdi. Bundan bir qədər sonra Azərbaycan Respublikasının Ali Soveti 1991-ci il oktyabrın 18-də keçirilən iclasında "Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktını qəbul etdi. Ümumiyyətlə, 1993-cü il çox keşməkəşli, ziddiyyətli, təhlükəli il kimi yaddaşlarda qaldı. Həmin il iyun ayının 4-də Gəncə şəhərində silahlı üsyan baş verdi. İqtidarda olan Azərbaycan Xalq Cəbhəsi sabitlik yaratmağı, üsyançıların qarşısını almağı bacarmadı. Cəbhəçilərin hakimiyyəti nicat yolunu Heydər Əliyevdə gördü və ulu öndər doğma xalqını qardaş qırğınından xilas etmək üçün həyatını təhlükəyə ataraq Gəncə şəhərinə getdi, real vəziyyəti öz gözləri ilə gördü. 1993-cü il oktyabrın 3-də xalqımız Heydər Əliyevi alternativ əsasda səs çoxluğu ilə Azərbaycan Respublikasının Prezidenti seçdi. Bu seçkilər bütün Azərbaycan xalqının Heydər Əliyevə böyük ümidlər bəslədiyini bir daha nümayiş etdirdi.

Ölkəmiz uzun illər Ermənistanın işğalından, törətdiyi hərbi cinayətlərdən əziyyət çəkib. 1992-ci il və 1993-cü ilin may ayına kimi havadarlarına arxalanan düşmənin azərbaycanlıların taleyinə vurduğu ağır zərbə, torpaqların zəbt edilməsi, şəhər və kəndlərin əsarətdə qalması, dinc insanların öz dədə-baba yurdlarından didərgin düşməsi Azərbaycanı humanitar fəlakətlə üz-üzə qoymuşdu. Yenicə müstəqilliyini bərpa edən ölkəmizə qarşı başlanan bu aqressiya təhlükəli bir həddə çatmışdı. Məhz həmin vaxt qardaş Türkiyə Azərbaycanı təklənməyə qoymadı, onun yanında dayandı, kömək əlini uzatdı və heç bir tərəddüd etmədən Ermənistanla sərhədlərini bağladı. Əslində qardaşlığı əks etdirən bu cür təqdirəlayiq hadisələr, qiymətli nümunələr, həyatın içindən gələn örnəklər daha çoxdur. Ağır durumda olan Naxçıvana Türkiyədən ümid yolu açıldı. Sonra 2020-ci ildə Azərbaycan ən çətin sınaq qarşısında dayandı, Ermənistanın hərbi təcavüzünə son qoyulması üçün cəbhə bölgəsində silahlar işə düşdü. Həmin çətin illərdə sözün əsl mənasında qardaş-qardaşa qucaq açdı, ruhumuz birləşdi, könüllərdəki həsrətə son qoyuldu. Həyatın bütün sahələrində sarsılmaz bağlar yarandı, əlaqələr daha da genişləndi.

Dövlətçilik tariximizin lideri, ulu öndər Heydər Əliyev xalqını, Vətənini fədakarlıqla, böyük məhəbbətlə sevirdi. Azərbaycanlı olmağı ilə həmişə fəxr edən ulu öndər bütün mənalı ömrünü dövlətimizin müstəqilliyinin qorunmasına, ölkəmizin inkişafına və tərəqqisinə həsr edib. Xalqımızın görkəmli oğlu Heydər Əliyevin hakimiyyətə qayıtdığı 1993-cü il iyunun 15-i Azərbaycan tarixinin ən parlaq səhifəsi kimi yaddaşlara əbədi həkk olunub. Azərbaycan torpaqlarının işğala məruz qaldığı, ölkənin parçalanmaq təhlükəsi ilə üzləşdiyi, vətəndaş qarşıdurmasının yarandığı bir vaxtda ümummilli lider xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdaraq siyasi hərc-mərcliyə son qoydu, onun gərgin zəhməti və dühası hesabına respublikada siyasi sabitliyə nail olundu. Həmin tarixdən sonra ölkənin ictimai-siyasi, sosial-iqtisadi, hərbi və mədəni həyatında əsaslı dönüş başlandı, əmin-amanlıq bərqərar oldu.

Dahi şəxsiyyət Heydər Əliyevin təməlini qoyulduğu iqtisadi, siyasi, sosial və mədəni inkişaf xətti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Uğurlu inkişaf modelinə uyğun olaraq Azərbaycanın dünyanın qabaqcıl, aparıcı dövlətləri sırasında tutduğu mövqe hər il daha da möhkəmlənir. 2003-2023-cü illər ərzində möhtərəm Prezidentimizin rəhbərliyi ilə ölkəmizdə tarixi nailiyyətlər qazanılıb. Azərbaycan qüdrətli dövlətlər sırasına daxil olub, ölkəmizin siması başdan-başa dəyişilib. "Mən Azərbaycan xalqının dəstəyini hiss etmişəm və hiss edirəm. Bu dəstək mənə güc verir. Mən bu dəstəyə arxalanıram və xalqı bir daha əmin etmək istəyirəm ki, bundan sonra da xalqa və Vətənə ləyaqətlə xidmət edəcəyəm". Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti, xilaskarlıq missiyası, Azərbaycanın müstəqilliyinin bərpası və möhkəmləndirilməsindəki misilsiz xidmətləri tariximizin ən şərəfli səhifələrindən biridir. Heydər Əliyev elə bir şəxsiyyətdir ki, əsrlər keçəcək, lakin o, unudulmayacaq. Çünki gəncliyindən ömrünün sonuna qədər xalqının, Azərbaycanın inkişafı üçün çalışıb. Hər kəsə qayğı ilə, hörmətlə yanaşıb. Uşaqlar da, gənclər də, qocalar da bu dahi şəxsiyyətin məhəbbətini öz üzərlərində hiss ediblər. Buna görə də onu hamı sevir. Heydər Əliyev kimi insanlar heç vaxt ölmürlər. Heydər Əliyevin ideyaları əbədi yaşayır, qalib gəlir.

Natiq CAVADOV,

Ağdam Dövlət Sosial-İqtisadi

Kollecinin direktoru,

iqtisad üzrə elmlər doktoru, professor.