Türkdilli xalqların birlik və həmrəyliyində müstəsna xidmətlər
Siyasət

Türkdilli xalqların birlik və həmrəyliyində müstəsna xidmətlər

Vətənə, xalqa sədaqətli xidmət nümunəsi olan ömrün anları

XX yüzilliyin 60-cı illərinin sonunda Heydər Əliyevin ömür yolunda yeni, daha geniş, çoxşaxəli, qaynar fəaliyyət dövrü başlandı.

Xalq bütünlüklə Azərbaycanın ümumi yüksəlişi üçün səfərbər olundu. Həmin illər Sovet Azərbaycanının tarixinə ən parlaq quruculuq dövrü kimi daxil oldu və bütün sahələrdə yüksəliş baş verdi.

Heydər Əliyevin uzaqgörən siyasəti, müdrik və səriştəli rəhbərliyi nəticəsində Azərbaycan o zaman Sovet İttifaqında qabaqcıl pambıqçılıq və üzümçülük diyarına çevrildi. Kənd zəhmətkeşlərinin sosial-iqtisadi vəziyyəti əsaslı surətdə yaxşılaşdı.

Müasir Azərbaycan dövlətçiliyinin qurucusu və banisi, ümummilli lideri Heydər Əliyevin siyasi-ideoloji fəaliyyəti Azərbaycanla məhdudlaşmayıb bütövlükdə türk dünyasını əhatə edir. Fenomen şəxsiyyətin türk dünyası ilə bağlı gördüyü işlər, irəli sürdüyü ideyalar mükəmməlliyi, perspektivliliyi ilə böyük tarixi əhəmiyyətə malikdir. Heydər Əliyev türk dövlətləri ilə əlaqələrin müfəssəl proqramını vermişdir. Türkdilli xalqların inteqrasiyası yolunda böyük öndərin müəllifi olduğu təşəbbüslər bu gün geniş coğrafiyada əməkdaşlığa meydan açıb.

Türk dünyasının ötən əsrdə yetişdirdiyi dahi şəxsiyyətlər - Mustafa Kamal Atatürk və Heydər Əliyev kimi liderlərin hadisələrin gedişinə əhəmiyyətli dərəcədə təsir göstərə bilmək bacarıqlarını, dünya tarixinə yeni parlaq səhifələr yazmaq istedadlarını xüsusi qeyd etmək lazımdır. Uca Tanrının ona bəxş etdiyi nadir keyfiyyətlər sayəsində ümummilli liderimiz Heydər Əliyev tarixi hadisələrin gedişini öncədən görə bilmiş, olduqca böyük əhəmiyyət daşıyan qərarlar qəbul edərkən əsl vətənpərvərlik mövqeyi nümayiş etdirmişdir. Türk xalqlarının birliyini möhkəmləndirmək, mənəvi körpüləri qorumaq, milli kökə qayıdış, ortaq dəyərlərimizi birləşdirmək ulu öndər Heydər Əliyevin fəaliyyətinin əsas məqsədlərindən olmuşdur.

Azərbaycanın siyasi rəhbərliyinə qayıtdığı gün ümummilli lider Heydər Əliyev 1993-cü ilin 15 iyununda Ali Sovetdə proqram xarakterli çıxışında xarici siyasətin önəmli istiqaməti kimi türkdilli dövlətlərlə işbirliyini qeyd etmişdir: "Xarici siyasət sahəsində görüləsi işlər çoxdur. Birinci növbədə, yaxın qonşularımızla sıx münasibətlər yaradılmalıdır. Bu baxımdan, Türkiyə ilə əlaqələr, şübhəsiz ki, önəmli yer tutur. Eyni zamanda, keçmiş Sovetlər İttifaqına daxil olan türkdilli ölkələrlə əlaqələrimiz sürətlə inkişaf etməlidir. Bizim bu dövlətlərlə əlaqələrimiz uzun illər çox yaxın olub. Bu əlaqələri qırmaq olmaz, əksinə, inkişaf etdirmək lazımdır". Bu siyasət türkdilli xalqların inteqrasiyasında səmimi dostluğu və qarşılıqlı faydalı tərəfdaşlığı ehtiva edirdi. İnteqrasiya sözdə yox, əməldə olmalı və həmin müstəvidə hər türkdilli dövlət öz yerini tapmalı, potensial imkanları ilə bu həmrəyliyə praktik töhfə verməli idi.

Türkdilli xalqların inteqrasiyası ulu öndər Heydər Əliyevin daim diqqətdə saxladığı mövzulardan olub. Ulu öndər vurğulayırdı ki, bizim köklərimiz bir dilə, bir mənəviyyata, bir dinə bağlı olduğuna görə çox dərindir və mənəvi dəyərlərimiz tarixin bütün mərhələlərində nə qədər çətinliklərlə üzləşsə də inkişaf edib. İndi isə türkdilli xalqların müstəqil dövlətləri olduğuna və bizim əlimizdə böyük imkanlar yarandığına görə bu prosesləri gücləndirə, daha da mütəşəkkil edə bilərik. Ulu öndər Heydər Əliyev 1994-cü ilin 18 oktyabrında türk dövlət başçılarının İstanbul sammitində türk birliyi məfhumunun vacibliyini çox dəqiq izah etmişdi: "Ötən müddətdə Azərbaycan tərəfinin buraxdığı səhvlər nəticəsində Azərbaycanın Qazaxıstanla, Özbəkistanla, Türkmənistanla, Qırğızıstanla əlaqələri çox zəif olub. Bildirmək istəyirəm ki, Azərbaycan bu əlaqələrin gücləndirilməsinə çalışır və çalışacaqdır. Bizim əməkdaşlığımız zamanın hökmüdür. Bizim əməkdaşlığımız xalqlarımızın, ölkələrimizin tarixi kökləri, əsrlər boyu toplanmış adət-ənənələrinin birliyi, dil birliyi və fəaliyyət birliyi əsasında qurulub. Bu, çox böyük əsasdır və biz bu imkanlardan səmərəli istifadə etməliyik".

Ulu öndər Heydər Əliyevin bu etirafı onun siyasi lider kimi böyüklüyünün nümayişi idi. Bu bəyanat həm də Azərbaycan rəhbərinin bütün tərəfdaşlar kimi, türk respublikaları ilə də açıq və səmimi münasibət qurmaq niyyətini göstərirdi. Azərbaycan Prezidenti bu təmkinli siyasəti sonrakı müddətdə türk dövlət başçıları ilə keçirdiyi bütün görüşlərdə nümayiş etdirmiş, ortaya çıxan müəyyən anlaşmazlıqları səbirlə aradan qaldıraraq qarşılıqlı münasibətlər üçün müsbət zəmin yaradılmasına çalışmışdır. O, türk dövlət başçılarının 1994-2001-ci illərdə keçirilmiş 6 sammitinin hər birində iştirak edərək formatın gələcək inkişaf meyarlarına böyük təsir göstərmişdir.

İstər sovet, istərsə də müstəqillik dövründə Azərbaycana rəhbərlik etdiyi illərdə ulu öndər Heydər Əliyev türkdilli xalqlar arasında ədəbi-mədəni əlaqələrin genişləndirilməsi və möhkəmləndirilməsi sahəsində də əvəzsiz xidmətlər göstərmişdir. Ağır sovet sistemi şəraitində işləməsinə baxmayaraq, ümummilli liderin fəaliyyətində türk dünyası ilə əlaqələrin qurulması və genişləndirilməsi mühüm yer tutmuşdur. Bu fəaliyyət mövcud şəraitə uyğun olaraq ehtiyatla, məharətlə və uğurla həyata keçirilmişdir. Məhz ümummilli liderin sayəsində Azərbaycan ilə qonşu türkdilli respublikalar, o cümlədən Özbəkistan, Qazaxıstan, Başqırdıstan və s. ölkələr arasında ədəbi-mədəni əlaqələr inkişaf etmiş, mədəniyyət günləri, yubileylər, konsertlər və digər tədbirlər keçirilmişdir. Bütün bu tədbirlər xalqların bir-birinə yaxınlaşmasında, milli oyanışında mühüm rol oynamışdır.

Türk dünyasının gələcəyi ilə bağlı Heydər Əliyevin baxışlar sistemində türk dövlətləri ilə əlaqələr, türk dövlətlərinin müstəqilliyinin müdafiəsi, mövcud imkanlar çərçivəsində türk dünyasının birliyinin təmin olunması, Azərbaycanın iqtisadi, siyasi, ictimai problemlərinin həllində türk dünyasının imkanlarından istifadə edilməsi, türk dünyasının beynəlxalq nüfuzunun daha da gücləndirilməsi mühüm yer tutur. Heydər Əliyev bu məqsədlərin həyata keçirilməsində Türkiyə Cümhuriyyətinin rolunu həmişə yüksək qiymətləndirmişdir. Tarixi-siyasi, dini, milli-mənəvi köklərə bağlı olan Azərbaycan-Türkiyə münasibətlərinin bütün sahələrdə sürətli inkişafı Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir", Heydər Əliyev isə "Biz bir millət, iki dövlətik" tezislərinə əsaslanmışdır.

Ulu öndər Heydər Əliyev dövrün və zamanın gərdişini gözəl bilən dövlət rəhbəri kimi ümumtürk həmrəyliyinin təmin olunmasında böyük rol oynamışdır. Bu gün ümummilli liderin adı bütün türk dünyasında hörmətlə anılır, türk dövlətlərinin inteqrasiyasında rolu məmnunluqla qeyd olunur. Türkdilli ölkələrin siyasi fəallığı dünya siyasətinin gündəliyinin müəyyən edilməsinə getdikcə daha çox təsir göstərir. Şərq və qərb sivilizasiyaları arasında mənəvi körpü rolunu oynamış türkdilli xalqlar yenidən mütəşəkkil qüvvə kimi çıxış etməyə başlamışdır. Türkdilli xalqların inteqrasiyası yolunda ümummilli liderimiz Heydər Əliyevin müdrik siyasəti hazırda möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Mustafa KAMAL,

"Respublika".