Türkiyə sülhə töhfə vermək üçün üzərinə düşəni edir
Siyasət

Türkiyə sülhə töhfə vermək üçün üzərinə düşəni edir

Sentyabrın 19-da üçtərəfli Bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin qanunsuz birləşmələrinin tərk-silah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirləri keçirildi. Rəşadətli Azərbaycan Ordusu qarşısında tab gətirə bilməyən Qarabağdakı Ermənistan silahlı qüvvələrinin birləşmələri və separatçılar ağ bayraq qaldıraraq təslim oldular.

Şərtlərə görə, Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri silahı yerə qoymalı, döyüş mövqelərindən və hərbi postlardan çıxmalı və tam şəkildə tərk-silah olunmalı idilər. Sevindirici haldır ki, artıq Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır və paralel şəkildə bütün silah-sursat və ağır texnika təhvil verilir.

''Türkiyə və Azərbaycan Ermənistana 3 ildir ki, sülh əlini uzadır. Amma bu illər ərzində Ermənistan heç bir addım atmadı. Türkiyə də sülhə töhfə vermək üçün üzərinə düşəni edir. Ermənistan üç il ərzində iki dəfə ağ bayraq qaldırmasına baxmayaraq, bir dərs çıxarmadı. Azərbaycan məcburi lokal antiterror tədbirləri aparmalı oldu. Bu tədbirlər zamanı da Azərbaycan dinc əhaliyə davranış qaydası ilə bütün dünyaya humanistlik dərsi verdi''. Bu fikri açıqlamasında Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, ehtiyatda olan general Yücel Karauz deyib. Onun sözlərinə görə regionda olan qanunsuz erməni silahlı birləşmələrin silahlarını təhvil verməsi, Qarabağın erməni əsilli vətəndaşları ilə görüşlərin keçirilməsi mühüm hadisələrdir. Əgər bir dövlət iki dəfə ağ bayraq qaldırıbsa, vəziyyəti dəyərləndirməli və başqalarının regiondakı mənfəətlərinə özünü alət etməməlidir.

"Bu gün Azərbaycan bayrağı Xocalıda dalğalanır. Və Azərbaycan Ordusu ermənilər kimi Xocalıya xaos, qan, zülm və ölüm deyil, sülh və əmin-amanlıq gətirmək üçün daxil olub.  Azərbaycan Ordusu terrorçulara qarşı barışmaz, dinc əhaliyə qarşı isə son dərəcə mərhəmətlidir", - deyə general vurğulayıb. İndi Azərbaycanın suverenliyi altında həm Xocalı, həm də Qarabağ üçün daimi sülh və əmin-amanlıq zamanıdır.

Bu günlərdə Naxçıvan şəhərində Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın keçirdiyi tarixi görüşə münasibət bildirən Y.Karauz deyib ki, bu görüş Azərbaycan-Türkiyə qardaşlıq salnaməsinə qızıl hərflərlə həkk olundu. Görüşdə iki ölkə arasında bərpaolunan mənbələrdən istehsal edilən enerjinin ötürülməsi sahəsində, Türkiyənin zəlzələdən əziyyət çəkmiş Kahramanmaraş şəhərində binaların, bağçaların və ibtidai məktəblərin tikilməsi ilə bağlı sənədlər, o cümlədən Qars-Naxçıvan dəmir yolunun inşasına dair niyyət protokolunun imzalanması mühüm hadisədir. İnanıram ki, bu sənədlər Türkiyə-Azərbaycan arasındakı əlaqələrin daha da inkişaf etməsinə xidmət göstərəcək.

''100 il bundan öncə Mustafa Kamal Atatürk Naxçıvan haqqında "Türk dünyasının qapısı" ifadəsini işlədib. Həqiqətən, Naxçıvan bir qapıdırsa, Zəngəzur o qapının dəhlizidir. Hazırda Azərbaycanla yanaşı, Türkiyə də bu dəhlizin bərpası üçün əlindən gələni əsirgəmir. Amma müharibənin hökm sürdüyü bir zamanda dəhlizi təsəvvür etmək bir az çətindir. Çünki həm Zəngəzur, həm də Laçın dəhlizlərini sülh dəhlizi hesab etmək istəyiriksə, bu məsələni münaqişəsiz, səs-küysüz həll etməliyik. Bu bir tarixi faktdır ki, Zəngəzur bölgəsi zamanında süni şəkildə Azərbaycandan alınıb, Ermənistana verilib. Zəngəzur dəhlizi açılacaq. Buna nə İran, nə Ermənistan, nə də başqa ölkələr qarşı çıxa bilməyəcək. Tarixi gerçəkliyə kiminsə gücü yetməyəcək. Mənə elə gəlir ki, Zəngəzur dəhlizi 2024-cü ildən fəaliyyətə başlayacaq. Çünki Azərbaycan hazırda Qarabağ bölgəsini erməni separatçılarından təmizləyir. Təmizləmə işi başa çatdıqdan sora bölgədə bərpa işlərinə başlanacaq", - deyə Y.Karauz bildirib.

Onu da qeyd edək ki, hazırda Azərbaycanla Naxçıvan və Türkiyəni birləşdirəcək dəmir yolu xəttinin Azərbaycan hissəsi inşa edilməkdədir və gələn ilin sonuna tam hazır olacağı bildirilir. Bu dəmir yolu xətti Naxçıvan-Qars xətti ilə birlikdə Orta Dəhlizin mühüm halqasına çevrilməklə Şərqlə Qərb arasında ticari-iqtisadi inteqrasiyaya böyük töhfələr verəcək. Zəngəzur və Naxçıvandan keçən kommunikasiya xətləri Türkiyə ilə Azərbaycanı bir-birinə daha da çox bağlayacaq.

Esmira Yazkan ASLANOVA,

''Respublika'' qəzetinin

Türkiyə üzrə müxbiri.