Türkiyənin Baş prokuroru Bəkir Şahin Azərbaycanda səfərdədir
Digər xəbərlər

Türkiyənin Baş prokuroru Bəkir Şahin Azərbaycanda səfərdədir

Bakıda keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Baş prokurorlarının 4-cü iclasında iştirak etmək üçün Baş prokuror Kamran Əliyevin dəvətilə Türkiyənin Baş prokuroru Bəkir Şahin ölkəmizə rəsmi səfərə gəlib.

Baş Prokurorluqdan verilən məlumatda bildirilir ki, bu gün Kamran Əliyevlə türkiyəli həmkarı arasında keçirilən görüş zamanı iki dövlət arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafının dövlət başçıları İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın birgə ciddi səyləri və sarsılmaz siyasi iradələri sayəsində strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi qeyd olunub.

Kamran Əliyev qonaqlara ölkəmizdə həyata keçirilən hüquq islahatları çərçivəsində prokurorluq orqanlarının fəaliyyətinin müasirləşdirilməsi istiqamətində aparılan köklü islahatlar barədə məlumat verib.

Səmimi qəbula görə öz təşəkkürünü bildirən nümayəndə heyətinin rəhbəri Bəkir Şahin təmsil etdiyi qurumun Azərbaycan ilə əlaqələrin inkişafına böyük önəm verdiyini bildirib.

Görüşdə cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq üzrə faydalı fikir mübadiləsi aparılaraq, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyətin səmərəliliyi ətrafında müzakirələr aparılıb.

Görüşdə, həmçinin Türkiyənin ölkəmizdəki səfiri Cahit Bağcı iştirak edib.

Ülvi QARAYEV,

“Respublika”.