Türkün birliyindən qorxan adı “qoca
Siyasət

Türkün birliyindən qorxan adı “qoca", özü “infantil" qitə

Oktyabrın 6-da Azərbaycan Prezidenti İlham Əliyevin İspaniyanın Qranada şəhərində Ermənistan baş naziri Nikol Paşinyan, Fransa Prezidenti Emmanuel Makron, Almaniya kansleri Olaf Şolts və Avropa İttifaqı Şurası Prezidenti Şarl Mişellə görüşü gözlənilirdi. Amma dövlət başçımız İspaniyaya səfərdən və görüşdən imtina edib. Məsələ ondadır ki, Azərbaycan görüşdə Türkiyənin iştirakını təklif etmişdi və bunda israr edirdi. Lakin buna imkan verilmədi. Xüsusilə, Fransa və Almaniyanın Azərbaycana qarşı tutduğu mövqe, o cümlədən Fransa XİN başçısının İrəvana səfəri, ölkəmizə qarşı ədalətsiz, regionda münasibətləri gərginləşdirən açıqlamaları görüşü mümkünsüz etdi.

Həmçinin Fransa XİN başçısının Ermənistanla hərbi əməkdaşlığın genişləndirilməsi, silah-sursat veriləcəyi haqda bəyanatı, Şarl Mişelin Azərbaycanı ittiham edən açıqlaması görüşün müqəddəratını həll etdi. Aydın məsələdir ki, beynəlxalq ictimaiyyət sülh istəsəydi, Türkiyənin görüşdə iştirakında maraqlı olardı. Amma görünür, qərb bunun reallaşmasına can atmır. Qoca qitə təmsilçiləri onu da unudurlar ki, Türkiyə ilə Azərbaycan birgə hərəkət edir, hər iki ölkənin də rəhbərləri kənar gücləri regiona buraxmaq niyyətində deyillər. Liderlər hər zaman bəyan ediblər ki, Cənubi Qafqazla bağlı məsələlər regional çərçivədə həll edilməlidir. Elə bu məqsədlə də İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin imzalanması üçün 3+3 formatını irəli sürüblər. Dövlət başçılarının bu formatın tərəfdarı olmasının isə kifayət qədər səbəbləri var. Belə ki, Bakı və İrəvan arasındakı sülh danışıqlarında vasitəçilik etmək istəyən ölkələr Azərbaycana qarşı qərəzli mövqeyi ilə seçilirlər.

Məsələn, sentyabrın 14-də ABŞ Senatının Xarici Əlaqələr Komitəsində Qarabağdakı vəziyyətlə bağlı dinləmələr keçirilib. ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini vəzifəsini icra edən Yuri Kim senator Pat Rikettsin suallarını cavablayıb. O bildirib ki, ölkəsi Ermənistana müdafiə və təhlükəsizlik sahəsində məqbul olan dəstəyi verməlidir ki, İrəvan istədiyi dönüşü etsin. ABŞ Senatında Azərbaycan rəhbərliyinin ünvanına da dəfələrlə ittihamlar səsləndirilib. 2020-ci ildə erməni Nadine Arslaniyanla evlənən, hazırda korrupsiya qalmaqalına görə istintaq altında olan senator Bob Menendez bu məsələdə xüsusi fəallıq göstərib. Oktyabrın 5-də isə Avropa Parlamenti Azərbaycana qarşı sanksiyaların tətbiq edilməsini tələb edən qətnamə qəbul edib. Qurum Avropanın icra hakimiyyəti orqanlarını, eləcə də ittifaqa üzv olan ölkələri Azərbaycan hökumətinin nümayəndələrinə qarşı məqsədyönlü məhdudiyyətlər tətbiq etməyə çağırıb. Bununla da, Avropa Parlamenti ənənəsinə sadiq qalaraq beynəlxalq hüququn prinsiplərini deyil, qərəz və ikili standartları seçib. Fransanın destruktiv mövqeyi də hər kəsə məlumdur. Fransa XİN başçısı Ketrin Kolonnanın İrəvana səfəri, İrəvanda ölkəmizə qarşı ədalətsiz, regionda münasibətləri gərginləşdirməyə xidmət edən açıqlamalar verməsi birmənalı qarşılana bilməz. Həmçinin Fransanın baş diplomatının Ermənistanla hərbi əməkdaşlığın genişləndirilməsi, silah-sursat veriləcəyi haqda bəyanatı da açıq-aydın sübut edir ki, Makronun oturduğu masadan sülhün təmin olunmasını gözləmək olmaz. Odur ki, hər zaman qərəzli mövqeyi ilə seçilən Fransanın iştirak etdiyi heç bir format Azərbaycan üçün məqbul deyil. Onlar balansı Ermənistanın xeyrinə pozduqlarına görə vasitəçi ola bilməzlər.

Amma onu da qeyd etmək lazımdır ki, Brüsseldə, Praqada, Kişineuda Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə keçirilirən görüşlərdə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyan arasında nisbətən müsbət atmosfer formalaşmışdı. Buna görə də Ş.Mişelin sülh prosesində iştirakını rəsmi Bakı rədd etmir. Bu səbəbdən də ölkə başçımız Avropa İttifaqı Şurasının rəhbərinin oktyabrın ayının sonunda Brüsseldə üçtərəfli görüşün keçirilməsi barədə təklifinə razılıq verib. Çünki ölkəmiz sülh müqaviləsinin imzalanmasında maraqlıdır. Amma iki ölkə arasındakı sazişin hansı platformada əldə olunacağına da özü qərar verir. Rəsmi Bakı öz ölkəsində başına yumurta, pomidor atılan, yəni xalqından hörmət, etimad görməyən bir liderlə eyni masada oturmağı qəbul etmir. Ona görə də Azərbaycan hökuməti hərtərəfli düşünülmüş addımlar atır. Ermənistan və havadarlarının oyununu uzaqgörənliklə iflasa uğradır.

Jalə QASIMZADƏ,

"Respublika".