Beynəlxalq münaqişələrin həllinə töhfə verilir
Siyasət

Beynəlxalq münaqişələrin həllinə töhfə verilir

Müasir dövrdə geniş vüsət alan qloballaşma prosesi dövlətlər arasında əsasən iqtisadi sahədə olmaqla qarşılıqlı münasibətlərin inkişafı ilə yanaşı, insanların bir-birindən asılılığının artmasına, telekommunikasiya və insan hüquqları sahəsindəki yeniliklər isə fərqli aspektli münaqişələrin meydana gəlməsinə səbəb olur.

Hazırda beynəlxalq sülh və təhlükəsizliyə təhdid yaradan amil qlobal və regional müstəvidə dövlətlər arasında baş verən münaqişələrdir. Müxtəlif tərəflərin hadisələrə fərqli yanaşması bir sıra ziddiyyətli məqamlar formalaşdırır ki, bu da özlüyündə insanlar arasındakı düşmənçilik duyğularının artmasına, qarşıdurma mühitinin yaranmasına gətirib çıxarır. Ümumilikdə münaqişə anlayışı ən geniş mənada tərəflər arasında haqq və mənfəətlərlə əlaqədar olaraq əks istiqamətli fikirlərin və tələblərin mövcudluğunu ehtiva edir. Beynəlxalq münaqişələrin yaranma səbəbləri də bir-birindən fərqlənir. Bu səbəblər "hüquqi" və "siyasi" olaraq iki yerə bölünür. Mübahisə tərəflərinin qarşılıqlı tələblərindən yaranan və bunların beynəlxalq hüquqla tanınmış, qəbul edilmiş əsas prinsiplərə söykənən hüquqi münaqişələrdir. Münaqişəyə səbəb olan digəri isə "siyasi" və ya "mənfəət qarşıdurması" adlandırılır. Bəzi münaqişələr ya dostluq münasibətləri zəminində, ya da məcburi metodlarla həll olunur. Onun sülh yolu ilə həlli fikri hələ beynəlxalq hüquqda güc tətbiqetmə haqqında ümumi qadağanın olmadığı dövrdə formalaşıb. Bununla yanaşı, BMT nizamnaməsində mübahisələrin tamamilə beynəlxalq hüquq və ədalət prinsiplərinə uyğun şəkildə həll edilməsinin vacibliyi məsələsi bütün dünyaya elan edilib. Əfsuslar olsun ki, müasir dövrdə bəzi qütbləşmələr, eləcə də mühüm məsələlərə selektiv yanaşmalar münaqişələrin daha da alovlanmasına gətirib çıxarır. Bunu ölkəmizə yanaşmada istər müharibə, istər postmüharibə dövründə görmək mümkündür. Belə ki, Fransa və bəzi Qərb ölkələri tarixə qovuşmuş Qarabağ münaqişəsinin dondurulmasına çalışırdılar. Amma şər qüvvələr bu istəyinə nail ola bilmədilər. Onların mənfur planı fiaskoya uğradı. Azərbaycan təkbaşına 30 illik işğala son qoydu. Beləliklə, BMT-nin illərdir kağız üzərində qalan qətnamələri yerinə yetirildi.

Vaxtilə ölkəmiz selektiv yanaşma sərgiləyən qüvvələrdən bir yardım görməsə də bu gün aktiv münaqişələrin həllinə töhfə vermək istiqamətində mühüm addımlar atır. Martın 5-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Səudiyyə Ərəbistanına işgüzar səfəri çərçivəsində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının fövqəladə iclasında söylədikləri bunu bir daha təsdiq edir. XİN başçısı çıxışında İsrail-Fələstin münaqişə bölgəsində mövcud vəziyyətin, mülki əhali arasında davam edən itkilərin, Qəzza bölgəsindən insanların didərgin düşməsinin, habelə əhalinin aclıqla üzləşməsinin ciddi narahatlıq doğurduğunu diqqətə çatdırıb. İclas çərçivəsində Azərbaycanın hərbi əməliyyatların təcili şəkildə dayandırılması ilə bağlı çağırışlara qoşulduğu, habelə günahsız insanların itkisinə son qoymaq üçün beynəlxalq ictimaiyyət tərəfindən təxirəsalınmaz tədbirlərin görülməsinin vacibliyi bir daha vurğulanıb. Məlum olduğu kimi, rəsmi Bakı İsrail-Fələstin münaqişəsinin beynəlxalq hüququn normaları, habelə Birləşmiş Millətlər Təşkilatının müvafiq qətnamələri əsasında iki dövlət prinsipi əsasında həll olunmasını bildirib. Eyni zamanda ölkəmiz tərəfindən bu münaqişənin humanitar böhranının aradan qaldırılması istiqamətində də təqdirəlayiq işlər görülür. Belə ki, dövlətimiz Fələstin xalqına humanitar yardımlar edir və BMT-nin müvafiq agentliyinə 2 milyon ABŞ dolları məbləğində maliyyə töhfəsi verib.

Qeyd edək ki, ölkəmiz uzun müddətdir davam edən Rusiya-Ukrayna müharibəsinin də beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq həll yolu tapmasında maraqlıdır. Bəzi ölkələr bu cür məsələlərdə konkret mövqe sərgiləyib, tərəfləri daha ağır nəticələrə sürükləməyə sövq etsələr də, Azərbaycan əsla hansısa dövlətin daxili məsələsinə qarışmır. Əksinə, rəsmi Bakı dünyada sülhün və əmin-amanlığın bərqərar olunması istiqamətində mühüm addımlar atır. Beynəlxalq sülhyaratma missiyalarında iştirak edərək təkcə regionda deyil, dünyada da sülh və təhlükəsizliyin qorunub saxlanmasına çalışır.

Bu yaxınlarda Münxendə 60-cı Təhlükəsizlik Konfransı keçirilib. Əsas müzakirə mövzusu beynəlxalq təhlükəsizlik olan tədbirdə dünyanı narahat edən ən vacib problemlər gündəliyə çıxarılıb. Əldə edilən nəticələr proseslərə kifayət qədər böyük təsir edir. Müxtəlif ölkələrin dövlət başçılarının, regional və beynəlxalq təşkilatların, həmçinin aparıcı beyin mərkəzləri rəhbərlərinin bu platformada iştirak etməsi həm Münxen Təhlükəsizlik Konfransının gücünü, həm də əhəmiyyətini bir daha sübuta yetirir. Artıq yeni dövrdə sərgilədiyi riyakar mövqe və qərəzli yanaşmaları ilə gündəm olan bəzi Avropa təsisatlarından fərqli olaraq Münxen Təhlükəsizlik Konfransı ortaya çıxan qlobal problemlərin, münaqişələrin həlli baxımından da mühüm əhəmiyyət kəsb edir. Azərbaycanın da Konfransın illik görüşlərində mütəmadi olaraq dövlət başçısı və ya digər səviyyələrdə aktiv iştirak etməsi, dövlətimizin dünyada artan strateji əhəmiyyətini daha da artırır.

Nəzrin ELDARQIZI,

"Respublika".