Üçüncü tərəf artıqdır
Siyasət

Üçüncü tərəf artıqdır

Azərbaycan ikitərəfli görüşlərin keçirilməsində maraqlıdır

"Qayıtmaq istəyən hər kəsin belə bir hüququ var. Onların mülkiyyəti lazımi dərəcədə qorunur. Bütün tarixi və dini yerlər lazımınca qorunur. Geri qayıtmaq üçün onlar  müəyyən qaydalara əməl etməlidirlər... qalmaq istəyənlər Azərbaycan vətəndaşlığı üçün müraciət etməlidirlər... Onlar dırnaqarası "dağlıq qarabağ respublikası"nda  yaşadıqlarını deyərək Azərbaycanda yaşaya bilməzlər.  Çünki dırnaqarası "dağlıq qarabağ respublikası" mövcud deyil.  Onlar bunu öz xəyallarında, mifologiyasında uydurublar". Bu fikri  Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 9-da "Euronews"da yayımlanan müsahibəsində bildirib. Dövlət başçısı "Euronews" televiziyası müxbirinin Ermənistan və Azərbaycan  arasında sülh müqaviləsinin  bağlanması ilə bağlı sualına  cavabında həmçinin deyib: "...bu gün Azərbaycanın müxtəlif yerlərində erməni əhalisi heç bir problem olmadan yaşayır".

Dövlət başçısı Xankəndidəki ermənilərlə bağlı mövqeyini dəfələrlə bəyan edib, bu müsahibədə yenidən bunu xatırlatması isə o deməkdir ki, bu məsələdə Azərbaycan israrlıdır və heç bir güzəştə getməyəcək. Son 30 ildə regionda əməkdaşlığa və təhlükəsizliyə ciddi təhdidlər yaradan Ermənistan 44 günlük müharibədə məğlub olub kapitulyasiya aktına imza atsa da, öz təcavüzkar siyasətindən əl çəkmir. Məğlubiyyətini həzm edə bilməyən bu ölkədə bəzi qüvvələr revanşist mövqedən çıxış edir, "bəlkə də qaytardılar" xülyası ilə yaşayaraq müəyyən manipulyasiyalara əl atır, iki ölkə arasındakı şərti sərhədlər boyunca təxribatlar törədir, yalan məlumatlarla beynəlxalq ictimaiyyəti aldatmağa çalışırlar. Ermənistan Azərbaycanın sülh təklifinə məhəl qoymur, onu imzalamaqdan boyun qaçırır. Məğlub ölkənin bu davranışları isə haqlı olaraq qalib Azərbaycanı qane etmir. Azərbaycan regionda davamlı sabitliyə və təhlükəsizliyə nail olmaq, imkanları əməkdaşlığa, iqtisadi inkişafa yönəltmək üçün Ermənistanla sülh müqaviləsinin bağlanmasını, sərhədlərin delimitasiya və demarkasiyasını zəruri hesab edir. Ölkə başçısı hər dəfə bunun qarşı tərəfə daha çox fayda gətirəcəyini vurğulayır.

Ermənistan rəsmiləri müxtəlif ölkələrin və beynəlxalq qurumların iştirakı ilə aparılan danışıqlarda daim Qarabağda yaşayan ermənilərə hansısa "status" verilməsi şərtini irəli sürürlər. Azərbaycan qətiyyətlə bildirir ki, Qarabağda yaşayan emənilərə hansısa bir statusun verilməsindən, ümumiyyətlə, söhbət gedə bilməz. Azərbaycanın Konstitusiya ilə müəyyən olunmuş unitar dövlət quruluşu var və bunun azsaylı etnik topluma görə dəyişdirilməsi qeyri-mümkündür. Qarabağda yaşayan ermənilərlə də Azərbaycan vətəndaşları kimi davranılacaq. Azərbaycan dövləti Qarabağda yaşayan erməni əhalisinin taleyi ilə bağlı heç bir narahatçılığa əsas olmadığını bəyan edir, çünki respublikamız dünyaya tolerantlıq, multikulturalizm nümunəsi göstərir, ölkəmizdə milli-dini ayrı-seçkilik yoxdur. Burada ayrı-ayrı xalqların nümayəndələri dinc, yanaşı şəraitdə yaşayır və bütün hüquqlardan istifadə edirlər. Azərbaycan Qarabağda erməni əhalisinin yaşamasında da hər hansı bir problem görmür, çünki onlar da Azərbaycan vətəndaşları kimi bütün hüquqlardan istifadə edə biləcəklər. Azərbaycan güclü dövlətdir və ölkəmizin orada yaşayan erməni əhalisinin dövlət təminatlarını ödəməsi üçün hər cür imkanlar var.

Maraqlısı budur ki, postmüharibə dövründə Qarabağda yaşayan erməni əhalisindən Azərbaycanın müvafiq qurumlarına daxil olan müraciətlərdə onlar Azərbaycan vətəndaşlığını qəbul etməyə hazır olduqlarını bildirirlər. Ermənistan dövləti də bütün bunları nəzərə almalı, revanşist davranışlarla iki xalqın nümayəndələrinin dinc, yanaşı yaşamasının təmin edilməsi üçün addımlar atmalıdır. Qarabağda müəyyən sayda olan erməni icmasının Azərbaycan cəmiyyətinə inteqrasiya etməsinə kömək göstərməlidir. Düşünürük ki, bu ən doğru seçimdir, çünki dövlət başçımızın dediyi kimi: "... onlar peşman olmayacaqlar...".

Bu gün Azərbaycan torpaqlarının tam sahibi, sözün əsl mənasında, suveren dövlətdir, bütün ərazilərimizdə üçrəngli bayrağımız dalğalanır. Gələn ilin fevralında növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə bağlı dövlətimizin qəbul etdiyi qərar da bunu təsdiqləyir.

Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində deyib: "Mən demişəm ki, bir daha demək istəyirəm ki, orada Azərbaycan bayrağı altında yaşamaq istəyənlər üçün şərait yaradılacaq. Azərbaycan vətəndaşları kimi, onların hüquqları da, onların təhlükəsizliyi də təmin olunacaq... Ona görə, kim bizim vətəndaş olmaq istəmirsə, yol bağlı deyil, açıqdır".

Son vaxtlar iki ölkə rəsmilərinin vasitəçisiz keçirdiyi görüşlər, əldə edilən müəyyən razılıqlar sülh üçün ümid yaradır. Bu formatda görüş artıq öz nəticəsini verir. Çünki dekabrın 7-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı arasında aparılmış danışıqlar nəticəsində humanizm prinsipinə sadiqliyin ifadəsi olaraq iki ölkə arasında qarşılıqlı etimad tədbiri kimi hərbçilərin azad edilməsi barədə razılıq əldə olunmuşdu. Dekabrın 13-də Qazax rayonunda iki ölkə arasında hərbçilərin qarşılıqlı surətdə azad edilməsi prosesi baş tutub. Proses zamanı Ermənistan tərəfindən Azərbaycanın 2 hərbi qulluqçusu - Hüseyn Axundov və Aqşin Bəbirov azad olunub. Azərbaycan tərəfi isə erməniəsilli 32 hərbçini qarşı tərəfə təhvil verib. Əgər ermənilər "daşı ətəklərindən töküb" yaxşı-yaxşı fikirləşsələr görərlər ki, himayədarlarının boş vədlərinə rəğmən, onların yaxşılığını istəyən elə Azərbaycandır.

Özünün təsdiqini tapmış belə bir deyim var: "Üçüncü artıqdır!". Bu mənada, Azərbaycan ikitərəfli görüşlərin keçirilməsində maraqlıdır.

Zümrüd QURBANQIZI,

"Respublika".