Uğurlu siyasət nümunəsi
Siyasət

Uğurlu siyasət nümunəsi

1992-ci il noyabrın 26-da Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının təşəbbüsü ilə I Beynəlxalq İnformasiyalaşdırma Forumu baş tutub. Dünyanın 29 ölkəsindən 10 mindən çox alim və mütəxəssisin iştirak etdiyi  forumda 26 noyabr tarixində Ümumdünya İnformasiya Gününün qeyd olunmasına dair qərar qəbul olunub. Bu gün həm də BMT-nin İqtisadi və Sosial Şurasında məşvərətçi statusa malik olan Beynəlxalq İnformasiyalaşdırma Akademiyası və Ümumdünya İnformasioloji Parlamentin təşəbbüsü ilə qeyd olunmaqla yanaşı, informasiya-kommunikasiya texnologiyaları sahəsində çalışanların peşə bayramı kimi də tarixə düşüb.

Məlum olduğu kimi, informasiya cəmiyyətdə daim mühüm əhəmiyyət kəsb edib. Ötən əsrin ortalarında sosial tərəqqi, elm və texnikanın sürətli inkişafı informasiyanın rolunun daha da artması ilə nəticələndi. Hazırda informasiya müasir sivilizasiyanın inkişafına töhfə verməklə cəmiyyətin formalaşmasına təsir edir. Hər bir ölkənin informasiya  məkanı və informasiya mühiti  onun sosial-iqtisadi, elmi-texniki və mədəni inkişafının  səviyyəsini və dinamikasını müəyyənləşdirir. Bu gün informasiya hətta siyasi, iqtisadi, müdafiə, sosial-mənəvi və digər sahələrə müdaxilə edərək, milli təhlükəsizlik sisteminə ciddi təsir göstərən vasitə kimi də qiymətləndirilir. Beynəlxalq, regional və milli münasibətlərin, daxili və xarici sosial-iqtisadi proseslərin idarə olunmasında da informasiyanın əhəmiyyəti getdikcə artır.

Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra qarşıda duran əsas məsələlərdən biri də milli vahid informasiya siyasətinin formalaşdırılması olmuşdur. Bu isə birbaşa informasiya təhlükəsizliyinin təminatı,  milli mühitin yaradılması, qorunması və idarə edilməsi ilə bağlı idi. Ötən əsrin 90-cı illərinin əvvəllərində bəzi xarici qüvvələrin sistemli şəkildə həyata keçirdikləri informasiya müdaxiləsi,  ideoloji  təbliğat  fəaliyyəti xalqımızın bəzi sosial və milli-etnik təbəqələrində ciddi anti-milli və anti-dövlət meyli formalaşdırmış, müstəqil dövlətin əsaslarına, vətəndaş həmrəyliyi və birliyinə təhlükə yaratmışdır. Onlar Azərbaycanın ictimai rəyinə, daxili və xarici siyasətinə  təsir göstərmək məqsədilə çoxsaylı dini, ideoloji təbliğat metodlarından öz məqsədləri üçün istifadə etmişlər. Bu cür təxribatlar ölkədaxili sabitliyin pozulmasına, mərkəzi hakimiyyətin cəmiyyət üzərindəki nəzarətinin itirilməsinə və daxili anarxiyanın yaranmasına yönəlmişdi. Bu cəhdlərin qarşısını ulu öndər Heydər Əliyev qətiyyətlə aldı. Məhz Heydər Əliyevin rəhbərliyi ilə dövlət informasiya siyasətinin normativ-hüquqi əsasının yaradılması istiqamətində genişmiqyaslı işlər görüldü. 1995-ci ildə referendum yolu ilə qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyasında insan və vətəndaş hüquqlarının, azadlıqlarının təmin edilməsinin dövlətin ali məqsədi kimi təsbit edilməsi də bunun bariz nümunəsidir. Belə ki, qanunvericiliyin 50-ci maddəsinə uyğun olaraq hər kəsin istədiyi məlumatı qanuni yolla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı var.

Hazırda Azərbaycanda Prezident İlham Əliyevin göstərişinə əsasən geniş informasiya siyasəti həyata keçirilir. Bu siyasətin əsasını isə vahid informasiya-telekommunikasiya məkanının yaradılması təşkil edir. Bununla yanaşı, informasiya-telekommunikasiya infrastrukturunun modernləşdirilməsi və inkişaf etdirilməsi,  milli informasiya resurslarından səmərəli istifadə, vətəndaşların ictimai əhəmiyyət kəsb edən informasiyalarla təmin olunması, müstəqil kütləvi informasiya vasitələrinin inkişafı da prioritetlər arasındadır. İnformasiya cəmiyyətinə keçid üçün əlverişli şəraitin yaradılması da dövlət siyasətinin əsasını təşkil edir. Cəmiyyətin informasiyalaşdırılması siyasəti və bunu özündə ehtiva edən sosial-iqtisadi, elmi-texniki proses təkcə ölkəmizin deyil, bütün dünyanın diqqət mərkəzindədir.

Nəzrin ELDARQIZI,

"Respublika".