Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş turnir
Digər xəbərlər

Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş turnir

Bakının Qaradağ rayonunun “Qobu Park 2” yaşayış kompleksindəki məktəbin idman zalında Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin dəstəyi, Azərbaycan Fullkontakt Kyokuşin Karate Federasiyasının və “Hünər” idman klubunun təşkilatçılığı ilə, məcbui köçkün məktəblilər arasında Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş turnir keçirilib. Bu barədə mayın 15-də Qurumunyaydığı  məlumatında bildirilir.

Əvvəlcə Dövlət Himni səsləndirilib, sonra ulu öndər Heydər Əliyevin, Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyünün qorunması uğrunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.

Dövlət Komitəsinin sədri Rövşən Rzayev açılış mərasimindəki çıxışında Ulu Öndər Heydər Əliyevin xalqımız qarşısında tarixi xidmətlərini qeyd edib, ölkəmizə rəhbərliyinin hər iki dövründə idmanın və bədən tərbiyəsinin inkişafına, gənc nəslin fiziki və mənəvi cəhətdən sağlam böyüməsinə xüsusi diqqət və qayğı göstərdiyini bildirib. Prezident İlham Əliyevin bu strateji xətti uğurla davam etdirdiyi, əhalinin, o cümlədən uşaq və gənclərin bədən tərbiyəsi və idmanla məşğul olması üçün hər yerdə əlverişli şərait yaradıldığı, idmançılarımızın böyük nailiyyətlər qazandığı, həmçinin Azərbaycanın dünyada ən mötəbər yarışların keçirildiyi idman ölkəsi kimi tanındığı vurğulanıb. Məcburi köçkün ailələrinin övladlarının da müxtəlif idman növləri ilə məşğul olduqları və uğurlu nəticələr göstərdikləri diqqətə çatdırılıb.

Birinci vitse-prezident Mehriban xanım Əliyevanın qaçqın və məcburi köçkünlərlə bağlı məsələlərə, o cümlədən bu ailələrdən olan uşaqların və yeniyetmələrin fiziki və mənəvi sağlamlığının qorunmasına həssaslıqla yanaşdığı, onların təhsilinə, mədəni inkişafına hərtərəfli dəstək verdiyi qeyd olunub.

Turnir 6-15 yaşlı uşaqlar arasında 5 yaş qrupu və bir neçə çəki dərəcəsi üzrə keçirilib. Yarışda müxtəlif klubları təmsil edən 50 nəfər idmançı mübarizə aparıb. Turnirin məqsədi uşaqlara və yeniyetmələrə cəldlik və dözümlülük kimi vacib keyfiyyətlər aşılayan fullkontakt kyokuşin karate idman növünə marağı artırmaq, fiziki sağlam gənclərin yetişməsinə dəstək olmaqdır.

Turnirin sonunda qaliblərə medallar və sertifikatlar təqdim olunub.

Əli SADIQOV,

“Respublika”.