Ermənistan 30 il Azərbaycan torpaqlarını işğal altında saxlamış, şəhər və kəndlərimizi çapıb talamışdır. 2020-ci il sentyabrın 27-də başlayan İkinci Qarabağ savaşında isə Azərbaycanın əks-hücum əməliyyatlarına tab gətirə bilməyən düşmən məğlubiyyətini təsdiqləyən kapitulyasiya aktını imzalamağa məcbur olmuş, bununla da ərazi bütövlüyümüz bərpa edilmişdir.
Ağdam, Kəlbəcər və Laçının döyüşsüz və heç bir itki olmadan qaytarılması ölkə başçımızın siyasi iradəsinin və gücünün təzahürüdür. Bu gün əsas addımlar iki ölkə arasındakı münasibətlərin tənzimlənməsi istiqamətində atılır. Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında imzalanmış 10 noyabr 2020-ci il tarixli Bəyanat qələbəmizin təsdiqidir. Azərbaycan sənəddə əks olunmuş tələbləri yerinə yetirsə də, Ermənistan üzərinə götürdüyü öhdəliklərdən boyun qaçırır. Azərbaycan nəinki üçtərəfli Bəyanata müvafiq olaraq əks-hücum əməliyyatlarını dayandırmış, hətta ermənilərin kompakt yaşadığı ərazilərimizdə onlar üçün maneəsiz hərəkətə şərait yaratmışdır. Lakin xain düşmən Bəyanatın əsas müddəalarından olan sərhədlərin delimitasiya və demarkasiyası, Naxçıvanla birbaşa maneəsiz nəqliyyat dəhlizinin yaradılması istiqamətində heç bir iş görməmişdir. Bütün bunlar kifayət deyilmiş kimi üçtərəfli Bəyanata əsasən tərk etməli olduqları Ağdam, Kəlbəcər və Laçın rayonlarına yeni minalar basdırmış, yaşayış evlərini yandırmış, ağacları kəsmiş, öz vandallıqlarını bir daha göstərmişlər. Ermənistanın bu cür vəhşi əməlləri Qarabağın təbiətinə, ekologiyasına böyük ziyan vurmuş, Kəlbəcər, Laçın, Zəngilan və Qubadlı rayonları daxil olmaqla, ümumilikdə minlərlə hektar meşə sahəsi düşmən tərəfindən yox edilmişdir.
Görünür, 44 günlük Vətən müharibəsində qazanılan qələbə Ermənistana dərs olmayıb. Paşinyanın məğlubiyyətdən sonra düşdüyü rəzil vəziyyət də hər kəsə məlumdur. Əslində, Paşinyanın bu cür mənfur əməlləri ATƏT-in keçmiş Minsk Qrupunun qatı ermənipərəst həmsədri Fransa tərəfindən dəstəklənir ki, bu da özlüyündə danışıqlar prosesinə maneə yaradır. Amma bütün bu xain planlar əbəsdir, çünki Azərbaycan regionda sülhün bərqərar olması üçün bütün imkanlardan istifadə edir. Görünür, Paşinyanın ağlı özünü idarə etmir və Qarabağı ərazi yox, hüquq məsələsi adlandırır. Amma Ermənistanın Baş naziri başa düşmək istəmir ki, Qarabağ Ermənistan ərazisi olsa idi, müharibə dövründə 11 min nəfər erməni fərarisi olmazdı. Çünki heç kim özünün olmayan bir torpaq uğrunda qan tökmək, canından keçmək istəməz. Ermənistan unudur ki, Azərbaycan zəbt olunmuş bütün ərazilərlə yanaşı, qədim və strateji baxımdan çox əhəmiyyətli olan Şuşanı da işğaldan azad etmişdir. Bu isə ölkəmizin hər an hərbi, strateji, eləcə də coğrafi mövqeyindən istifadə edərək istədiyi nəticəyə nail ola biləcəyi anlamına gəlir. Əlavə olaraq, Ermənistan tərəfinin vaxtı da tükənir. Belə ki, Prezident İlham Əliyev dəfələrlə bəyan etmişdir ki, Ermənistan törətdiyi hər bir cinayət əməlinin cavabını layiqincə alacaqdır. Ölkə başçımızın mayın 3-də Şuşada keçirilən "Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə" mövzusunda beynəlxalq konfransdakı çıxışı zamanı səsləndirdiyi fikirlər bunu bir daha təsdiqləmişdir: "Mən dəfələrlə bu məsələyə dair fikrimi bildirmişəm. Demişəm ki, əgər Ermənistan sülh istəmirsə sülh olmayacaq. Tarixdən bilirik ki, sülh sazişini imzalamayan ölkələr də var. Bu, nə Ermənistan, nə də region üçün yaxşı olmayacaq".
Ermənistanın üçtərəfli Bəyanatdan boyun qaçırması, öhdəlikləri yerinə yetirməməsi onun regionda sülhə təhdid yaratdığının bariz nümunəsidir. Lakin düşmən qəbullanmalıdır ki, müstəqil siyasət yürüdən Azərbaycana qarşı heç bir təhdid yarada bilməz.
Nəzrin ELDARQIZI,
"Respublika".