ULU ÖNDƏRİN YUBİLEYİNƏ TÖHFƏ
Sosial həyat

ULU ÖNDƏRİN YUBİLEYİNƏ TÖHFƏ

Azərbaycan Respublikasında 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli dövlət xadimi, ulu öndər Heydər Əliyevin xalqı qarşısında əvəzsiz xidmətlərinə verilən dəyərdir. Tanınmış jurnalist Qalib Rəhimlinin "Dedim bəlkə sözüm qala..." kitabı da ulu öndərin 100 illik yubileyinə həsr olunub.

"Klass Print" nəşriyyatında işıq üzü görən kitab 7 fəsildən ibarətdir. Təsadüfi deyil ki, kitabın "Dahilik zirvəsinə ucalan insan" adlı ilk fəslində "Gəncənin Azərbaycanda öz yeri var", - deyən ulu öndərin qədim şəhərin yüksəlişi, gəncəlilərin rifahı naminə göstərdiyi diqqət və qayğıdan söhbət açılır.

Kitabı vərəqlədikcə qədim və yeni Gəncənin dünəni, bu günü, insanlarının həyatı göz önündə canlanır.

Doğma Qarabağımız uğrunda savaş, əsgər və zabitlərimizin qəhrəmanlığı, xalqımızın böyük qələbəyə töhfələri oxunaqlı dillə təqdim olunur. Əsgərlərlə çiyin-çiyinə səngərlərdən keçən jurnalist "Şəhidlər ölməz, vətən bölünməz" deyə torpaqlarımızın bütövlüyü naminə canından keçən şəhidlərimizi ölməzlik rəmzi kimi təqdim edir.

Kitabda müəllif müasir jurnalistikamızın uğurları və problemlərinə, ədəbi prosesə öz münasibətini bildirir. Topluya "Məhəbbət olmayanda" və "İki mollanın bir hekayəti" adlı nəsr əsərləri də daxil edilib.

Kitab ulu öndərin 100 illik yubileyinə dəyərli töhfədir.

V.TANRIVERDİYEV,

Gəncə.