Ümummilli Liderin tarixi xidmətləri
Digər xəbərlər

Ümummilli Liderin tarixi xidmətləri

Prezident İlham Əliyevin Sərəncamı ilə 2023-cü ilin Azərbaycanda "Heydər Əliyev İli" elan olunması Ümummilli Liderə xalqın ehtiramı, sədaqətidir. Sərəncamda da qeyd olunduğu kimi, Ulu Öndər Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Onun zəkasının işığında qədəm qoymuşdur. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Ümummilli Lider Heydər Əliyevin həyat amalının təntənəsidir.

Dahi şəxsiyyətin Azərbaycan dövləti, xalqı qarşısındakı xidmətlərindən bəhs edərkən cənab İlham Əliyevin bu fikirlərini təkrar-təkrar qeyd etməyi özümüzə borc bilirik: "Biz bütün sahələrdə bugünkü Azərbaycan reallıqlarında Heydər Əliyevin izini görürük. Güclü və möhkəm təməl, milli dəyərlər üzərində müasir dövlətin qurulması Heydər Əliyev siyasətinin əsas istiqamətlərindən biridir. Onun təşəbbüsü ilə dövlətimizin ideoloji əsasları formalaşmışdır. Azərbaycançılıq məfkurəsini cəmiyyətə təqdim edən məhz Heydər Əliyev olmuşdur. Bu gün azərbaycançılıq fəlsəfəsi bizim əsas ideoloji dayaqlarımızdan olmuşdur". Ümummilli Lider xidmətlərinin miqyasına söykənərək, Azərbaycanın möhkəm təməl üzərində davamlı uğurlara imza atacağına, dünyaya Günəş kimi doğacağına, ən əsası qalibiyyəti ilə dünyaya səs salacağına əmin olaraq bildirmişdir: "Nə qədər ki Azərbaycan var, mən də varam. Mən isə Azərbaycanda əbədi olacağam!".

Ümummilli Lider Heydər Əliyev Azərbaycanda müstəqil dövlətçiliyi yaradan və yaşadan şəxsiyyətdir. Bu reallıq inkaredilməzdir ki, dövlət qurmaq, müstəqil yaşamaq bəşər tarixində heç də bütün xalqlara nəsib olmur. Azərbaycan xalqı tarixin bütün sınaqlarından şərəflə çıxan, keçmişini unutmayan, gələcəyə böyük ümidlərlə baxan xalqdır. Azərbaycanın 1991-ci ildə dövlət müstəqiliyini yenidən bərpa etdikdən sonra ilk illərdə ölkəyə rəhbərlik edənlərin səriştəsizliyi, idarəçilik qabiliyyətinin yoxluğu, şəxsi ambisiyalarını dövlət maraqlarından üstün tutmaları ucbatından yaşadığı faciələr, çətinliklər tariximizin qara səhifəsi kimi hər zaman vərəqlənir. Azərbaycan müstəqilliyini itirmək, bir dövlət olaraq dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qalmışdır. Belə bir çətin məqamda xalqının səsinə səs verən, Azərbaycanı düşdüyü ağır vəziyyətdən xilas edən Ümummilli Lider Heydər Əliyev oldu. Ulu Öndərin 1993-cü ildə xalqın təkidli xahişi ilə hakimiyyətə qayıdışı Azərbaycanın həyatında yeni bir mərhələnin başlanğıcı oldu. Ölkəmiz qısa müddətdə xaosdan, anarxiyadan, özbaşınalıqlardan, iqtisadi böhrandan xilas oldu. Xalq yaşadığı çətinliklərə, faciələrə baxmayaraq, sabaha ümidini itirmədi. Çünki əmin idi ki, Ulu Öndər heç zaman xalqını, ölkəsini çətin vəziyyətdə qoymaz. Elə də oldu. Dahi şəxsiyyət qayıdışı ilə yeni Azərbaycan qurdu. O Azərbaycanı ki, hazırda möhkəm təməl üzərində zirvələri fəth edir.

Dövlət başçısı İlham Əliyev daim bu çağırışı edir: "O dövrü bilməyən, o vaxt yaşamayan gənc nəsil bilməlidir ki, nəyin bahasına biz müstəqilliyi qoruyub saxlaya bilmişik. Kimə biz borcluyuq. Əgər Heydər Əliyev o vaxt hakimiyyətə gəlməsəydi, bu gün Azərbaycan bəlkə də ancaq kiminsə əlinin altında bir oyuncaq dövlət kimi, bir yarımmüstəmləkə kimi yaşaya bilərdi".

Ümummilli Lider Heydər Əliyevin hakimiyyətinin hər iki dövrü dövlətə, xalqa xidmət nümunəsidir. Ulu Öndər bütün varlığı ilə sevdiyi və canından əziz bildiyi doğma xalqının mənafelərini daim önə çəkmiş və respublikamızın inkişafı üçün malik olduğu bütün imkanlardan istifadə etmişdir. 1969-1982-ci illərdə Azərbaycandakı intibahı şərtləndirən amillərdən biri respublikada təhsilin inkişafına xüsusi diqqət yetirilməsi, gəncliyin ana dilində təhsilinə üstünlük verilməsi olmuşdur. Milli hərbçi kadrların hazırlanması da xalqın müstəqil gələcəyini görən Ulu Öndər Heydər Əliyev üçün xüsusilə böyük əhəmiyyətli məsələ idi. Çünki dahi şəxsiyyət hər zaman Azərbaycanın gələcəyini müstəqil gördüyü üçün buna uyğun addımlar atırdı.

Bir məqamı da qeyd edək ki, Ulu Öndər 1969-cu ildə birinci dəfə Azərbaycana rəhbərliyə başlayan zaman ölkəmiz müttəfiq sovet respublikaları arasında ən geridə qalanlar sırasında idi. İqtisadiyyat inkişaf etmirdi, kənd təsərrüfatının inkişafı üçün lazımi tədbirlər görülmürdü, sənaye istehsalı isə çox aşağı səviyyədə idi. Məhz dahi şəxsiyyət Heydər Əliyevin fəaliyyəti nəticəsində Azərbaycan 1969-1982-ci illərdə Sovet İttifaqı miqyasında ən qabaqcıl yerlərə çıxmışdı. O illərdə respublikanın sosial-iqtisadi inkişafına böyük təkan verildi. Bir sözlə, Ümummilli Liderin Azərbaycana rəhbərliyinin birinci dövründə əldə edilən potensial müstəqilliyimizin bərpasından sonra ölkəmizə böyük kömək oldu.

Əvvəldə də qeyd etdiyimiz kimi, zamanın hökmü ilə ötən əsrin 90-cı illərində dövlət müstəqilliyini bərpa edən Azərbaycan Ermənistanın təcavüzü, xarici təzyiqlər və daxili çəkişmələr üzündən dünyanın siyasi xəritəsindən silinmək və dövlətçiliyini itirmək təhlükəsi ilə qarşılaşmışdı. Taleyimizin həll olunduğu ağır bir zamanda xalqın təkidli xahişinə səs verərək yenidən hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirdi, ölkəmizi ictimai-siyasi pərakəndəliyin və anarxiyanın məngənəsindən qurtardı, bütün sahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısını aldı, yenidən qurduğu və hər cür qəsdlərdən qoruduğu dövlətin dayanıqlı inkişaf yolunu müəyyən etdi. Dahi şəxsiyyət Heydər Əliyevin ölkəmizə rəhbərliyi illəri xalqımızın nadir tarixi imkandan faydalanaraq, böyük əziyyətlər bahasına öz müstəqilliyini əbədi və dönməz etdiyi taleyüklü mərhələdir.

Göründüyü kimi, Ulu Öndər Heydər Əliyevin zəngin həyat yolu və müstəsna fəaliyyətinin bütün mərhələləri bir-birini tamamlamış, öz xalqına sıx bağlılığın, milli dövlətçilik məfkurəsinə sadiqliyin canlı təcəssümü olmuşdur.

Bazar iqtisadiyyatı yolu ilə dünya birliyinə inteqrasiyanı Azərbaycanın inkişaf strategiyası kimi təkmilləşdirən, iqtisadiyyatı bütövlükdə dərin və uzunmüddətli böhran mərhələsində olan respublikanı yaranmış ağır vəziyyətdən qurtarmaq üçün çıxış yolu tapan, iqtisadi inkişafın prinsipial, konseptual yanaşma yollarını müəyyənləşdirən Ümummilli Lider Heydər Əliyev bildirirdi ki, iqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir. Ulu Öndərin iqtisadiyyatın inkişafında neft amilinə xüsusi önəm verməsi uzaqgörən siyasətinin nəticəsi idi. Ümummilli Lider dünya təcrübəsinə əsasən bu çağırışı etmişdir ki, heç bir ölkə təcrübə mübadiləsi olmadan, səylər birləşdirilmədən təkbaşına iqtisadi tərəqqiyə nail ola bilməz. 1994-cü ilin 20 sentyabr tarixində "Əsrin müqaviləsi" kimi tanınan ilk neft müqaviləsinin imzalanması Azərbaycanın dünya iqtisadi sisteminə inteqrasiyasının əsası oldu. "Əsrin müqaviləsi" Azərbaycanın bu gününə və gələcəyinə inamı artırdı, siyasi mövqeyini möhkəmləndirdi. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərlərindən sonra TANAP, TAP, ümumilikdə Cənub Qaz Dəhlizi layihəsinin reallığa çevrilməsi Azərbaycanın liderlik rolunun etirafı, Ulu Öndərin çəkdiyi zəhmətin bəhrəsidir. Dünyanın ən iri şirkətlərinin müharibə şəraitində yaşayan Azərbaycana, belə möhtəşəm layihələrə marağının artması düşünülmüş siyasətin, Ümummilli Lider Heydər Əliyev qətiyyətinin, düşüncəsinin, uzaqgörənliyinin məntiqi nəticəsi idi. Neft strategiyasını hazırlamaqla Azərbaycana investisiya axınının əsasını qoyan Ulu Öndər Heydər Əliyev geosiyasi baxımdan əlverişli ərazidə yerləşən respublikamızın sosial-iqtisadi, elmi, texniki, mədəni inkişafı üçün zəmin yaratdı. Sərmayələr nəzərdə tutulan proqramların, iqtisadi islahatların həllinə yönəldildi. Ölkəmizdə sabitliyin və normal iqtisadi mühitin mövcudluğu Azərbaycanı qısa müddətdə böyük investisiyalar məkanına çevirdi.

Ölkəmizdə Milli Konstitusiyanın qəbulu, azərbaycançılıq, dövlətçilik, demokratiya, milli tərəqqi, dünyəvilik kimi ümumbəşəri dəyərlər Heydər Əliyev fenomeninin adı ilə bağlıdır. Müasir müstəqil Azərbaycan Ulu Öndər Heydər Əliyevin şah əsəridir.

Ümummilli Liderin dövlətimiz, xalqımız qarşısındakı xidmətlərindən ən mühümü 2003-cü ildə xalqa tarixi müraciəti oldu. Dahi şəxsiyyət cənab İlham Əliyevə Özü qədər inandığını bildirdi, Sona çatdıra bilmədiyi işləri onun sona çatdıracağına əminliyini ifadə etdi. Prezident İlham Əliyevin son 20 ildə Ümummilli Lider Heydər Əliyevin siyasətini bütün istiqamətlərdə uğurla davam etdirməsi ölkəmizin qarşısında daha geniş imkanlar açdı. Azərbaycan hazırda dünyanın ən nüfuzlu beynəlxalq təşkilatlarının etibarlı üzvü kimi qarşılıqlı əməkdaşlıq prinsiplərinə sadiqliyini əməli fəaliyyəti ilə doğruldur. Tolerant ölkə olduğunu multikultural dəyərlərə sadiqliyi ilə təsdiqləyir. Sivilizasiyalararası dialoq məkanı kimi böyük önəm daşıyır. Azərbaycan ən islahatçı ölkə, xalqımız ən xoşbəxt xalq kimi beynəlxalq qurumların hesabatlarında yer alır.

Ümummilli Lider Heydər Əliyev "Azərbaycan Respublikası bir müstəqil dövlət kimi özünü müdafiə etməyə qadir orduya malik olmalıdır. Təəssüf ki, müstəqillik əldə ediləndən sonra keçən dövrdə bu sahədə az iş görülübdür. Lazım gələrsə, sülh yolunda addımlarımız nəticə verməsə, Azərbaycanın ərazi bütövlüyünü təmin etmək üçün, respublikanı müdafiə etmək üçün qüdrətli bir ordunun yaradılması bizim əsas vəzifəmizdir" sözləri ilə ölkənin müdafiə qüdrətinin möhkəmlənməsini ümdə vəzifə hesab etdi. Onun bu sahədə apardığı məqsədyönlü siyasəti hazırda uğurla davam etdirən Prezident İlham Əliyev Ermənistanın 30 ilə yaxın dövrdə işğal altında saxladığı torpaqlarımızı azad etməklə Ulu Öndərin arzusunu reallığa çevirdi. Dahi şəxsiyyət Azərbaycanın ərazi bütövlüyünün bərpasını xarici siyasətimizin prioritet məsələsi kimi öndə saxlayırdı. Hər zaman bu əminliyi ifadə edirdi ki, torpaqlarımız işğaldan azad ediləcək, soydaşlarımız doğma yurd-yuvalarına qayıdacaqlar.

Artıq üç ilə yaxındır ki, Qarabağımız, Şərqi Zəngəzurumuz azaddır. Əzəli sahibinə qovuşmuş torpaqlarımızda genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Azərbaycan, sözün əsl mənasında, dünyaya təkmil dirçəliş modelini təqdim edir. Azərbaycan qalib ölkə olaraq diktə edən tərəfdir. Tarixi Zəfəri ilə yaratdığı yeni reallıqlar ölkəmizin beynəlxalq münasibətlər sistemində yeri və rolunu möhkəmləndirir. Ümumiləşdirilmiş şəkildə qeyd etsək, bugünkü müasir, müstəqil, qalib, sözünün imzası qədər əhəmiyyəti olan Azərbaycan Ümummilli Lider Heydər Əliyevin görmək istədiyi Azərbaycandır.

Xoşbəxtliyim ondadır ki, mən də müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi şəxsiyyət Heydər Əliyevin dövründə təhsil aldım, doğru seçim edərək gənc yaşlarımdan "Heydər Əliyev partiyası" kimi tanınan Yeni Azərbaycan Partiyasına üzv oldum. Ulu Öndər Heydər Əliyev yolunu seçdik və bu gün də bu yolla inamla gələcəyə doğru irəliləyirik.

Ulu Öndər Heydər Əliyev digər bölgələrimiz kimi, respublikamızın Qərb Qapısı olan Qazax rayonunun da inkişafını daim diqqətdə saxlayaraq bu bölgəyə üç dəfə səfər etmişdir. İki səfəri hakimiyyətinin birinci dövrünə (1971 və 1979-cu illər), üçüncü səfəri isə 1993-cü ildə xalqın təkidli xahişi ilə hakimiyyətə qayıdışından sonrakı mərhələyə (1998-ci il) təsadüf edir. Ümummilli Liderin hər səfəri Qazax rayonunda çox mühüm, əhəmiyyətli sosial obyektlərin açılışı ilə yadda qalıb. Yeni beşmərtəbəli yaşayış binalarının tikilməsi, yeni yolların salınması, Ağstafa su dəryaçasının istifadəyə verilməsi, rayonda əzəmətli avtovağzalın, konserv zavodunun, xəstəxananın, Mədəniyyət sarayının, Səməd Vurğun adına poeziya evinin və s. kimi sosial obyektlərin tikilib istifadəyə verilməsi həmin illərin reallıqlarıdır.

Bütün bunlar rayonun iqtisadiyyatının, kənd təsərrüfatının inkişafında, rayon sakinlərinin sosial rifahının yüksəldilməsində mühüm rol oynamışdır. Ümummilli Lider Qazaxa səfərlərində rayonumuzun sakinləri haqqında dəyərli fikirlər söyləmişdir: "Siz əziz Qazaxlılar! Burada həm öz torpağınızı qoruyursunuz, həm də Azərbaycanı qoruyursunuz. Siz bütün Azərbaycan xalqının dayağısınız!". Bu, qazaxlılara verilən yüksək qiymət, göstərilən böyük etimad idi. Bu gün də rayonumuz Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir. Dövlət başçısının avqustun 7-də Qazax rayonuna səfəri bir sıra mühüm sosial obyektlərin açılışı və təməlqoyma mərasimlərinin keçirilməsi ilə yadda qaldı. Qazax rayonunun timsalında böyük əminliklə qeyd edə bilərik ki, bütün bölgələrimiz inkişaf, tərəqqi dövrünü yaşayır. Regional inkişaf proqramlarının uğurlu icrası bölgələrimizin qarşısında yeni imkanlar açır. Dövlət başçısı İlham Əliyevin bütün çıxışlarının mahiyyətində bu məqam dayanır ki, vətəndaş amili dövlət siyasətinin əsasıdır.

"Heydər Əliyev İli" Azərbaycanın bütün sahələrdə qazandığı uğurların təqdimatında əhəmiyyətli rola malikdir. Bu il bir daha təsdiqlədi ki, müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir. Bu müqəddəs mirası qoruyub saxlamaq hər bir azərbaycanlının şərəfli vəzifəsidir.

Anar NƏBİYEV,

YAP Qazax rayon təşkilatının sədri.