Separatçılar amnistiya fürsətini qaçırmamalıdır
Digər xəbərlər

Separatçılar amnistiya fürsətini qaçırmamalıdır

Qarabağda yerləşən xunta rejiminin başçısı Araik Arutyunyan beynəlxalq ictimaiyyətə müraciət edib və bildirib ki, Qarabağ ağır "blokada" şəraitində yaşayır. O, həmçinin Laçın-Xankəndi yolunun bağlı qalmasını və bununla da ermənilərin "humanitar böhran" içində olduğunu da qeyd edib. Məsələ ilə bağlı danışan politoloq İlyas HÜseynov separatçıların hansısa çağırışlarla müraciət etməsinin absurd olduğunu bildirib:

"Cənab Prezident İlham Əliyev Laçında çıxışı zamanı amnistiya haqqında fikirlərini bölüşdü və qondarma "parlamentin", "hökumətin", "prezidentin" buraxılması haqqında danışdı. Və bildirdi ki, əgər belə olarsa, amnistiya haqqında düşünmək olar. Lakin bu fikirlər reallaşmadı, separatçılar bundan bir nəticə çıxarmadı və öz vəziyyətlərini daha da qəlizləşdirdilər. Çünki yaxın tarix də göstərir ki, Azərbaycanın tələbləri yerinə yetirilmədikcə, onda daha sonrakı şərtlərimiz ağır olur. Bu gün separatçılar cənab Prezidentin təklifini qəbul etməməklə özlərini daha da pis duruma salmış oldular. Və düşünürəm ki, Araik Arutyunyanın çağırışına baxmayaraq separatçılar amnistiya fürsətini qaçırmamalıdırlar. Bu cür hansısa çağırışlarla, bəyanatlarla, özünü prezident, subyekt kimi təqdim etməklə yalnız gülüş doğururlar. Ermənistan da daxil olmaqla, heç bir dövlət tərəfindən tanınmayan separatçı rejim bu cür qanunsuz fəaliyyəti ilə yalnız antiterror əməliyyatının müddətini yaxınlaşdırır.

Azərbaycanın haqlı tələbləri yerinə yetirilməlidir. Ağdam-Xankəndi marşrutu üzrə humanitar yüklər daşınmalıdır. Azərbaycan bu mövqeyi ilə beynəlxalq hüququn fundamental norma və prinsiplərinə söykənir. Bu marşrut Beynəlxalq Qırmızı Xaç Komitəsi və Avropa İttifaqı tərəfindən də qəbul olunub, mümkünlüyü ifadə edilib. Laçın yolu üzərində israr etməyin bir məqsədi var ki, regiona silahlar, minalar, diversantlar daşınsın, rotasiya olunsun və gərginlik mərhələsinə qədəm qoysun. Azərbaycan isə sülhün, təhlükəsizliyin və sabitliyin tərəfdarı olaraq dövlətlərarası münasibətlərin tənzimlənməsində, sülhün bərqərar olunmasında maraqlıdır və Qarabağ iqtisadi rayonunda yaşayan ermənilərin reinteqrasiya prosesi əsas prioritet təşkil edir. Bu xüsusda hətta danışıqlar üçün iki dəfə dəvət də göndərilmişdir. Humanitar əsaslı yüklərin Ağdam-Xankəndi marşrutu üzrə daşınması daha məqbuldur".

Musa BAĞIRLI,

"Respublika".