USAİD-in anti-Azərbaycan  siyasəti
Digər xəbərlər

USAİD-in anti-Azərbaycan  siyasəti

Co Bayden Administrasiyası hakimiyyətə gəlməzdən öncə söz verdiyi kimi, öz ətrafına bir tərəfdən qatı ermənipərəst, digər tərəfdən Sorosun davamçıları kimi tanınan şəxsləri toplayır.  Bunun əyani sübutu kimi, ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin, vaxtilə Barak Obama Administrasiyasında qondarma erməni soyqırımının tanınması üçün səy göstərmiş Samanta Poverin ABŞ-ın İnkişaf Agentliyinin (USAİD) rəhbəri vəzifəsinə namizədliyini təsdiq etməsini göstərmək olar. Komitənin Samanta Poverin namizədliyini yekdilliklə - 22 səslə dəstəkləməsi ABŞ Senatının ermənipərəst mövqeyini göstərir. Bundan əlavə, USAİD-in qondarma xunta rejiminin "ərazisində" Azərbaycan hökumətinin icazəsi olmadan fəaliyyət göstərən ABŞ QHT-ləri maliyyələşdirməsi regional sabitliyə kölgə salır. Belə ki, USAİD-in Qarabağdakı fəaliyyətləri ölkəmizdə daxili sabitliyin pozulmasına indekslənmiş siyasi gedişdir.

 Corc Sorosun “məhsulu”, eləcə də   Co Baydenin ən yaxın və etibarlı adamı sayılan Samanta Poverin  tərcümeyi-halına baxanda məlum olur ki, o, Sorosa məxsus Açıq Cəmiyyət İnstitutunun maliyyələşdirdiyi səfərlər hesabına  jurnalistlik "fəaliyyəti" ilə məşhurlaşıb. Diqqətçəkici məqamlardan biri də, administrasiya ilə Konqresin ermənipərəst mövqelərinin üst-üstə düşdüyü bir vaxtda, Avropa Parlamentinin Azərbaycan əleyhinə qətnamələr qəbul etməsidir. Beynəlxalq müstəvidə Azərbaycana qarşı "Düşmənimin düşməni mənim dostumdur" prinsipi tətbiq edilir. Belə ki, Avropa-Amerika münasibətlərinin barışmaz mövqeyi bu gün eyni cəbhədən Azərbaycanı hədəf alır.

USAİD-in rəhbəri Samanta Paverin özünün tviter səhifəsində dəfələrlə azərbaycanlı ekoloqların və QHT fəallarının guya Laçın yolunu “bağlamalarını” hədəfə alan ittiham xarakterli fikirlərini bəyan etməsi anti-Azərbaycan siyasətinin növbəti təzahürüdür.  Halbuki, bu yol məhz Rusiya sülhməramlıları kontingentinin müvəqqəti nəzarəti altındadır və bu barədə Azərbaycan dövlətinin rəsmi bəyanatlarında bildirilir. Bununla yanaşı, yaxın günlərdə Bakıda keçirilmiş Qoşulmama Hərəkatının növbəti iclasında xarici media nümayəndələri Laçın yolunu müşahidə edərək vəziyyətlə tanış olmuşlar. Yol humanitar məqsədlər üçün tam açıqdır və heç bir blokadadan söhbət gedə bilməz.

 Sorosun təlimatları əsasında fəaliyyət göstərən ermənipərəst Samanta Pover Türkiyəyə qarşıda düşmən və irqçi mövqeyi ilə seçilir.  Yaxın keçmişdə Ermənistandakı Amerika Universitetinə yeni qəbul edilmiş tələbələrə onlayn müraciət edərək Azərbaycanla Türkiyəni “vəhşi” adlandırması çirkin xislətin nümunəsidir. Heç bir məntiqə və mənaya sığmayan bu cür davranışın məhz Samanta adlı sorosçu korrupsionerə aid olması isə əslində, təəccüb doğurmur. Belə ki, bu şəxs uzun illərdir ki, istər ABŞ-da, istərsə də digər Qərb ölkələrində açıq-aşkar türkofobiya siyasəti yürüdür. Bütün dünyada qatı antitürk kimi tanınan Samanta Pover Azərbaycanın ərazi bütövlüyü uğrunda apardığı 44 günlük müharibə zamanı dəfələrlə Azərbaycan xalqını, ümumilikdə isə Türk dünyasını təhqirlərə məruz qoyması avantürüst qüvvələr tərəfindən dəstəkləndi.

Müxtəlif illərdə həm Azərbaycanda,  həm də Türkiyədə qarışıqlıq yaratmaq niyyətləri, cəhdləri puç olan sorosçu demokratlar hakimiyyətə gələn kimi, bütün əsas qlobal məsələləri kənara qoyaraq, birinci növbədə qondarma “genosidi” tanıdılar və bununla da, özlərinin revanşizm və rəngli çevrilişlər siyasətlərinə sadiq qaldıqlarını isbatlamış oldular. Bunun əyani sübutu kimi, 17 aprel 2006-cı ildə Amerika televiziyalarında efirə çıxan “Erməni soyqırımı” sənədli filmində çıxış edən Samantanın türkləri alman faşistlərinə bənzətməsi, antitürk xarakterli və irqçi fikirləri demokratiyanın "beşiyi" sayılan ABŞ-da müsbət qarşılandı.

Vaxtilə Azərbaycandan qovulan milyarder Corc Soros və ABŞ-da anti-Türkiyə və anti-Azərbaycan xarakterli çıxış və bəyanatları ilə tanınan Co Bayden komandasının təyin etdiyi USAİD-in ermənipərəst rəhbəri Samanta Poverin ölkəmizə qarşı fəaliyyətini genişləndirəcəyi göstərilən idi. “İnqilablar mühəndisi” kimi tanınan Sorosun və USAİD-in  Hayastanın Azərbaycanın ərazi bütövlüyünü tanımaq istəməməsinə havadarlıq vəzifəsini öz üstlərinə götürdüyünü əyani şəkildə sübut edir. Bununla yanaşı, onlar separatçı qurumlarla çalışır, maddi yardımlar edir, necə deyərlər, quldur rejimin ayaqda qalıb yenidən terrorçu meyillərini icra etməsi üçün hər yola əl atırlar.

                                       Nurlan ABDALOV,

                                           “Respublika”.