Uydurma, saxta, çirkli
Digər xəbərlər

Uydurma, saxta, çirkli "kukla"lar

Qədim yurd yerimiz olan Xankəndi və ətraf ərazilərdə gizlənmiş separatçılar, qondarma qurumun "kukla"ları, faşist təfəkkürlü erməni quldur və cinayətkar dəstələri, daşnakların əlaltıları, məqsədli şəkildə Qarabağa göndərilən Ruben Vardanyan və onun tərəfdarları boylarından hündür tullanmağa cəhd göstərir, yenidən bölgədə müharibə ocağını alovlandırır, sərsəm iddialar irəli sürürlər. Əslində bu alçaq, cırtdan və çürük oyunbazları qudurdan bölgədəki Rusiya sülhməramlı qüvvələrinin bəzi komandirləridir. Onların çətiri altında və birbaşa müşayiəti ilə Qarabağa gizli yollarla silah daşınır, hərbi istehkamlar qurulur, sadə erməniləri aldatmaq üçün müharibəyə hazırlıq görüntüsü yaradırlar.

Azərbaycan Müdafiə Nazirliyi tərəfindən Xankəndidəki revanşistlərin yeni qurduğu hərbi bazanın peyk görüntüləri yayılıb. Kadrlardan görünür ki, erməni separatçıları 2020-ci ildə heç bir hərbi infrastruktur olmayan ərazidə sonradan yeni mövqelər inşa edib və orada hərbi təyinatlı qurğular yerləşdiriblər. Həmçinin kadrlarda Xankəndi istiqamətində müharibədən sonra yeni qurulmuş mövqelər də öz əksini tapıb. Haqlı olaraq bəzi suallar yaranır. Gizli yollarla daşınan silah və hərbi texnikalar hesabına Qarabağda hərbi bazaların qurulması nəyə xidmət edir? Bu, revanşistlərin genişmiqyaslı silahlı qarşıdurmaya hazırlaşmasına dəlalət edirmi? Əslində, məsələyə bir cür yanaşma başa düşüləndir. Narahatlığa isə heç bir əsas yoxdur, bölgədəki güc balansını, silahlı qüvvələrimizin peşəkarlığını, müasir hərbi texnologiyalarla təchiz edilən bölmələrimizin döyüş hazırlığını, ən yeni hərbi texnikaların üstünlüyünü və qəhrəman ordumuzun vətənpərvərliyini nəzərə alsaq ermənilərin Qarabağda qurduğu metal yığını və qorxaq dəstələri heç nəyə yaramayacaq. Tək bircə şimşək, ildırım effektli antiterror əməliyyatı kifayətdir ki, məğlub edilmiş həyasız və idbar düşmənin başı əzilsin, Qarabağdan qovulsunlar. Separatçı ermənilər haqqında danışanda yadıma bir məsəl düşür, bir itdən soruşurlar ki, niyə hürürsən, cavab verir ki, qorxumdan, bəs quyruğunu niyə bulayırsan, deyir ki, əlacsızlıqdan. Nə qədər nankor və dikbaş olmalısan ki, sülhə və əmin-amanlığa uzadılan əldən imtina edəsən, Rusiyanın, Fransanın kölgəsində müvəqqəti olaraq qudurğanlıq edəsən, quyruq bulayasan. Əlbəttə, bu xalis erməni xəstəliyidir, gələcəyinə daş atmaqdır.

Üç həftəyə yaxındır "humanitar yardım" şousu ilə beynəlxalq diqqəti özünə cəlb etməyə çalışan Ermənistan Azərbaycanla silahlı qarşıdurmaya gedə bilməz və buna onun cəsarəti çatmaz. Çünki İkinci Qarabağ müharibəsindən sonra nə Ermənistan cəmiyyətinin, nə də Qarabağdakı separatçıların genişmiqyaslı hərbi əməliyyatlar aparmağa gücü qalmayıb. Sadəcə olaraq səs-küy salmaq, "blokada", "aclıq" - deyə qışqırmaq onların ənənəvi vərdişləridir. Azərbaycanlı ekspertlərin qənaətinə görə, nə Ermənistanın başlatdığı "humanitar yardım" şousu effekt verəcək, nə də Qarabağdakı revanşistlərin hansısa mərhələdə silahlı qarşıdurmaya keçəcəyi istisna edilir. Hər şeydən əvvəl ona görə ki, Ermənistanın bu məsələdə mövqeyi çox zəifdir, 44 günlük müharibədə ordusu darmadağın edilib. Nə Ermənistanın, nə də Qarabağdakı separatçıların yetərincə gücü yoxdur.

Bununla belə, hərbi analitiklər hesab edirlər ki, Ermənistan indiki şəraitdə konflikti dərinləşdirmək, sülh danışıqlarındakı şərtləri öz maraqlarına uyğunlaşdıra bilmək üçün vaxt qazanmaq məqsədilə lokal hərbi qarşıdurmalara gedə bilər. Ermənistanda hər kəs anlayır ki, Qarabağda istənilən genişmiqyaslı hərbi qarşıdurma Rusiyanın müdaxiləsi ilə nəticələnəcək. Moskvadan gələn müdaxilə isə daha çox Ermənistanın ziyanına olacaq. Ona görə də Qarabağa gizli daşınan silahlar, orada qurulan yeni hərbi bazalar revanşistlərin işinə yaraya bilməyəcək. Qarabağdakı qanunsuz hərbi birləşmələri zərərsizləşdirmək üçün lokal xarakterli antiterror tədbirləri kifayətdir. Çünki Ermənistan üzərinə götürdüyü öhdəliklərdən yayınır, Qərbi azərbaycanlıların doğma yurd yerlərinə qayıtmalarına, Zəngəzur dəhlizinin açılmasına hər vəchlə mane olmağa çalışır, vaxt qazanmağa cəhd edir. Naxçıvanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının beynəlxalq ictimaiyyətə ünvanladığı müraciətdə dünya birliyindən tələb edilir ki, Ermənistanı Zəngəzur dəhlizi layihəsini icra etməyə məcbur etsin. Müraciətdə deyilir ki, 30 ildən artıq blokada şəraitində yaşayan Naxçıvan əhalisinin ümidi Zəngəzur dəhlizi vasitəsilə Azərbaycanın digər bölgələri ilə quru əlaqəsinin yaradılması, regionda kommunikasiyaların açılmasıdır. Zəngəzur dəhlizi açılmalı, blokada aradan qaldırılmalıdır. Necə ola bilər ki, Azərbaycan hökuməti Qarabağda yaşayan erməni sakinlər üçün Laçın yolu ilə kommunikasiya imkanları yaradır, üstəlik Ağdam-Xankəndi yolunu da təklif edir, ancaq Ermənistan Naxçıvan əhalisinin, hətta humanitar əsasda belə Azərbaycanın digər hissəsinə keçməsinə şərait yaratmır. Biz tələb edirik ki, dünya birliyi Ermənistanı Zəngəzur dəhlizi layihəsini icra etməyə məcbur etsin!

Dünyanın tanınmış analitiklərinin fikrincə, rəsmi Bakı Ermənistanın hiyləgər və təxribatçı cəhdlərinə qarşı daha hazırlıqlıdır. İrəvan Qarabağdakı erməni əhalinin guya, blokadada saxlanması və yolların bağlanması məsələsini beynəlxalq tribunalara, o cümlədən BMT Təhlükəsizlik Şurasına çıxarmağa nail oldu. Ermənistan BMT Təhlükəsizlik Şurasını özünün siyasi, hərbi və informasiya yönümlü manipulyasiya üçün alətə çevirməyə cəhd göstərsə də Azərbaycan diplomatiyası qarşısında aciz duruma düşərək rüsvay oldu. Böhtançı və hiyləgər ermənilərin qlobal dünyanın başı üzərində hörümçək toru qurmaq istədiyini artıq hər kəs başa düşür. Tarix və zaman göstərib ki, ermənilər həmişə qurduqları tora özləri düşürlər, başları daşa dəysə də ayıla bilmirlər. Nədən ki, erməniliyin mahiyyəti, mənəviyyatı çirkli, uydurma və saxtadır.

Salman ALIOĞLU,

"Respublika".