VƏTƏN MÜHARİBƏSİ İŞTİRAKÇILARINA MEDALLAR TƏQDİM OLUNDU
Sosial həyat

VƏTƏN MÜHARİBƏSİ İŞTİRAKÇILARINA MEDALLAR TƏQDİM OLUNDU

Yevlaxda Vətən müharibəsi veteranlarına medalların təqdim olunması ilə bağlı növbəti tədbir keçirilib.

Yevlax Şəhər İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax rayon şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə şəhər icra hakimiyyəti başçısının birinci müavini Xaliq Əliyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax rayon şöbəsinin rəisi mayor Samir Qurbanov və Vətən müharibəsi veteranları iştirak ediblər.

Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Xaliq Əliyev Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində möhtəşəm Qələbəmizi təmin edən, adlarını hərb tariximizin səhifələrinə qızıl hərflərlə yazdıran Azərbaycan əsgərlərinin şücaətindən, onların şərəfli həyat və döyüş yolundan geniş söhbət açıb.

Prezident İlham Əliyevin tapşırığı ilə Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhid ailələrinə, müharibə əlillərinə dövlət tərəfindən hər zaman böyük diqqət və qayğı göstərilir. Sağlamlıqlarını torpaq, vətən uğrunda itirən Qarabağ əlillərinin mənzil-məişət şəraitləri yaxşılaşdırılır. Şəhid ailələrinə və əlillərə mənzillər, avtomobillər verilir. Onların müalicəsi üçün reabilitasiya mərkəzləri açılır və lazım gələndə isə müalicə olunmaq üçün xarici ölkələrə göndərilir. Bir sözlə, dövlətin bu təbəqəyə göstərdiyi qayğı göz önündədir və ilbəil artmaqdadır. 

Sonra müharibə veteranlarına təltif edildikləri "Vətən müharibəsi iştirakçısı" medalları təqdim olundu. Vətən müharibəsi veteranları göstərilən diqqət və qayğıya görə möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Zabit XƏLİLOV,

"Respublika".