Vətən Müharibəsi Qəhrəmanı - bizim şəhid məzunumuz
Digər xəbərlər

Vətən Müharibəsi Qəhrəmanı - bizim şəhid məzunumuz

Neçə müddətdir ki, şəhid məzunumuz Azad Hümbətov haqqında məqalə yazmaq fikri məni tərk etmirdi. Hər dəfə onunla bağlı keçirilən tədbirlərdə, valideynləri ilə görüşlərdə iştirak etdikdən sonra buna qərar verməyə bir addım da yaxınlaşırdım. Amma görəcəyim işin məsuliyyətini gözəl dərk edirdim. Axı hər kəlmənin, hər cümlənin yetkinliyinin, dürüstlüyünün, əziz şəhid-məzunumuzun ruhunu oxşayacağının fərqində olmalı, düşündüklərimin səmimi şəkildə oxucuya çatdırmağın qayğısına qalmalıydım...

Azad Arif oğlu Hümbətov 24 yanvar 1996-cı ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. Əslən Göyçə mahalındandır. Birinci sinfə paytaxtın Nərimanov rayonundakı 82 nömrəli tam orta məktəbinə getmiş, 7-ci sinifdən təhsilini 291 nömrəli "Araz" Ekologiya Liseyində davam etdirmişdir.

Düz, sərv qaməti, təbəssüm dolu çöhrəsi, işıqlı, gülər gözləri vardı. İncə yumoru da əskik olmurdu. Qısa bir zaman kəsiyində fəallığı, təşkilatçığı, liderlik qabiliyyəti ilə yaşıdlarından seçilməyə və müəllimlərinin diqqətini cəlb etməklə yanaşı, onların hörmətini də qazanmağa başladı. Yaxşı dostluq etməyi, ünsiyyət qurmağı, ətrafındakılara qarşı diqqətli olmağı, onları başa düşməyə çalışması, heç nəyə qarşı laqeyd, biganə qalmaması həmişə diqqət çəkirdi. Dost üçün, yoldaş üçün canından keçməyə hazır idi. Sən demə, bu, Vətən üçün canından keçməyə hazırlıq imiş.

2013-cü ildə Azadı məzun kimi yola saldıq. Amma 2020-ci il sentyabrın 27-də başlayan müharibədən düz bir ay keçmiş, 2020-ci il oktyabrın 27-də şəhid kimi qarşıladıq. Bu xəbərdən Ekologiya Liseyinin şagird, müəllim, valideyn ailəsi çox üzüldü, sarsıldı, amma təəccüblənmədi. Bu bizim tanıdığımız, dərs dediyimiz Azad idisə, bu bizim tanıdığımız ailənin övladı idisə başqa cür ola bilməzdi. Müharibənin ilk günündən ön cəbhədə tank komandiri kimi leytenant rütbəsində düşmənlə üzbəüz döyüşə atıldı. Düşmənin 5 tankını qənimət kimi mövqelərimizə gətirdi. Hazırda onlardan üçü Hərbi Qənimətlər Parkında sərgilənir. Qızğın gedən döyüşlərin birində yaralanır. Amma tank mexanikinin daha ağır yaralı olduğunu görüb 25 km məsafə qət edərək onu kürəyində gətirib öz mövqelərimizə çatdırır. Özünü Beyləqanda hospitala yerləşdirirlər. Lakin tam sağalmamış cəbhəyə qayıdır. Oktyabrın 27-də Qubadlı uğrunda gedən döyüşlərdə ağır yaralanır və həyatını xilas etmək mümkün olmur. Canından da çox sevdiyi vətən uğrunda şəhid olur. Özünün dediyi kimi, kişilər sırasına adını əbədi yazdırır. Azad ölümündən sonra "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Vətən uğrunda" medalları ilə təltif edildi. "Vətən Müharibəsi Qəhrəmanı" adına layiq görüldü. İkinci Fəxri xiyabanda dəfn edildi.

Azad şəhid olmamışdan 2-3 gün əvvəl bütün günü gözümün qarşısındaydı, xəyalımdan çıxmırdı. Oktyabrın 27-si idi, səhər işə gələndə Azadın sinif rəhbəri olmuş Sevinc müəllimə dəhlizdə mənə kədərli halda dedi ki, heç bilirsiniz kim şəhid olub? Cavab verdim ki, Sevinc müəllimə, deməyəsiniz ki, bu Azaddır. O, təəccüblə soruşdu: "Niyə məhz Azadı soruşdunuz? Bizim nə qədər məzunumuz var". Cavab verdim ki, neçə gündür Azad gözümün qarşısından getmir. 27 ildir ki, hər il yüzlərlə məzun yola salırıq. Amma son günlər məhz Azad həm xəyalımda, həm də gözlərimin önündədir. Onda fikirləşdim ki, müəllimlər doğrudan da ikinci valideyn olurlar.

Liseyin müəllim, şagird və valideyn kollektivi Azadın xatirəsini həmişə əziz tutmağı, onun ailə üzvləri ilə səmimi, doğma ünsiyyət qurmağı özünün müqəddəs borcu hesab edir.

Azadın təhsil aldığı dövrdə liseyin direktoru olmuş Südabaxanım Mikayılova və 2016-2021-ci illərdə liseydə direktor vəzifəsində çalışmış K.Mirzoyeva dəfn mərasimində iştirak etmişdilər. Liseyin dəhlizində Azadın həyatı və döyüş yolunu əks etdirən guşə hazırlanıb, liseyin həyətindəki səhnədə Azadın böyük ölçüdə şəklinin təsvir edildiyi baner vurulub.

Hər səhər liseyin həyətinə daxil olanda həm müəllimlərini, həm də kiçik lisey dostlarını qarşılayıb, onları salamlayan və liseyin dəhlizinə, oradan da sinif otaqlarına yola salan Azad olur. Vaxt var idi biz hər gün səhər onu qarşılayıb sinif otağına yola salırdıq. İndi bu missiyanı Azad yerinə yetirir. İş gününün sonunda isə bizimlə yenidən sağollaşıb qarşıladığı kimi yola salır.

Müəllimlərin, şagirdlərin, valideynlərin qəlbində yavaş-yavaş bir arzu baş qaldırırdı. Liseyə A.Hümbətovun adının verilməsi arzusu. 26 iyun 2020-ci ildə Silahlı Qüvvələr Günündə Azad Hümbətovun vaxtilə yaşadığı binanın qarşısında onun büstünün açılışı oldu. İlk dəfə olaraq orada Azad haqqında söz söyləmək liseyin müəllimləri adından mənə nəsib olmuşdu. Əlbəttə, duyğulanmadan çıxış etmək mümkün deyildi. Çıxışımın sonunda dövlət qurumlarında çalışan müxtəlif vəzifəli, səlahiyyətli şəxslərin orada olduğunu nəzərə alaraq liseyə Azadın adının verilməsi məsələsini qaldırdım və bunu aidiyyəti qurumlara çatdırmağı xahiş etdim.

2021-ci il noyabrın 3-də liseyə A.Hümbətovun adının verilməsi xəbəri ildırım sürətilə yayıldı və lisey ailəsini həm kövrəltdi, həm də sevindirdi. O zamandan Vətən Müharibəsi Qəhrəmanı Azad Hümbətov adına 291 nömrəli Ekologiya Liseyi bütün tədbirləri Azadla "birgə" keçirir: 27 sentyabr - Anım Günü, 27 oktyabr - Azad Hümbətovun anım günü, 8 Noyabr - Zəfər Günü, 24 yanvar Azad Hümbətovun doğum günü və s. Bizim tədbirlərimizin baş qəhrəmanı Azaddır. Azadın qəhrəmanlığı bizim qürur mənbəyimiz, onun İkinci Fəxri xiyabandakı məzarı and yerimiz, liseyə verilən adı böyük məsuliyyətimizdir.

Vaxtilə Azad təhsil aldığı liseylə fəxr edirdisə, bu gün lisey onunla fəxr edir. Onu da əlavə etmək istəyirəm ki, vaxtilə biz Azada savad, elm öyrədirdiksə, bu gün Azad lisey dostlarına, doğulub boya-başa çatdığı vətənin övladlarına həyat dərsi, vətənpərvərlik dərsi keçir.

Azaddan danışarkən təbii ki, onun ailəsindən söhbət açmamaq mümkün deyil. Yuxarıda qeyd etdiyim kimi, Azad ziyalı ailədə dünyaya göz açıb. Biz onun valideynləri ilə hələ Azad liseydə təhsil alan vaxtlardan tanış idik. Sonralar bu tanışlıq doğmalığa çevrildi. Azadın ailə üzvləri bizim tədbirlərimizin fəxri qonaqlarıdır, tez-tez biz də onların evlərinə gedir, qonağı oluruq. Həm anası Leyla xanım, həm də atası Arif müəllim çox genişürəkli insanlardı. Tədbirlərin birində Arif müəllim mənə bir jurnal verib dedi ki, bu bütövlükdə Azada həsr olunmalıydı. Lakin mən istədim ki, digər şəhidlərimiz haqqında da materiallar dərc olunsun. Doğrudan da mən bu insanın ürəyinin böyüklüyünə təəccüblənməyə bilmədim.

Azad haqqında iki sənədli film çəkilib və o filmdə Azadın valideynlərinin təşəbbüsü ilə müəllimlərinin də çıxışları yer alıb. Azada həsr olunmuş bütün dövlət tədbirlərinə onun müəllimləri dəvət olunur.

Bu gün Azad Hümbətov adına 291 nömrəli Ekologiya Liseyini bitirən məzunlar dünyanın nüfuzlu ali məktəblərinə daxil olurlar və orada bizim XXI əsr savaşının Vətən Müharibəsi Qəhrəmanı Azadın simasında Azərbaycan xalqının qəhrəmanlığını beynəlxalq aləmə bəyan edirlər.

Əgər bu qəhrəmanlıqda zərrə qədər də olsa, Azadın müəllimi kimi zəhmətimiz varsa, deməli, biz xoşbəxt müəllimlərdənik.

Yanvarın 24-də Azadın doğum günüdür. Nə deyək? Cənnətdəki doğum günün mübarək, bizim şəhid məzunumuz, bizim Azadımız! Biz səninlə fəxr edirik! Bizim şagirdimiz olduğun, bizim məzunumuz olduğun, liseyimizin adını daşıdığın, torpaqlarımızı düşmən əsirliyindən azad etdiyin, başımızı uca etdiyin, qəddimizi düzəltdiyin, Vətənimizin Qəhrəmanı olduğun üçün...

Zeynəb QASIMOVA,

Azad Hümbətov adına 291 nömrəli

Ekologiya Liseyinin direktor müavini,

filologiya üzrə fəlsəfə doktoru.