Akademik Budaq Budaqovun elmi yaradıcılıq coğrafiyası
Sosial həyat

Akademik Budaq Budaqovun elmi yaradıcılıq coğrafiyası

Həqiqətən, son illər müasir coğrafiya elminin qloballaşmasına və xüsusilə Qarabağın coğrafiyası ilə bağlı bir çox yeni kompleks tədqiqat istiqamətlərinə, konstruktiv və tətbiqi sahələrinə dair elmi-tədqiqat işlərimiz daha müvəffəqiyyətlə davam etdirilir. Azərbaycanda bu tədqiqat sahələrinin elmi-metodoloji və təcrübə dəyərlərinin əsası hələ yaxın keçmişdə tanınmış tədqiqatçı akademiklərimiz Həsən Əliyev və Budaq Budaqov tərəfindən işlənilmişdir. Qazandığımız elmi-tarixi uğurlarımız indi daha müasir elmi-texnoloji, tətbiqi tədqiqatlar sisteminə söykənərək müvəffəqiyyətlə yenilənir.

Azərbaycan coğrafiya elminin formalaşmasında, onun yeni tətbiqi tədqiqat sahələrinin yaranmasında, yenilənməsində illərlə səmərəli çalışaraq mühüm tədqiqat sahələrinin əsasını qoyanlardan, XX əsr Azərbaycan coğrafiya elminin banilərindən biri olmaq xoşbəxtliyi unudulmaz akademik Budaq Budaqova nəsib olmuşdur. Onun istedadlı alim, yorulmaz tədqiqatçı kimi formalaşmasında böyük rus alimi, tanınmış tədqiqatçı və müəllim, beynəlxalq elm aləmində yaxşı tanınan, Rusiya coğrafiya məktəbinin banilərindən sayılan Nataliya Dumitraşkonun bilavasitə əvəzsiz xidmətləri olmuşdur. B.Budaqov bütün elmi yaradıcılığı boyu bu görkəmli alimin tükənməz və dəyərli əməyini yüksək qiymətləndirmiş, ömrünün sonuna qədər özünün əsl azərbaycanlı məhəbbətini ona bildirmişdir. Akademik Budaq Budaqov elmi yaradıcılığında həmişə məsuliyyətli və ciddi olmuşdur. O, öz üzərində məsuliyyətlə işləyən, çöl tədqiqatlarında topladığı zəngin elmi materialların nəticələrini ümumiləşdirərək son elmi fikrə çatmaq bacarığına malik tədqiqatçı idi. B.Budaqov coğrafiya elmini son dərəcə çox sevir və özünü onun ayrılmaz hissəsi hesab edirdi. Çöl tədqiqatları zamanı günün 14-16 saatını işləyirdi. Çox yaxşı bilirdi ki, çöl şəraitində topladığı ilkin coğrafi materiallar onun gələcək elmi fəaliyyətində yaranan problemlərin həlli və ideyaların meydana gəlməsinin əsasıdır. Daha doğrusu, bir tədqiqatçı kimi yaxşı bilirdi ki, çöl şəraitində topladığı ilkin ekspedisiya materialları və ümumi elmi məlumatları alimin ömürlük istifadə edə biləcəyi ehtiyatda olan tükənməz bilik xəzinəsidir. Bütün dövrlərin böyük alimi İbn Sinanın "sabahın işini bu gün gör, həyat amansızdır" kəlamını Budaq müəllim özünün həyat meyarı qəbul etmişdi.

Alimin çoxillik elmi-ictimai fəaliyyətinin başlanğıcını 1950-ci illərin əvvəllərində Azərbaycanda ilk dəfə apardığı geomorfoloji tədqiqatlar təşkil edir. Həmin illərdə Azərbaycanda istər geomorfologiya ixtisası, istərsə də ümumi coğrafiya elmi üzrə mütəxəssisləri barmaqla saymaq olardı. 1955-ci ildə Budaq Budaqov Moskvada aspiranturanı başa vurduqdan sonra həmin ildə "Cənubi-Şərqi Qafqazın Şimal yamacının geomorfologiyası" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək, ilk azərbaycanlı coğrafiyaçı-geomorfoloq alim kimi doğma Bakıya qayıtdı. O, aspirantura illərində topladığı zəngin çöl materiallarının üzərində yenidən həvəslə işləyərək o dövr üçün çox vacib olan "Azərbaycanın geomorfologiyası" mövzusunda ilk fundamental monoqrafiyanın müəlliflərindən biri oldu. Artıq Azərbaycanın formalaşmağa başlayan elm aləmində gənc mütəxəssis kimi B.Budaqovun ilk töhfəsi, xüsusilə coğrafiya elminin inkişafındakı dəyərli xidmətləri yavaş-yavaş görünürdü.

Budaq Budaqovun sonrakı elmi fəaliyyətinin əsas hissəsini yer elmləri bölməsinin mürəkkəb sahələrindən olan geotektonika, yeni tektonika, paleogeomorfologiya, fiziki coğrafiya, müasir landşaftşünaslıq, ekocoğrafiya, coğrafi fikir tarixi, toponimika, hətta milli poeziyanın coğrafiya elmi ilə qarşılıqlı əlaqəsinin öyrənilməsi əhatə edirdi. Akademikin 1956-cı illərdə Qafqazın geomorfologiyası və geoloji tədqiqatları ilə tədqiqat tarixində ilk dəfə üst sarmat çöküntülərinin 3600 metr mütləq yüksəklikdə aşkar etməsi tektonika, o cümlədən yeni tektonika, geomorfologiya və elmin digər sahələrində Böyük Qafqazın yaşının daha cavan olması nəzəriyyəsinə real elmi əsas yaratmışdır.

B.Budaqovun Azərbaycanda Kiş çayında olduqca təhlükəli sellərin öyrənilməsi ilə əlaqədar 1959-cu ildə apardığı çöl-tədqiqat işlərinin son nəticəsi Azərbaycan ərazisində sellərin formalaşmasının coğrafi qanunauyğunluqlarını və elmdə çox maraqlı olan sel çöküntülərinin genetik təsnifatını müəyyənləşdirməyə imkan verdi. Əldə olunan mühüm elmi yeniliklər həm Kiş çayı hövzəsində və ona qonşu olan ərazilərdə paleogeomorfologiya elminin bir sıra morfometrik problemlərinin həllinə, o cümlədən müasir ekocoğrafi inkişafın tendensiyasının aşkar edilməsinə yardımçı oldu. Budaq Budaqov bu sahədə apardığı elmi-nəzəri uğurlara əsaslanaraq Böyük Qafqaz regionunda məşhur rus tədqiqatçılarının sellərin sönməyə doğru getməsi proqnozunu elmi əsaslarla inkar etdi. Yəni, ümumi coğrafiya elmində uzun müddət hakim olmuş sellərin inkişaf tendensiyası proqnozuna dair yanlış fikirləri akademik B.Budaqov nəzəri cəhətdən yeniləşdirdi. Bununla da təcrübəli tədqiqatçı kimi o, ilk dəfə olaraq həmişəcavan Böyük Qafqaz regioununda paleogeoloji təkamüllə müasir orocoğrafi örtüyün formalaşmasının qarşılıqlı inkişaf tarixi arasındakı asılılığın mövcudluğunu göstərdi. Akademik əldə etdiyi zəngin elmi məlumatlar bazasına əsaslanaraq müasir coğrafiya elmində Böyük Qafqazın dağlıq relyefinin Sarmat əsrindən sonrakı, son doqquz milyon il ərzində yaranması fikrini söylədi. Bu yeni elmi fikir həqiqətən bütün müasir Qafqazşünas geoloq və coğrafiyaşünas tədqiqatçılar tərəfindən maraqla qarşılandı və bəyənildi. Bütünlüklə Qafqazın paleogeotektonik inkişaf mərhələsinin tərkib hissəsi kimi qəbul olundu.

Həmçinin, B.Budaqov Böyük Qafqazda müasir landşaftların təkamülündə və regional kompleks ekosistemlər üzrə formalaşmasında neotektonik hərəkətlərin əsas rol oynadığını göstərməklə yanaşı, müəyyən geoloji mərhələlərdə bu hərəkətlərin baş verməsinin coğrafi qanunauyğunluqlarını, çoxillik dinamikasını, onların müşayiət olunduğu dağıdıcı, təhlükəli təbii fəlakətlərin törətdiyi sosial-iqtisadi-coğrafi göstəricilərə dair yeni əlavələr etdi. Sözsüz ki, alimin bu sahədə əldə etdiyi mühüm elmi uğurları və tərtib etdiyi konstruktiv kompleks regional ekocoğrafi xəritələri müasir coğrafiya elminin tədqiqi yeniləşməsində, antropogen və texnogen problemlərin aqroistehsal həlli məsələlərində indi də müvəffəqiyyətlə istifadə olunur.

Onun Dördüncü dövr geologiyası və paleocoğrafiyasına dair apardığı kompleks coğrafi tədqiqatların nəticələri həm nəzəri və həm də metodiki cəhətdən Azərbaycanın dağlıq zonasında baş vermiş Dördüncü dövr buzlaşmasının coğrafiyasının paleogeomorfoloji ritminin hərtərəfli öyrənilməsi prinsiplərini asanlaşdırdı. Eyni zamanda, alim mövcud paleocoğrafi buzlaşma proseslərinin əsas səbəblərini müvafiq olaraq paleoiqlim tərəddüdlərinin regional mərhələli tendensiyası ilə əlaqələndirmişdir. Bununla da o, həmçinin Azərbaycan ərazisində müasir relyefin çoxəsrlik regional inkişaf dinamikasına orogeoloji və morfostruktur təkamülünə dair özündən əvvəl deyilmiş bir çox qaranlıq elmi fikirlərə ilk dəfə aydınlıq gətirmişdir. Beləliklə, akademik haqlı olaraq hələ öz sağlığında Azərbaycanda müasir geomorfologiya və paleocoğrafiya elminin inkişafını təmin edən nəzəriyyəçi alimlərdən biri olmuşdur. Onun Böyük Qafqazın tədqiqində istifadə etdiyi tədqiqat üsulları və təklif etdiyi yeni elmi-metodiki konsepsiyaları respublikamızın digər mürəkkəb dağlıq sahələrinin sınaq meydanı kimi öyrənilməsində müvəffəqiyyətlə təcrübədən keçirilmiş və bölgələrin geomorfologiyası və paleocoğrafiyası ilə bağlı yeni elmi problemlərin kompleks həllində mühüm rol oynamışdır.

Alimin 1978-ci ildə nəşr etdirdiyi "Cənubi-Şərqi Azərbaycanın geomorfologiyası" adlı kitabı keçmiş sovetlər məkanında müasir coğrafiya elmində yenilik kimi çox böyük əks-səda doğurmuşdu. Həmin kitabdakı yeni elmi-metodoloji fikir və ideyaların əhəmiyyətinə görə B.Budaqov ilk dəfə azərbaycanlı coğrafiyaçı alim olaraq keçmiş sovetlər məkanında ən nüfuzlu Coğrafiya Cəmiyyətinin qızıl medalına layiq görüldü. Elə həmin ərəfələrdə onun sovet-hind birgə elmi simpoziumundakı "Coğrafi problemlərin regional inkişafı və aqrar planlaşdırılması" mövzusunda çıxışı Azərbaycanda müasir coğrafiya elminin sistemli inkişaf strategiyasının stabil olduğunu bir daha təsdiq etdi. Akademikin bilavasitə təşəbbüsü ilə AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun strukturunda tamamilə yeni təyinatlı elmi-tədqiqat landşaftşünaslıq və coğrafi fikir tarixi elminin yeni elmi-nəzəri konsepsiyası işlənildi və müvafiq şöbələri yaradıldı. Hazırda coğrafi fikir tarixi şöbəsində ümumi coğrafiya elminin təkamülü, Azərbaycanda coğrafiya elminin inkişaf tarixi, coğrafiya elminin formalaşması mərhələləri, Azərbaycan coğrafiyasının multikulturalizm dəyərləri və Azərbaycanda coğrafiya elminin inkişafında klassik mənbələrdəki coğrafi fikir və ideyaların rolu haqqında silsilə elmi hesabatlar hazırlanır.

Azərbaycanda müasir landşaftşünaslıq sahəsində güclü elmi potensiala malik məktəbin yaranması və formalaşması B.Budaqovun adı ilə bağlıdır. Vaxtilə onun rəhbərliyi və bilavasitə iştirakı ilə hazırlanmış müxtəlif miqyaslı regional aqrar landşaft və kosmo-ekocoğrafi xəritələri indi daha konstruktiv və morfometrik materialların hazırlanmasında əsaslı mənbə kimi istifadə olunur, o cümlədən landşaftın struktur-ərazi diferensiasiyasında yeni tektonik hərəkətlərin rolu, ekosistemlərin geokimyası, aqroekoloji problemləri və landşaftların dayanıqlığı, aerokosmik xəritələrin deşifrlənməsi və s. sahəsində mühüm elmi-tədqiqatlarımız işlənilmişdir. Hazırda AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun təşəbbüsü əsasında yeni yaradılmış landşaft planlaşdırılması tədqiqat sahəsinin perspektiv məqsədi Azərbaycanda landşaftların potensial ehtiyatlarının aqrar təsərrüfatlara tətbiqini və məhsuldarlığını qat-qat artırmaqdır. Bu sahədə tədqiqatlarımız müvəffəqiyyətlə davam etdirilir. Sözsüz, bunlar da özlüyündə Azərbaycanda aerokosmik metodların coğrafiyaya tətbiqi, şirin su ekosistemlərinin aqrar landşaftların yenidən planlaşdırılması və Qarabağda müasir ekosistemlərin regional tədqiqi məsələsində müasir coğrafiya elminə strateji dayaqdır.

Vaxtilə akademik B.Budaqov hazırda bütün dünyanın elm ictimaiyyətini düşündürən və narahat edən müasir səhralaşma, təbiətin deqradasiyası və istiləşmənin gələcəkdə bəşəri fəlakətlərin yaranması haqqında da müəyyən fikirlər söyləmişdir. Alimin ilk dəfə tərtib etdiyi Azərbaycanın ekoloji-coğrafi rayonlaşdırma xəritəsində coğrafi ekosistemlər üzrə problemlərin həlli məsələsinə toxunulmuşdu. Onun "Azərbaycanın təbiət abidələri" əsəri həqiqətən xalqımızın vətənpərvərlik və vətənə məhəbbət mədəniyyətinin yüksəlməsində, təbiətə bağlılığın artmasında ümummilli coğrafi çağırışı kimi mühüm rol oynamışdır. Qədim tarixi ozan qaynaqlarında Azərbaycan coğrafiyasının tədqiqi və milli-mədəni dəyərlərimiz olan bir çox şairlərimizin, şeir və sənət dühalarının yazılarında təbiət gözəlliyinin tərənnümü, təbiətin poeziya işığında təsviri, ən başlıcası isə ayrı-ayrı coğrafi komponentlərin timsalında tarixi-poetik obrazların daxili aləminin açılmasına yanaşma məsələləri demək olar ki, akademik B.Budaqovun elmi yaradıcılıq salnaməsində xüsusi yer tutmuşdur.

“Qədim Azərbaycan mənşəli coğrafi toponimlərin izahlı lüğəti” əsərində dünya ictimaiyyətinin, erməni millətçilərinin diqqətinə çatdırdı ki, tarixi Azərbaycan torpağı olan İrəvanda əksəriyyəti türk dillərinə mənsub bütün coğrafi adların tarixi kökləri dəyişdirilmiş, həmin coğrafi adların heç biri erməni mənşəli olmamışdır. Qədim tarixi-coğrafiyanın arxeoloji milli nişanələri bir daha göstərdi ki, indiki İrəvan coğrafi məkanı əslində qondarma Ermənistan dövlətinə deyil, bilavasitə Azərbaycana məxsusdur. Budaq müəllim Azərbaycanda müasir coğrafiya elminin böyük strateqi olmaqla doğma xalqımızın, dövlətimizin, gələcəyimizin coğrafi perspektivləri haqqında daim düşünürdü. Xüsusilə, o, ulu öndər Heydər Əliyevin milli-siyasi qüdrətini təbliğ edən, elmi yaradıcılığının şah əsəri olan "Heydər Əliyev fenomeni" adlı kitabı ilə bu dahi şəxsiyyətin ömür coğrafiyasını tərənnüm etmiş və müstəqilliyimizin ideya-siyasi banisinin ətrafında daha sıx birləşməyimizə milli-mənəvi stimul vermişdi.

Akademik B.Budaqovun Azərbaycanın coğrafiyası məktəbinin elmi əməkdaşlıq uğurlarının sorağı indi sərhədlərimizdən çox-çox uzaq ölkələrdən gəlir, o cümlədən Cənubi Qafqaz, Mərkəzi Asiya, Sibir regionu, Çin, İran, Türkiyə, Hindistan və s. ölkələr ilə Azərbaycan arasında möhkəm elmi əməkdaşlıq körpüsü yaradılmışdır. Görkəmli alimin rəhbərliyi və zəhməti sayəsində Azərbaycan elmi üçün olduqca dəyərli olan 50-dən çox yüksəkixtisaslı coğrafiyaçı kadrlar hazırlanmışdır. Hazırda onlar istər Azərbaycanda, istərsə də xaricdə müasir coğrafiya elminin yeniliklərini və inkişaf strategiyasını müvəffəqiyyətlə davam etdirirlər. Bir sözlə, akademik B.Budaqovun coğrafiya elminin gələcək strategiyasına dair fikir və ideyaları daim mərhələ-mərhələ araşdırılıb öyrənilir.

Zakir EMİNOV,

AMEA-nın akademik Həsən Əliyev

adına Coğrafiya İnstitutunun

baş direktoru, coğrafiya elmləri doktoru.

 

Habil HAQVERDİYEV,

şöbə rəhbəri,

coğrafiya üzrə fəlsəfə doktoru.