Vətəndaşların sağlamlığı diqqət mərkəzində
Səhiyyə

Vətəndaşların sağlamlığı diqqət mərkəzində

İnsan sağlamlığı hər bir cəmiyyət, dövlət üçün əsas məsələdir. Son illər səhiyyə sahəsində aparılan islahatlar, yeniliklər müsbət nəticələr verməkdədir. Diaqnostik müayinə, müalicə kompleks şəkildə təmin edilir. Bir neçə ildir ki, Azərbaycanda icbari tibbi sığorta həyata keçirilir. Hər il təqribi dörd milyondan çox Azərbaycan vətəndaşı bu xidmətdən istifadə edir. Müxtəlif xəstəliklər üzrə insanlar pulsuz dərmanlarla təmin olunur.

2003-cü ildən bu yana Azərbaycanda sosial sahənin əsas istiqaməti olan səhiyyənin inkişafı üçün böyük işlər görülür. Xəstəxanalar tikilir, avadanlıqlar müasir standartlara cavab verir, tibbi xidmətin səviyyəsi yüksəlir. İslahatlar, qanunverici bazanın təkmilləşdirilməsi, ölkənin elmi-tibbi potensialının gücləndirilməsi bu gün milli səhiyyənin əsas inkişaf istiqamətlərindəndir. Bütün bunlarla yanaşı, ölkəmiz icbari tibbi sığorta tətbiq etməklə ilkin tibbi yardımı gücləndirir, təcili tibbi yardım xidmətlərini yeniləyir, elektron səhiyyə platforması və dövlət səhiyyə hesablarını istifadəyə verməklə rəqəmsallaşmanı təmin edir.

Ölkə başçımız səhiyyə sistemində aparılan islahatlara yüksək dəyər verir. İnsanların sağlamlığının qorunması, gələcək nəslin sağlam böyüməsi Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir. Bu gün Azərbaycanın hər bir guşəsində insanlara müasir xəstəxanalarda keyfiyyətli tibbi yardım göstərilir.

2020-2022-ci illər ərzində bütün dünya koronavirus infeksiyasına qarşı mübarizə aparıb. Ölkəmizdə də bu gözəgörünməz bəlanın yayılmasının qarşısını almaq üçün dövlət səviyyəsində mühüm işlər görülüb. 2021-ci ildə Prezident İlham Əliyevin təşəbbüsü ilə COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü keçirilib. Bu zaman ölkə başçımız digər dövlət başçılarına koronavirusla mübarizə ilə bağlı hesabatları açıqlayıb. Daha sonra "COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi" adlı qətnamə qəbul edilib. Pandemiya vaxtı Ümumdünya Səhiyyə Təşkilatı İlham Əliyevin prosesdəki fəaliyyətini alqışlayıb, koronavirusa qarşı mübarizədə Azərbaycan təcrübəsinin dünya miqyasında ən mükəmməl modellərdən biri kimi qəbul olunub.

2021-ci il aprelin 1-də ÜST-ün baş direktorunun təşəbbüsü ilə İlham Əliyevlə Tedros Adhanom Gebreyesusun videokonfrans formatında görüşü keçirilib.

Konfransda Azərbaycanın təşkilata bütün sahələrdə, o cümlədən maliyyə sahəsində 10 milyon dollar dəyərində etdiyi yardımı, ölkəmizin ÜST-ə siyasi və mənəvi dəstəyi yüksək qiymətləndirilib.

Tibbi xidmətin hər kəs üçün əlçatanlığının təmin olunması dövlətimizin prioritet məsələlərindəndir. Bu il keçirilən Dünya Azərbaycanlı Təbiblərinin I Simpoziumunda Prezident İlham Əliyev iştirakçılara müraciət edərək bildirib: "Respublikamızın regionlarında yeni-yeni diaqnostika mərkəzləri və şəfa ocaqları istifadəyə verilmiş, səhiyyə müəssisələri qabaqcıl texnologiyalara əsaslanan tibbi avadanlıqlarla təchiz edilmiş, əhalinin sosial müdafiəsinin başlıca tərkib hissəsi kimi həyati əhəmiyyətə malik icbari tibbi sığorta tətbiq olunmuşdur. Son illərdə təbabətin aktual məsələlərinə dair beynəlxalq səviyyəli konfrans və görüşlərə ölkəmizin ev sahibliyi etməsi isə Azərbaycan səhiyyəsinin qlobal səhiyyə sisteminə inteqrasiyasına əlverişli zəmin yaratmışdır".

Hazırda işğaldan azad olunan rayonlarımızda da müasir tibb ocaqlarının tikilməsi, ən son tibbi texnologiyaların insanların xidmətinə verilməsi prosesi davam edir. Ölkə başçımız təkcə bu il Zəngilan və Qubadlıda Rayon Mərkəzi Xəstəxana binalarının təməlini qoyub. Bununla yanaşı, iyulun 21-də Prezident İlham Əliyev 90 çarpayılıq Şuşa şəhər xəstəxanasının binasında tikinti işlərinin gedişi ilə tanış olub. 3,7 hektara yaxın sahədə inşa edilən xəstəxana binası 4-ü dördmərtəbəli, 2-si isə birmərtəbəli olmaqla 6 korpusdan ibarətdir. Binanın zirzəmi hissəsi stasionar tibbi xidmət və sığınacaq kimi, həmçinin zərurət yarandıqda hərbi hospital kimi fəaliyyət göstərəcək. Stasionar xidmət sahəsində qəbul, terapiya, pediatriya, cərrahiyyə, doğuş, ginekologiya, yoluxucu xəstəliklər, anesteziologiya-reanimasiya, hemodializ şöbələri fəaliyyət göstərəcək. Bununla yanaşı, ambulator xidmət sahəsində isə konsultativ poliklinika, uşaq poliklinikası, şüa-diaqnostika, funksional diaqnostika, fizioterapiya və tibbi bərpa şöbələri, həmçinin klinik diaqnostik laboratoriya yaradılacaq.

Vətəndaşlarımızın sağlamlığı dövlət başçısının diqqət mərkəzindədir. Buna görə də səhiyyə xidmətlərinin təşkili üçün genişmiqyaslı işlər həyata keçirilir.

Töhfə SƏMƏDOVA,

"Respublika".