Vüqar Bayramov: Laçının bölgədəki əhəmiyyəti getdikcə artır
Siyasət

Vüqar Bayramov: Laçının bölgədəki əhəmiyyəti getdikcə artır

Xəbər verdiyimiz kimi, avqustun 26-da İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Həkəri çayının sahilində keçirilən “Laçın Şəhəri Günü” bayram tədbirində iştirak ediblər. Ölkə başçısı tədbirdəki çıxışı zamanı bir sıra vacib məqamlara toxunub.

Məsələ ilə bağlı "Respublika"-ya açıqlama verən millət vəkili Vüqar Bayramov Laçında şəhər gününün qeyd edilməsinin yalnız ölkə daxilində deyil, eyni zamanda xaricdə də kifayət qədər ciddi marağa səbəb olduğunu deyib: "Azərbaycan Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə keçirilən tədbirlər ölkəmizin əzmini, gücünü və eyni zamanda strateji iradəsini bir daha nümayiş etdirdi. Azərbaycan çox qısa zamanda Laçın şəhərinin bərpasını, yenidənqurulmasını həyata keçirir. Cənab Prezidentin çıxışında qeyd olunduğu kimi, artıq 700 bina təmir edilib və inşa edilib ki, bu çox qısa zamanda baş verib. Əslində Laçın praktik olaraq çox qısa zamanda bərpa edilən şəhərlər sırasındadır. Müharibədən sonra bərpa tarixinə görə Laçın və kifayət qədər qısamüddətli dövrü əhatə edir".

Deputat, həmçinin Laçının bölgədəki əhəmiyyətinin daha da yüksəldiyini bildirib: "Laçın şəhəri böyük iqtisadi potensiala malikdir.  Prezidentin çıxışında da bu məqam qeyd olundu. Çünki nəzərə alsaq ki, bir tərəfdən Laçının aqrar və sənaye potensialı var, digər tərəfdən turizm imkanları genişdir, çox qısa zamanda kommunal xidmətlərin verilməsi və enerji sahəsində təminatın daha da gücləndirilməsi, yol infrastrukturunun genişləndirilməsi ilə bağlı layihələr həyata keçirilir. Bu, təbii ki, Azərbaycanın iqtisadi gücünü bir daha təsdiq edir. Laçının inkişafı, yenidən qurulması və eyni zamanda Azərbaycan iqtisadiyyatına inteqrasiyası, təbii ki, bölgənin inkişafına bir töhfədir".

Vüqar Bayramov Laçına qayıdış məsələsinə də toxunub: "Sakinlər artıq işğaldan azad edilmiş ərazilərə geri qayıdırlar. İlin sonuna qədər Laçın daxil olmaqla, 2000 ailənin işğaldan azad olunmuş ərazilərimizə qayıdacağı planlaşdırılıb. Müharibədən üç il keçməsinə baxmayaraq, biz işğaldan azad olunmuş çox fərqli şəhərlərimizdə, o cümlədən, Laçında böyük qayıdışı müşahidə edirik. Ona görə Azərbaycan kifayət qədər qürurverici günlərini yaşayır. Bu tarixi günlərdə strateji əhəmiyyəti olan Laçın şəhərində keçirilən tədbirlərin xüsusi əhəmiyyəti var. Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altında Azərbaycan ordusu ölkəmizin suveren hüquqlu sərhədlərini qorumaq gücündədir. Laçın inkişaf edəcək, daha da böyüyəcək. Çox qısa zamanda Laçın bölgənin ən inkişaf etmiş rayonlardan birinə çevriləcək".

Nəzrin ELDARQIZI,

"Respublika".