Xalqımızın mübarizə əzmi
Tarix

Xalqımızın mübarizə əzmi

1990-cı ilin qarlı, boranlı 20 yanvar günü... Damarlarda qan donduran o müdhiş gecə... Yox, o gün şaxtadan, sazaqdan deyil, baş verənlərin dəhşətindən donmuşdu çöhrələrdəki təbəssümlər, dodaqlardakı gülüşlər, sevgi dolu gözlər... Günahsız insanların axıdılan qanlarına yer-göy ağlayır, fəryad qoparırdı. Hər addımda yollara düzülmüş cansız insanların ruhu isə vətən göylərində dolaşaraq qorxmazlığı, cəsurluğu ilə ölümə meydan oxuyurdu. O gecə işığı sönən ocaqları azadlıq, istiqlaliyyət qığılcımları alovlandırdı. Vətən torpaqlarına göz dikən yağıların xəbis niyyətlərini puç edənlər, "Torpaqdan pay olmaz" deyənlər ölümdən belə çəkinmədən ədalətsizliyə, haqsızlığa qarşı mübarizəyə qalxdılar...

19 yanvar... Gecənin zülmətini, sükutunu pozan güllə səslərini ildırım çaxması zənn etmişdim. Divarların silkələnməsini yeraltı təkan sanıb qorxudan nə edəcəyimi bilməmişdim. Bir an içində fikrimdən nələr keçməmişdi?.. Yalnız gecənin bir aləmində öz istiqlaliyyəti uğrunda ayağa qalxan dinc insanlara silahların tuşlanmasından savayı. Getdikcə artan atəş səslərinin, küçələrə axışan insan izdihamının təbiət hadisəsi ilə heç bir əlaqəsi olmadığını anlasam da, hələ də baş verənlərin mahiyyətini tam dərk edə bilmirdim. Çünki o vaxta qədər müharibələri, insanların atəşə tutulmasını, qan tökülməsini ancaq filmlərdə görmüşdüm. Bütün bunları bir gecədə yaşamaq, üstəgəl səhər açılar-açılmaz sevimli müəlliminin də rus əsgərləri tərəfindən güllələnməsi xəbərini almaq sözün əsl mənasında faciə idi. Bəli, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə xalqımız faciə yaşadı. Qanlı 20 Yanvar faciəsini. O gün həm də qarşıdakı illərdə xalqımızın başına gətiriləcək müsibətlərə zəmin yaradılırdı.

Ötən əsrin sonlarında Qarabağ və ətraf rayonlarda yaşayan soydaşlarımız öz tarixi torpaqlarından növbəti dəfə kütləvi şəkildə deportasiya edilmiş, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağın Ermənistana birləşdirilməsi cəhdləri baş qaldırmışdı. Ulu öndər Heydər Əliyev siyasi hakimiyyətdən uzaqlaşdırıldıqdan sonra SSRİ rəhbəri M.Qorbaçov Azərbaycanın tarixi ərazisi olan Qarabağı Ermənistanın tərkibinə daxil etmək üçün müxtəlif yollara əl atırdı. Nəhayət, 1989-cu ildə Moskvanın himayədarlığı ilə keçmiş "Dağlıq Qarabağ Muxtar Vilayəti"nin Ermənistana birləşdirilməsi haqqında Konstitusiyaya zidd qərar qəbul edildi və burada fəaliyyət göstərən bütün müəssisələr Azərbaycandan ayrılaraq Ermənistanın müvafiq nazirlik və idarələrinin tabeliyinə verildi. Rayon partiya komitələri Ermənistanın tərkibinə daxil oldu. "DQMV" ərazisində Ermənistanın bayrağı və gerbi asıldı. Bununla da Ermənistan Azərbaycanın ərazi bütövlüyünə qarşı iddialarını rəsmən elan edərək azərbaycanlıları öz doğma torpaqlarından zorakılıqla deportasiya etdi.

Mərkəzi hakimiyyətin bu qansızlığına, başına gətirilən müsibətlərə etiraz edən xalq Bakıda və respublikanın bir çox bölgələrində mitinqlər, yürüşlər keçirirdi. Amma öz hakimiyyətini qorumaqdan ötrü mərkəz istiqlaliyyəti, müstəqilliyi üçün ayağa qalxan xalqın azadlıq istəyini boğmaq üçün hər şeyə hazır idi, günahsız,əliyalın insanları güllələməyə, tankların altında əzməyə belə. Daxildəki satqınların, xalqın qanına susayanların əli ilə bu qanlı siyasəti həyata keçirmək daha asan idi. 20 Yanvar gecəsində olduğu kimi...

SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanına əsasən respublikada fövqəladə vəziyyətin yanvarın 20-də, saat 00:00-dan başlanmasına göstəriş verildiyinə baxmayaraq, qoşun hissələrinin və ağır hərbi texnikanın şəhərə yeridilməsinə yanvarın 19-dan başlandı. İlk olaraq həmin gün Azərbaycan Televiziyasının enerji bloku partladılaraq sıradan çıxarıldı. Bu da səbəbsiz deyildi: xalq heç bir yerdən informasiya almamalı, heç nədən xəbər tutmamalı idi. Xalqı baş verənlərdən xəbərsiz qoymaq, ona divan tutmaq, qırğın törətmək üçün qoşunlardan istifadə ediləcəyi, heç kəsə aman verilməyəcəyi, habelə ən başlıcası fövqəladə vəziyyətin elan olunacağı vaxtı gizli saxlamağın ən optimal variantı televiziyanın - yeganə informasiya məkanının olmaması idi. Hadisələr SSRİ Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyinin xüsusi təyinatlıları və SSRİ DTK-nın təxribat qrupları tərəfindən hazırlanmış plan üzrə irəliləyirdi. Nə baş verdiyini hələ də tam ayırd edə bilməyən insanlar küçələrə axışır, yaranmış hadisələrin mahiyyətini öyrənmək istəyirdilər. Elə hazırlanmış planın əsas tərkib hissəsi də bundan ibarət idi. Küçələrə axışan insanları qırmaq, xalqın ərazi bütövlüyü, suverenliyi uğrunda mübarizəsini yerindəcə boğmaq, gözünü ölümlə qorxutmaq, onu hədələmək, yerində oturtmaq...

Bakıda sovet ordusu tərəfindən dinc əhaliyə qarşı dəhşətli, kütləvi qırğın hadisəsi törədildi. Rus hərbçiləri əliyalın insanları, yaşayış evlərini, təcili yardım maşınlarını, şəhər nəqliyyatını avtomat silahlardan atəşə tutur, yaralıları öldürür, meyitləri yandırır, təhqir edir, qoca, uşaq, qadın demədən insanları tanklarla əzib keçirdilər. Şəhərin küçələri günahsız insanların qanına qərq olmuşdu. Əsgərlər tibb müəssisələrini mühasirəyə alaraq yaralı mülki şəxslərin buraya gətirilməsinə, tibbi heyətin yaralılara köməyə getməsinə mane olurdular.

Bütün bunlar xalqın əzmini qıra bilmədi. Sovet rəhbərliyi bu istiqlaliyyət mücadiləsinin qarşısını almaq, milli azadlıq hərəkatını boğmaq istəsə də, xalqımız öz azadlığı uğrunda apardığı mübarizənin dönməzliyini bütün dünyaya nümayiş etdirdi.

Mehparə ƏLİYEVA,

"Respublika".