Xarici ölkələrin hərbi attaşeləri Şuşaya səfər ediblər
Digər xəbərlər

Xarici ölkələrin hərbi attaşeləri Şuşaya səfər ediblər

Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal antiterror tədbirlərindən sonra ilk dəfə ölkəmizdə akkreditə olunmuş xarici ölkələrin hərbi attaşeləri Şuşaya səfər ediblər.

AZƏRTAC xəbər verir ki, hərbi attaşelər antiterror tədbirlərindən sonra Şuşadan Xankəndi istiqamətində Azərbaycan Ordusunun nəzarətinə keçən ərazilərə baxış keçiriblər.

Qonaqlar əvvəlcə terrorçu separatçılara məxsus olmuş hərbi hissədə olublar.

Daha sonra separatçılardan müsadirə olunan texnikalara və silah-sursata baxıblar. General-mayor Mayis Bərxudarov nümayəndə heyətini silahlar haqqında məlumatlandırıb, döyüş sursatlarının hansı ərazidə ələ keçirildiyi barədə onlara danışıb.

Bu günədək ələ keçirilən qənimətlərin siyahısında 4 tank, 1 PDM, 3 MT-LB ZQ-20/3 "Zastava", 12 haubitsa, 12 minaatan, 468 mina, 956 mina üçün atım, 441 minaatan mərmisi, 22 qumbaraatan, 46 qumbaraatan mərmisi, 313 atıcı silah, 66 min 242 patron, 50 raket, 300 partladıcı, 62 əl qumbarasının olduğu qeyd edilib.

Daha sonra ələ keçirilən hərbi qənimətlərlə bağlı videoçarx nümayiş olunub.

Qeyd edək ki, səfərdə 9 attaşe və iki beynəlxalq təşkilat nümayəndəsi iştirak ediblər. Onları Müdafiə Nazirliyinin rəsmiləri müşayiət ediblər.