Xarici qonaqların Qarabağa marağı artır
Digər xəbərlər

Xarici qonaqların Qarabağa marağı artır

İşğal dövründə torpaqlarımızı itirməklə yanaşı, bölgədə olan tarixi-mədəni abidələrin itirilmə təhlükəsi ilə də üzləşdik. Təəssüflər olsun ki, Ermənistan ötən 30 il ərzində Qarabağda Azərbaycanın minlərlə tarixi-mədəni abidəsini ya tamamilə dağıdıb, ya da böyük zərər verib. Artıq dövlətimiz erməni işğalına son qoyduğu kimi, bölgədə olan abidələrimizi də öz azadlığına qovuşdurub. İndi azad Qarabağın hər yerində tikinti-bərpa işləri aparılır. Bütün infrastruktur yenidən tikilib qurulur. Əhalinin yaşayışı üçün binalar, fərdi evlər inşa edilir. Tikinti-bərpa işləri bununla da bitmir. Azərbaycan tarixinin,  mədəniyyətinin bir hissəsini təşkil edən abidələrimizə də yeni nəfəs, yeni həyat verilir. Onu da qeyd edək ki, indi dünyanın maraq və diqqəti Azərbaycandadır. Çünki ölkəmiz məruz qaldığı işğalçılıq siyasətinin ağrılarını, faciələrini, erməni vandalizminin nəticələrini bütün dünyaya çatdırmaq istiqamətində mühüm işlər görür. Əlbəttə ki,  dünyanın da baş verənlərə münasibət bildirməsi bizim üçün çox vacibdir. Elə bu məqsədlə də xarici ölkə nümayəndələrinin tez-tez əraziyə səfərləri təşkil edilir.

Yaxın günlərdə Qarabağın incisi olan Şuşaya daha bir xarici nümayəndəliyin səfəri baş tutdu. Səfər Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə təşkil olunmuşdu.  ÀBŞ-da fəaliyyət göstərən Amerika Azərbaycan Mədəniyyət Fondunun rəhbəri, ABŞ və İsrailin bir qrup rejissor, prodüser, jurnalist və digər sənət adamları Şuşa şəhərində səfərdə olublar. Qonaqlar şəhərdə aparılan abadlıq-quruculuq işləri, tarixi və mədəni abidələrlə tanış olublar. Eyni zamanda, erməni vandallarının şəhərdə törətdiyi vəhşilikləri öz gözləri ilə görüblər.

Ermənistanın Şuşanı işğal etməsindən sonra şəhərdə Azərbaycana aid olan bir çox tarixi-memarlıq, mədəniyyət abidələri ermənilər tərəfindən dağıdılmışdır.  Bu abidələr özündə Azərbaycan tarixini, mədəniyyətini əks etdirməklə bərabər,  həm də Şuşanın tarixinin bir hissəsidir. İşğalçı ölkə də bütün bunları çox gözəl bildiyi üçün şəhərdə azərbaycanlılara aid nə varsa məhv edib, izi itirməyə çalışıb. Azərbaycan dövləti Ermənistanın işğalçılıq siyasətinə son qoyaraq 2020-ci il 27 sentyabr tarixində başlayan Vətən müharibəsində torpaqlarını azad etdi. Qarabağı və onun incisi sayılan Şuşa düşmən tapdağından azad olundu. 44 günlük Vətən müharibəsində Şuşa Azərbaycanın hərb tarixinə həm də qəhrəman şəhər kimi də daxil edildi.

Azadlığına qovuşan Şuşa qələbənin ilk günlərində öz görkəmi ilə ürəkləri ağrıtsa da dövlətimiz buna da son qoydu. Belə ki,  şəhər azad edildikdən qısa  müddət sonra, ölkə başçısı İlham Əliyev Şuşaya səfər etdi. Gördüyü mənzərədən təsirlənsə də, şəhərin əzəlki görkəminin tezliklə özünə qaytarılacağına söz verdi. Beləcə, şəhərdə təmir-bərpa işləri başladı. İlkin olaraq Vaqifin məqbərəsi, Bülbülün ev-muzeyi və s. bir çox abidələr bərpa edildi. İndi şəhərə səfər edən xarici və yerli nümayəndələrin üz tutduqları ünvanlardan biri də məhz tarixi yerlərdir. ABŞ və İsraildən gələn qonaqlar da ilkin olaraq Şuşa Qalası,  Bülbülün ev-muzeyi, “Güllələnmiş heykəllər" kimi bir çox tarixi abidələri ziyarət ediblər. Şəhərdə aparılan tikinti-quruculuq işləri ilə yaxından tanış olublar.

Onu da qeyd edək ki, təşkil olunan səfərlərdə məqsəd Azərbaycan həqiqətlərini, Qarabağın işğalının yaratdığı faciələri dünya ictimaiyyətinə  çatdırmaqdır. ÀBŞ və İsraildən olan nümayəndə heyəti Şuşaya səfərdən  əvvəl Cəbrayılda Xudafərin körpüsünü də ziyarət ediblər.

                                 Ramidə YAQUBQIZI ,

                                      “Respublika”.