Xatirələrdə yaşayan igid
Sosial həyat

Xatirələrdə yaşayan igid

Orxan haqqında ilk söhbətimiz oxuduğu kənd məktəbində onun riyaziyyat müəllimi, eyni zamanda sinif rəhbəri olmuş İmran Müslümovla oldu. "Bu şagirdimin ağlı, düşüncəsi, hərəkətləri yaşından çox-çox irəlidə idi" - söylədi İmran müəllim. Onunla aramız şagird-müəllim münasibətini keçib dostluğa çevrilmişdi. Yoldaşlarından seçilən, bütün işlərdə fəal, həm də nizam-intizamlı bir şagird idi. İdmanı çox sevirdi. Müntəzəm olaraq kinq-boksinq ilə məşğul idi. Hərbi dərslərə böyük maraq göstərirdi. Avtomat silahını bir göz qırpımında söküb yığırdı. Heç yadımdan çıxmır. Sonuncu dəfə məktəbə hərbi paltarda gəlmişdi. Hərbi geyim ucaboylu, pəhləvan cüssəli Orxana o qədər yaraşırdı ki, onun bu görkəmi hələ də gözümün önündən getmir. Bütün müəllim-şagird kollektivi Orxanın ölümünə təəssüflənir. O, nəinki məktəbimizin, bütün kəndin fəxridir.

Vətən uğrunda canını fəda edən Xaçmaz rayonunun Hülövlü kəndinin igid oğlu şəhid Daşdəmirov Orxan Rafael oğlunun çox qısa, lakin şərəfli ömür yoluna nəzər salırıq. 20 yaşa çata bilmədi. Cəmi 19 illik çox qısa bir ömür yaşadı Orxan. 2018-2019-cu illərdə Xüsusi Təyinatlı Qüvvələrdə həqiqi hərbi xidmət keçmişdi. Xidmətini başa vurub ordu sıralarından geri dönmədi. Gizirlik kursuna yazıldı. Üç aydan sonra oranı bitirib yenidən xüsusi təyinatlı hərbi hissədə xidmətə başladı. Cəbhədə baş verən hadisələri diqqətlə izləyən bu vətənpərvər gənc qarşıda ağır bir imtahanın olduğunu yaxşı başa düşürdü. Onu da bilirdi ki, mənfur düşmənin üzərində qələbə çalmaq üçün gecə-gündüz hərbin sirlərini öyrənmək, çətinliklərə sinə gərmək lazımdır. Odur ki, təlimlərdə fəal iştirak edir, fiziki və hərbi hazırlığını durmadan artırırdı. Vətən müharibəsi başlayanda Orxan və onun təmsil etdiyi xüsusi təyinatlıların kəşfiyyat qrupu artıq Murovdağda idi. Müharibənin elə ilk günündən onlar qanlı döyüşlərə atıldılar. Xeyli ərazini düşməndən azad etdilər. Kəlbəcərin Susuzluq kəndi istiqamətində gedən ağır döyüşlərdə Orxan qəhrəmanlıqla həlak oldu. Ölümündən sonra igid döyüşçü "Vətən uğrunda", "İgidliyə görə", "Kəlbəcərin azad olunmasına görə" medalları və "3-cü dərəcəli Rəşadət" ordeni ilə təltif olunmuşdur.

Komandirləri, silah yoldaşları Orxanın döyüş məharətindən, cəsurluğundan danışaraq deyirlər ki, gənc olmasına baxmayaraq, hələ müharibədən əvvəl keçirilən döyüş hazırlığı təlimlərində əsl kəşfiyyatçı kimi formalaşmışdı. Fiziki cəhətdən çox sağlam və çevik idi. Yaranmış çətin vəziyyətdə tez və düzgün qərar verməyi bacarırdı.

Ailənin tək oğul övladı idi Orxan. Mehriban bir ailədə böyümüşdü. Həyata yenicə atılsa da bu gənc el-obasında hörmət sahibi idi. Yaxınları, qonum-qonşu, dostları onun xətrini çox istəyirdi. Yeri gələndə şən zarafatlarından da geri qalmırdı. Atası Rafael kişi deyir ki, Orxan mənim sağ əlim idi. Bütün işlərdə mənə kömək edirdi. Onunla maraqlı, şirin söhbətlərimiz də çox olardı. Son dövrlərdə tez-tez Qarabağda gedən proseslərdən söz açardı. Tovuz döyüşləri başlayanda deyirdi ki, narahat olmayın. Ordumuz düşməndən qat-qat güclüdür. Əsgərlərimizin hərbi hazırlığı və döyüş ruhu çox yüksəkdir. Çox keçməz ki, işğal altında olan torpaqlarımızı geri alarıq. Şuşanı gəzib-görmək hər birimizə nəsib olar. Mən buna əminəm, deyirdi.

Yanvarın 27-si şəhid Orxan Daşdəmirovun doğum günü idi. Həmin gün onun Hülövlü kənd qəbiristanlığındakı məzarı başına çox adam yığışmışdı. Məzar gül-çiçək dəstələrinə qərq olmuşdu. İctimaiyyət, kənd camaatı, məktəblilər onun xatirəsini dərin ehtiramla yad etdilər. Müəllimləri, dostları haqqında xatirələr, məktəblilər şeirlər söylədilər. Çıxışların hamısı bu sonluqla bitirdi: "Orxanın xatirəsi yaddaşımızda, qəlbimizdə əbədi yaşayacaq. Qəbri nurla dolsun".

Ziyafəddin BAYRAMOV.