Xidmət sahəsində dünyaya nümunə – ASAN xidmət
Sosial həyat

Xidmət sahəsində dünyaya nümunə – ASAN xidmət

Prezident İlham Əliyevin "ASAN xidmət" işçilərinin peşə bayramı gününün təsis edilməsi haqqında Sərəncamına əsasən, hər il dekabrın 29-u Azərbaycan Respublikasında "ASAN xidmət" işçilərinin peşə bayramı günü kimi qeyd edilir. "ASAN xidmət" mərkəzləri Prezidentin 2012-ci il 13 iyul tarixli Fərmanına əsasən yaradılıb. Əvvəlcə ölkə daxilində vətəndaş-dövlət qurumu əlaqələrinin inkişafının yeni pilləyə qaldırılması nəzərdə tutulub. Bu gün isə bu layihə ölkə sərhədlərindən kənarda da uğurla tətbiq edilir. "ASAN xidmət" ölkəmizdə ictimai xidmətlər sahəsində əsaslı dəyişikliklər üçün yeni cığır açıb.

Bu mərkəzlər dövlət orqanları tərəfindən göstərilən xidmətlərin bir mərkəzdən həyata keçirilməsini təmin edir, dövlət qulluqçularının fəaliyyətində insanlarla davranışda məmnunluğun təmin edilməsi üçün yeni baxışın formalaşmasına, ölkədə dövlət qulluqçusu-vətəndaş münasibətlərinin keyfiyyətcə yeni mərhələyə keçməsinə imkan yaradır. Mərkəzlərin fəaliyyəti əsasən, operativlik, şəffaflıq, məsuliyyət və rahatlıq prinsipləri əsasında qurulur. Artıq xərclərdən azad olmaq, vaxt itirməmək cəhətdən eyni məkanda bir çox məsələnin həllini tapması "ASAN xidmət" mərkəzlərini fərqləndirən cəhətlərdir. Prezident İlham Əliyevin təşəbbüsü ilə əsası qoyulan bu xidmətin uğurlu olmasının əsas səbəblərindən biri vətəndaşlarımıza verilən xüsusi dəyərdir.

Bu il "ASAN xidmət" mərkəzləri fəaliyyətini uğurla davam etdirib və xidmət şəbəkəsini bir az da genişləndirib. Hazırda ölkəmizdə 26 "ASAN xidmət" mərkəzi fəaliyyət göstərir. Onlardan 7-si paytaxtda olmaqla, digərləri Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ və digər bölgələrdə vətəndaşlara xidmət edir. Prezident İlham Əliyevin sərəncamları ilə "ASAN xidmət"in funksiyaları ilbəil genişləndirilir. "Azərişıq", "Azərsu" və "Azəriqaz" tərəfindən xidmətlərin təqdim olunduğu "ASAN Kommunal", eləcə də "ASAN Viza", "ABAD" mərkəzləri bu sıradandır. Həmçinin "ASAN xidmət" mobil tətbiqi istifadəyə verilib, əsas məqsəd vətəndaşlar üçün operativliyi təmin etməklə, onların vaxt itkisinin, əlavə xərclərinin qarşısını almaq və "ASAN xidmət" mərkəzlərinin idarə edilməsində effektivliyi yüksəltməkdir.

2019-cu ildə beynəlxalq əməkdaşlıq sahəsində vacib layihələrə imza atılıb. İyunun 24-dən 26-dək Bakıda BMT-nin Dövlət Xidmətləri Forumu keçirilib. Bura dünyanın 100-dən çox ölkəsindən 800-dən çox nümayəndə qatılıb. Forumun ölkəmizdə keçirilməsini şərtləndirən amillərdən biri dövlət xidmətləri sahəsində qazanılmış uğurlardır. "ASAN xidmət"in səmərəli fəaliyyəti və 2015-ci ildə BMT-nin Dövlət Xidmətləri mükafatına layiq görülməsi isə digər amillər sırasındadır. Tədbir çərçivəsində Azərbaycan rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində BMT-nin xüsusi mükafatına layiq görülüb. Bununla birlikdə forum zamanı Azərbaycanın təşəbbüsü ilə ölkələrin hüquqi xidmətlər göstərən dövlət orqanlarının assosiasiyasının yaradılması təklifi irəli sürülüb. Bu təşəbbüsə Azərbaycan da daxil olmaqla 8 ölkə qoşulub. Nəticədə dövlət xidmətləri göstərən dövlət qurumlarının ASAN Beynəlxalq Assosiasiyasının yaradılması ilə bağlı Niyyət Protokolu imzalanıb. ASAN Beynəlxalq Assosiasiyasının yaradılmasına dair Protokolu Azərbaycan, Birləşmiş Ərəb Əmirlikləri, Əfqanıstan, İndoneziya, Mərakeş, Monteneqro, Türkiyə və Uqanda dövlətlərinin  müvafiq nazirliklərinin rəhbərləri imzalayıblar.

Həmçinin 2019-cu il dövlət xidmətlərinin elektronlaşması sahəsində də əlamətdar olub. İyunun 1-dən etibarən "myGov" portalı vətəndaşların istifadəsinə verilib. "Qabaqlayıcı hökumət" konsepti əsasında hazırlanmış portal şəxsi kabinet əsaslıdır və vətəndaşlara proaktiv xidmətlər göstərilir. Portaldan artıq 40 minə yaxın vətəndaş istifadə edir və onun üzərindən bir çox xidmətlər proaktiv formada təqdim edilir. Nəqliyyat vasitələrinin idarə edilməsi üçün "Elektron etibarnamə"lərin portal üzərindən əldə edilməsinə imkan yaradılır.

İşçi heyətinə gəldikdə isə əksəriyyətini gənclər təşkil edir. "ASAN xidmət" mərkəzlərində könüllülər də fəaliyyət göstərir. Onlar müxtəlif layihələr həyata keçirib, təlim və treninqlərdə iştirak ediblər, həmçinin "ASAN kadr" portalı vasitəsilə işlə təmin olunurlar. "ASAN xidmət" mərkəzlərinin ölkəmizdə ictimai xidmətlər sahəsində köklü dəyişikliklərə imza atdığını hər kəs görür. Bundan sonra da xidmət sahəsinin inkişaf edəcəyinə, ölkə daxilində və xaricində uğurla tətbiq olunacağına şübhə yoxdur.

Nurcan SÜLEYMANOVA,

"Respublika".