Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar silsilə tədbirlər
Sosial həyat

Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar silsilə tədbirlər

Ankara

Azərbaycanın Türkiyədəki Səfirliyi və Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Vəqfinin (TADİV) təşkilatçılığı ilə Xocalı soyqırımının 31-ci ildönümü və Türkiyədə zəlzələdə həlak olanların xatirəsinə həsr olunmuş "Qədərdə və kədərdə çiyin-çiyinə" adlı konfrans keçirilib.

Tədbirdə Ankara Universitetinin rektoru Necdet Ünüvar, AKP-nin İstanbul millət vəkili, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Şamil Ayrım, Azərbaycan Milli Məclisinin deputatları Kəmaləddin Qafarov və Anar Məmmədov, Azərbaycanın Türkiyədəki səfirliyinin müşaviri Eldar Əliyev, Türkiyənin Dini İşlər üzrə Ali Şurasının sədri professor Abdurrahman Haçkalı iştirak ediblər.

Tədbirdə çıxış edən Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin üzvü, azərbaycanlı professor Aygün Attar bildirib ki, Xocalı faciəsini, günahsız insanların qətlini 31 ildir Azərbaycan əhalisi qədər Türkiyə ictimaiyyəti də necə ürək yanğısı ilə anırsa, Türkiyədə zəlzələdə itkilərin ağrısını da Azərbaycan xalqı dərin kədər hissi, ürək yanğısı ilə yaşamaqdadır.

İşğalçı Ermənistanın Azərbaycan xalqına qarşı yalnız Xocalı soyqırımını deyil, çoxsaylı cinayətlər törətdiyini xatırladan səfirin müşaviri Eldar Əliyev bildirib ki, bu cinayətlər 44 günlük Vətən müharibəsində müasir dünyanın gözü qarşısında ən ağır formalarda davam edib. Müşavir deyib ki, Türkiyənin bu ağır günlərində Azərbaycan Türkiyənin yanında olub və bundan sonra da hər cür dəstək verməyə hazırdır.

"200 ildir ki, biz bu acıları görürük. Amma 44 günlük müharibə ilə bütün dünyaya türk dünyasına layiq olan bir dərs verdik. Xocalı soyqırımı vəhşiliyin göstəricisidir. Amma biz, türk milləti olaraq, zəfərimizdən sonra sülh istəyirik,-deyə Türkiyə Böyük Millət Məclisinin (TBMM) Azərbaycanla dostluq qrupunun rəhbəri Şamil Ayrım bildirib.

Tədbirdə çıxış edən Ankara Universitetinin rektoru Necdet Ünüvar Xocalının bütün Türk dünyasının bitməyən acısı olduğunu, türk xalqının bu ağrını hər zaman hiss etdiyini diqqətə çatdırıb. O deyib: "Azərbaycanın Qarabağ zəfəri türk dünyasının və məzlumlarının zəfəri idi. Azərbaycan haqlı mübarizəsi nəticəsində öz torpaqlarını işğaldan azad etdi. Azərbaycan da bizim acımızı öz acısı kimi hiss edir. Bu qardaşlığın rəmzidir".

 

Kars

Azərbaycan Respublikasının Kars şəhərindəki Baş Konsulluğunda Xocalı Soyqırımının 31-ci ildönümünə dair anım mərasimi keçirilib.

Tədbirdə Baş Konsulluğun heyəti, Karsın rəsmi nümayəndələri, Kars Qafqaz Universitetində çalışan azərbaycanlı müəllimlər və tələbələr, eləcə də ictimaiyyət və media nümayəndələri iştirak edib.

Tədbir Xocalı qurbanlarının, eləcə də 6 fevral tarixində Türkiyənin 10 vilayətində baş vermiş ağır zəlzələdə həyatlarını itirən insanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan və Türkiyə himnləri səsləndirilib. Sonra şəhidlərimizin əziz xatirəsinə ehtiram olaraq Qurani-Kərim ayələri oxunub.

Azərbaycan Respublikasının Karsdakı baş konsulu Nuru Quliyev Xocalı qətliamının tarixindən geniş söz açaraq həm Azərbaycanda, həm də Türkiyədə türklərə qarşı tarix boyu mənfur düşmənlər və onların tərəfdarları tərəfindən soyqırımı hadisələri törədildiyini, lakin bununla ümumiyyətlə türk dünyasının əzmini heç bir zaman qıra bilməyəcəklərini söyləyib.

Kars Qafqaz Universitetinin prorektoru, Pr. Dr. Selçuk Ural Xocalı soyqırımının tarixindən və yaşananlarla yanaşı, o zamanlar da qardaş Azərbaycanın acısını hiss etdiklərini söyləyərək, şəhidlərin əziz xatirəsini bir daha yad edib, bundan sonra da ölkələrimizin rifahı üçün birlik və bərabərlik nümayiş etdirilməsinin prioritet sahələrdən olduğunu bildirib.

Kars Qafqaz Universitetinin Sosial Bilimlər İnstitutunun müdiri, Dos. Dr. Yaşar Kopa da soyqırımının geniş tarixindən bəhs edərək hadisə barədə tədbir iştirakçılarını yaxından tanış edib və gələcəkdə belə hadisələrin bir daha yaşanmaması üçün türk dünyasının, ələlxüsus də Türkiyə-Azərbaycan qardaşlığının davamlı, dayanıqlı və əbədi olmasını diqqətə çatdırıb.

Tədbirdə iştirakçılara Xocalı soyqırımını əks etdirən film nümayiş etdirilib.

 

İstanbul

Azərbaycan Gənclər Fondunun dəstəyi, Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının tərəfdaşlığı, "Qızılbaş" Gəncləri Maarifləndirmə İctimai Birliyinin təşkilatçılığı ilə İstanbulda "Qarabağdan Anadoluya: Gənclərin İstanbul Forumu" keçirilib. Forum Xocalı qurbanlarının, Qarabağ savaşında şəhid olanların və Türkiyədə baş verən zəlzələ nəticəsində həyatını itirənlərin ruhuna hörmət əlaməti olaraq bir dəqiqəlik sükutla başlayıb. Daha sonra Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib.

Forumda "Yeni Çağ" Media Qrupunun rəhbəri Aqil Ələsgər, Azərbaycanın İstanbuldakı konsulu Zaur Allahverdizadə, Türkiyə Böyük Millət Məclisinin (TBMM) deputatı, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım, Şimali Kipr Türk Respublikasının (ŞKTR) deputatı Həsən Küçük, Gənclər Fondunun nümayəndəsi Mübariz Qədirov, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının rəhbəri Ədalət Turan, İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin (İSTAD) sədri Səfər Karakoyunlu çıxış edərək forumun əhəmiyyətinə diqqət çəkiblər.

Tədbirdə çıxış edənlər fevralın 26-nın Azərbaycan tarixinin ən faciəvi səhifəsi olduğunu vurğulayaraq bu soyqırımına dünya ictimaiyyətinin diqqətini cəlb etmək üçün "Xocalıya ədalət!" beynəlxalq kampaniyası çərçivəsində ardıcıl obyektiv işlərin aparılmasının vacibliyini bildiriblər.

"Bu faciə heç vaxt unudulmamalıdır. Xocalı Azərbaycan xalqının erməni silahlı birləşmələri və erməni terrorçuları tərəfindən törədilən soyqırımıdır. Bu, vəhşicəsinə törədilmiş cinayətdir. Həmin cinayət Ermənistanın silahlı qüvvələri tərəfindən törədilib. Bu cinayəti soyqırımı aktı kimi rəsmən tanımaq lazımdır''. Bu fikri çıxışında İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin (İSTAD) sədri Səfər Karakoyunlu bildirib.

Səfər Karakoyunlu onu da diqqətə çatdırıb ki, dünyanın gözü önündə baş verən Xocalı qətliamını heç zaman unutmadıq və unutdurmayacağıq. Çünki o gün orada axıdılan qan həm də Türkün qanı idi.

 

Kahramanmaraş

Türkiyədə zəlzələ bölgəsində fəaliyyət göstərən Azərbaycan könüllüləri tərəfindən Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb. Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar könüllü gənclərimiz Kahramanmaraş şəhərində salınmış Xocalı parkını və burada ucaldılan abidəni ziyarət ediblər.

Esmira Yazkan ASLANOVA,

''Respublika'' qəzetinin Türkiyə üzrə müxbiri.