Xocalı soyqırımının 32-ci ildönümü Ankarada silsilə tədbirlərlə yad edilib
Diaspora

Xocalı soyqırımının 32-ci ildönümü Ankarada silsilə tədbirlərlə yad edilib

Türkiyə

Azərbaycanın Türkiyədəki Səfirliyinin və Ankaranın Keçiören rayon bələdiyyəsinin təşkilatçılığı ilə Kalaba Türk Dünyası Meydanında anım tədbiri keçirilib.

İlk öncə Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib, şəhidlərin xatirəsi ehtiramla yad edilib, Kalaba Türk Dünyası Meydanında ucaldılan Xocalı soyqırımı abidəsinin önünə əklillər qoyulub.

Mərasimi giriş sözü ilə açan Keçiören bələdiyyəsinin sədri Turqut Altınok Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyi zaman azərbaycanlılara qarşı dünyanın gözü önündə həyata keçirdiyi etnik təmizləmə siyasətindən danışıb, sonunda tarixi ədalətin bərpa olunduğunu, şəhidlərin ruhunun şad olduğunu vurğulayıb.

Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov Xocalı soyqırımına beynəlxalq arenada layiqli qiymət verilmədiyini, soyqırımı törədənlərin cinayət məsuliyyətinə hələ də cəlb edilmədiyini təəssüflə qeyd edib və dünyada hökm sürən ikili standartlardan danışıb. Səfir işğala, soyqırımına məruz qalmış Azərbaycan xalqının yanında olan Türkiyənin və Türk Dövlətləri Təşkilatının rolunu qeyd edib, "Xocalıya ədalət!" kampaniyası barədə məlumat verib.

Anım mərasimində çıxış edən Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun sədri Aygün Attar ermənilərin tarixən türklərə qarşı törətdiyi qırğınlardan danışıb, Azərbaycan torpaqlarına köçürülən ermənilərin etnik mənsubiyyətinə görə azərbaycanlılara qarşı soyqırımı törətdiyini ifadə edərək Xocalıda tapılan kütləvi məzarlıqlar barədə məlumat verib. 

Ankara Universitetinin rektoru Nəcdət Ünüvar Xocalı soyqırımının 32 ildir ki, Azərbaycanla yanaşı, Türkiyənin də qanayan yarası olduğunu ifadə edib. N.Ünüvar qeyd edib ki,  o gecə Xocalıda bütün dünyanın gözləri önündə bir qətliam törədildi və çox təəssüflər olsun ki, Avropa İttifaqı, insan haqları, demokratiyadan bəhs edənlər bu vəhşiliyə səssiz qaldılar.

Daha bir tədbir Azərbaycanın Türkiyədəki Səfirliyinin və Ankaranın Kızılcahamam rayon bələdiyyəsinin birgə təşkilatçılığı ilə Xocalı muzeyində baş tutub.

Kızılcahamam bələdiyyəsinin sədri Süleyman Acar çıxışında 32 il keçməsinə baxmayaraq, Xocalı soyqırımının unudulmadığını və unudulmayacağını qeyd edib. Bələdiyyə sədri Kızılcahamam ilə Xocalının qardaş şəhərlər olduğunu və aralarındakı bağların daha da möhkəmlənəcəyini vurğulayıb.

Səfir Rəşad Məmmədov çıxışında Xocalı soyqırımının Türkiyədə xatırlanmasının önəmini vurğulayıb və bəşəriyyətə qarşı törədilmiş bu qanlı cinayətin dünya miqyasında tanınmasına çağırış edib.

Anma tədbirinin sonunda Xocalı abidəsi önünə çiçək qoyulub və Xocalı muzeyi ziyarət edilib.

Digər bir tədbir Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupu və Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun birgə təşkilatçılığı ilə Türkiyə Böyük Millət Məclisində keçirilib.

Tədbirdə çıxış edənlər Xocalı kimi yeni qırğınların baş verməməsi üçün "Xocalıya ədalət!" kampaniyasına bütün dünyanın qoşulmasının vacibliyini vurğulayıblar.

Qeyd olunub ki, bəşəriyyət üçün utancverici olan bu soyqırımının təşkilatçıları və icraçıları Beynəlxalq Ədalət Məhkəməsində mühakimə olunmalıdırlar.

Mərasimdə çıxış edən Türkiyə Böyük Millət Məclisinin deputatı, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım Azərbaycanla Ermənistan arasında bütün problemlər həll olunmayana qədər Türkiyənin Ermənistanla sərhədini açmayacağını vurğulayıb. O qeyd edib ki, Ermənistan Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları əks olunan Konstitusiyasını dəyişməlidir, əks halda, belə bir dövlətlə sülh mümkün olmayacaq. Onun sözlərinə görə, Azərbaycan və Türkiyə bu prosesi yaxından izləyir.

Tədbir çərçivəsində TBMM-də Xocalı soyqırımını əks etdirən fotolar sərgilənib.

Esmira YAZKAN ASLANOVA,

"Respublika" qəzetinin

Türkiyə üzrə müxbiri.