Xocalıya qayıdış gec olmayacaq
Sosial həyat

Xocalıya qayıdış gec olmayacaq

Qarabağda aparılan tikinti-quruculuq işlərinin nəticəsidir ki, 30 il əvvəl hətta yaşayış üçün ən vacib əşyalarını belə götürməyə macal tapmadan öz evlərini tərk etmiş sakinlər layiqli həyat şəraiti ilə təmin olunmuş müasir kəndlərə və şəhərlərə qayıdırlar.

Yollar, körpülər, su elektrik stansiyaları, su və qaz təminatı kimi həyati vacib infrastruktur layihələri həyata keçirilir. 30 il ərzində dağıntılara və qarətlərə məruz qalmış ərazilər bərpa olunduqca, bölgədə həyat canlanır.

Bu gün dövlətimiz və xalqımız artıq müharibədən sonrakı dövrə köklənib. Bu dövr Böyük Qayıdış dövrüdür. Xalqımız mərhələli şəkildə doğma yurduna, evinə geri dönür. Qarabağın havasına belə həsrət qalan insanlar o sevinci yaşamaq istəyirlər. İnsanların əsas hüquqlarından biri onun doğulduğu yerdə yaşamasıdır. Erməni işğalçıları tərəfindən bu hüquqdan məhrum edilmiş vətəndaşlarımız bu gün o hüququ yenidən əldə ediblər. Artıq vaxtilə məcburi köçkün düşmüş soydaşlarımız yurd yerlərinə, o cümlədən Xankəndiyə, Xocavəndə, Ağdərəyə və Xocalıya da - öz doğma evlərinə qayıdacaqlar.

Müharibənin bitməsindən ötən üç il ərzində böyük dözüm və səbir nümayiş etdirən Azərbaycan Qarabağda lokal xarakterli antiterror tədbirlərinə başladı. 2023-cü il sentyabr ayının 19-20-də işğaldan azad edilmiş torpaqlarda olan separatçı erməni silahlı dəstələri zərərsizləşdirildi. Düşmən Azərbaycan əsgərinin qarşısında diz çökərək ağ bayraq qaldırdı. Dövlətimiz sülh tərəfdarı olduğunu bir daha sübut etdi. Qarabağ və Şərqi Zəngəzur bölgəsində məskunlaşan erməni əsilli vətəndaşlara Azərbaycanda yaşamaq təklif olundu.

Qeyd etmək lazımdır ki, keçmiş məcburi köçkünlərin bu il qaytarılacağı ərazilər arasında Şuşa, Cəbrayıl, Kəlbəcər, Xankəndi və Xocalı şəhərləri də olacaq. 2025-ci ildə isə Ağdam, Zəngilan, Qubadlı şəhərlərinə keçmiş məcburi köçkünlərin qayıtması nəzərdə tutulub. Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən 2024-cü ildə köçürülmə nəzərdə tutulan ərazilərə, ilk növbədə, qəzalı və ağır şəraitdə, yataqxana, sanatoriya, yarımçıq tikililər kimi müxtəlif müvəqqəti məskunlaşma obyektlərində yaşayan, evləri bərpa olunmuş məcburi köçkünlər köçürüləcək.

Xocalı sakinləri Xocalıda yenidənqurma işlərinin yekunlaşmasını səbirsizliklə gözləyir. Xocavəndə, Xankəndiyə və Ağdərəyə də qayıdış gec olmayacaq. Çünki Xocalı və Xankəndidə yaşayış üçün kifayət qədər evlər var.

Məcburi köçkünlük dövründə xocalılılar və xankəndililər dövlət qayğısı ilə əhatə edilib, onların sosial müdafiəsi və mənzil-məişət problemlərinin həlli daim diqqət mərkəzində olub. Bu gün Xocalıda çox sürətlə bərpa-quruculuq işləri gedir. Bütün sahələrdə infrastruktur yaradılır. Uzun illərdir ümidlə, həsrətlə Xocalının işğaldan azad olunmasını gözləyən sakinlər gedib orada əbədi yaşayacaqlar. Azərbaycan strateji hədəflərini ardıcıl olaraq reallaşdırır. Böyük Qayıdış yolunda əmin addımlar atılır.

Röya RÜSTƏMLİ,

"Respublika".