Xoş məramla sülhə doğru
Siyasət

Xoş məramla sülhə doğru

Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində atılan addımlar nəinki regionun, beynəlxalq aləmin də diqqət mərkəzindədir. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı ilə aparılan dialoqlar nəticəsində bir sıra mühüm irəliləyişlər əldə olundu. Belə ki, hər iki ölkə humanizm prinsipinə sadiqliyin göstəricisi kimi əsir düşən hərbçilərin azad edilməsi barədə razılığa gəldi və bu, dünyanın müxtəlif ölkələrinin aparıcı KİV-ləri tərəfindən işıqlandırıldı. Əldə olunan razılıq Qərb, eyni zamanda regionun aparıcı güclərindən olan Rusiya və Türkiyə kimi dövlətlər tərəfindən də yüksək qiymətləndirildi. Bütün bunların fonunda rəsmi Bakı ilə İrəvan arasında sülh prosesin də vasitəçilər olmadan reallaşa biləcəyini söyləyə bilərik.

Bundan əvvəlki proseslərə nəzər yetirsək görərik ki, Prezident İlham Əliyev Bakı və İrəvan arasında birbaşa danışıqların mümkünlüyü barədə öncədən ismarış vermişdi. Dövlət başçımızın 5 oktyabr tarixində Qranadada keçirilməsi nəzərdə tutulan görüşdən imtina etməsinin də bir sıra səbəbləri var idi. Fransanın qərəzli mövqeyi də buna öz təsirini göstərmişdi. Həmin dövrdə Ermənistanın baş naziri Nikol Paşinyan isə Rusiyanın vasitəçiliyindən imtina edərək Bişkekə gəlmədi. Prezident İlham Əliyev məhz bu zaman ikitərəfli görüşlərin keçirilməsini uyğun hesab etdiyini bildirdi. Prezident dəfələrlə Azərbaycanın səbrinin tükəndiyini və Ermənistanın buna uyğun hərəkət etməsinin vacib olduğunu bəyan etmişdi. Bu gün baş verən proseslər isə Azərbaycanla Ermənistan arasında humanitar məsələdə birbaşa danışıqların artıq öz nəticəsini verdiyini göstərir.

Son razılıq, eyni zamanda iki ölkə arasında sülh gündəliyinin irəli aparılması, münasibətlərin normallaşdırılması istiqamətində qarşılıqlı siyasi iradənin nümayişi kimi də dəyərləndirilə bilər. Danışıqlar qısa müddət ərzində iki ölkə arasında sülh müqaviləsinin imzalana biləcəyindən də xəbər verir. Bu isə regionun iqtisadi inkişafına töhfə verəcək. Nəzərə alsaq ki, Cənubi Qafqazın iqtisadi inkişafı üçün açar ölkə Azərbaycandır, sülh sazişi sayəsində bölgənin nəqliyyat infrastrukturu blokdan çıxacaq, iqtisadi əlaqələr inkişaf edəcək. Görünür İrəvanın siyasi elitası artıq bu reallığı dərk edib. Rəsmi İrəvan Azərbaycanla sülh müqaviləsi imzalamaqdan başqa çarənin qalmadığını başa düşür. Çünki Ermənistan sülh olmasa, regiondakı bütün iqtisadi layihələrdən kənarda qalacaq, hətta səfalət və yoxsulluq içində yaşamağa davam edəcək. Bu ilin 30 noyabr tarixində Qazax rayonunun Ermənistanın İcevan rayonu ilə sərhədində delimitasiya komissiyasının iclasının baş tutması da bu qəbildəndir. Artıq Ermənistan tərəfi anlayır ki, delimitasiya məsələsində Azərbaycanla birlikdə qərar verməlidir. Bu məsələyə müdaxilə etmək xülyasında olanlar isə mövcud vəziyyəti gərginləşdirməkdən başqa bir işə yaramayacaqlar.

Yeri gəlmişkən, iki ölkə arasında keçirilən birbaşa danışıqlara fərqli aspektdən yanaşsaq, rəsmi Bakının əsas siyasi xətlərindən birinin vətəndaşlarının təhlükəsizliyi olduğunu açıq şəkildə görmək mümkündür. Belə ki, Ermənistanda biri ömürlük, digəri isə 20 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilən iki Azərbaycan əsgərinin azad edilməsi onlara verilən dəyər, dövlətin öz vətəndaşına qayğısının nümunəsidir.

Nəzrin ELDARQIZI,

"Respublika".