YAP Cənubi Qafqazın ali məfkurə brendidir
Digər xəbərlər

YAP Cənubi Qafqazın ali məfkurə brendidir

Müstəqilliyini yenicə bərpa edərək imperiya caynağından xilas olmuş Azərbaycanda ilk dövrlərdə həyatın bütün sahələrində olduğu kimi, mənəvi-ideoloji sistemdə də boşluq, fikir-düşüncələrdə anarxiya yaranmışdı. Uzun müddət təkpartiyalılıq şəraitində, fikir plüralizminin, aşkarlığın olmadığı bir cəmiyyətdən çıxmış xalqımız yeni siyasi sistem, milli ideologiya axtarışında idi.

Müstəqilliyin bərpasının ilk illərində yaranmağa başlamış siyasi təşkilatlar idealist, gerçəyi ifadə etməyən məram və proqramları ilə cəmiyyətin milli dövlətçilik ideyası ətrafında toplanmasına mane olur, bir sıra hallarda pozuculuq missiyası həyata keçirirdilər. Bu səbəbdən xalqın milli maraqlarını mükəmməl ifadə edən bir partiya axtarışı həmin məhəlli düşüncəli siyasi qurumlara etimadsızlığı və inamsızlığı ilə nəticələndi. Meydan qəhrəmanlarının saxta milli çağırışlara köklənmiş siyasi səbatsızlığı və milli maraqları ifadə etməyən naşı addımları ölkəmizdə yeni siyasi partiyanın yaradılmasını zəruri etdi.

Dünyaca məşhur Uinston Çörçillin "siyasətçinin ən mühüm keyfiyyəti gələcək hadisələri düzgün qiymətləndirib vaxtında tədbir görməsidir" mülahizəsi həmin dövr üçün başlıca siyasi tələbatı dəqiq ifadə edirdi. Siyasi sistemin vaxtında düzgün qurulmaması çox keçmədi ki, respublikada hakimiyyət böhranı, vətəndaş qarşıdurması, hərbi toqquşma, cəbhədə uğursuzluqla nəticələndi.

Beləliklə, 16 oktyabr 1992-ci ildə ölkəmizin ictimai, siyasi həyatının tanınmış simalarından olan bir qrup mütərəqqi fikirli ziyalı xalqımızın dahi övladı, ümummilli lider Heydər Əliyevə üz tutaraq onu yenidən siyasət meydanına dəvət etdilər. 24 oktyabr 1992-ci il Naxçıvan MR Ali Məclisinin Sədri Heydər Əliyev bu müraciətə müsbət cavab verərək təklifi qəbul etdi. Qısa bir dövrdə təşkilatlanma 21 noyabr 1992-ci il tarixində Yeni Azərbaycan Partiyasının təsis konfransının keçirilməsi ilə nəticələndi. 550 nəfərin iştirak etdiyi konfransda dahi siyasətçi, görkəmli dövlət xadimi Heydər Əliyev yeni partiyanın sədri seçildi və bununla müasir Azərbaycanın siyasi fikir tarixinin milli, ideoloji əsası qoyuldu. Milli maraqlara, xalqın arzularına uyğun siyasəti ilə cəmiyyəti toparlamağı bacaran dövlət xadimi kimi böyük rəğbət qazanan Heydər Əliyevin YAP- ın sədri olması bu siyasi quruma ümumxalq sevgisi yaratdı. Ümidləri yüksək səviyyədə doğruldan bu siyasət cəmiyyətin zəkalı və qurucu hissəsini kütləvi surətdə bu partiyaya üzvlüyə səfərbər etdi.

Ölkədə fəaliyyətdə olan digər siyasi qurumlar YAP-ın fəaliyyəti fonunda kölgədə qaldılar. Ölkədə baş verən siyasi, hərbi xaos, müharibə aparan bir dövlətin uğursuzluğa məruz qalması, üstəgəl, vətəndaş müharibəsi, sosial narazılıq mövcud iqtidara inamı sıfıra endirmişdi. Azərbaycan dövləti fəlakətli təhlükənin bir addımlığında idi. Bundan başqa, daxili siyasətdə olduğu kimi, qeyri-peşəkar qurulan xarici siyasət kursu da müstəqil dövlət olaraq Azərbaycanın mövcudluğunu təhlükə altında qoymuşdu. İnsan hüquq və azadlıqlarının pozulması, siyasi baxışlara görə təqiblər adi hala çevrilmişdi. Siyasi rəqabət mühitinin olmaması, Yeni Azərbaycan Partiyasının təsis konfransına yaradılan süni maneçilik, baxışlarına görə siyasi, ictimai xadimlərin zorakılığa məruz qalması həmin günlərin acı mənzərəsidir.

Heydər Əliyev partiyası isə yenicə yaranmasına baxmayaraq, cəmiyyətdə böyük nüfuz qazanmışdı. Pozucu və antimilli qüvvələr bütün cəhdlərlə YAP-a, onun liderinə mane olmağa çalışsalar da, bunu bacarmadılar. Ümumxalq sevgisi qarşısında duruş gətirə biıməyən o zamankı iqtidar xalqın təzyiqi ilə son anda anladı ki, miskin duruma saldıqları, faciənin bir addımlığında olan ölkəni yalnız qüdrətli siyasətçi və güclü xalq lideri Heydər Əliyev xilas edə bilər. Beləliklə, xalqın həqiqi lideri siyasi hakimiyyətə qayıtdı.

Prezident, parlament seçkilərində xalqın mütləq əksəriyyəti Yeni Azərbaycan Partiyasını seçdi. Mükəmməl milli hədəfləri ilə YAP siyasi sistemin flaqmanı oldu. Xilaskarlıq missiyasını üzərinə götürən bu partiya öz liderinin tarixi qərarları ilə Azərbaycanı bəlalardan xilas etməyin siyasi qüvvəsinə çevrildi. Azərbaycan qurtuldu, dəyişdi, modern ölkə imicini qazandı. Bütün bunların davamı olaraq, üzvlük, seçici məmnunluğu yaşayan və yaşadan Yeni Azərbaycan Partiyası xalq partiyasına, milli ideoloji məbədgaha döndü.

Bu gün bu möhtəşəm qurum ölkə həyatında sayılan, seçilən, böyük nüfuz sahibi olan insanların partiyası və mənsubiyyətindən asılı olmayaraq hər birimizin ən etibarlı siyasi istinadgahıdır. YAP siyasi təsisat olaraq Cənubi Qafqazın brendidir. Bu gün Prezident İlham Əliyevin sədrliyi ilə YAP istər Azərbaycan cəmiyyətində, istərsə də beynəlxalq arenada böyük platforma, eyni zamanda, ətrafında böyük bir üzv ordusunu toplayan YAP  haqlı olaraq, gəncliyin siyasi-mənəvi and yeridir.

YAP iqtidarı ilə Azərbaycan yeni həyatının ən qüdrətli, çiçəklənən dövrünü yaşayır. Bu, dahi Heydər Əliyev ideyaları, YAP ideologiyasının xidmətləridir. Bu xidmətin davamı olaraq Prezident, Ali Baş Komandan  İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin ən ağrılı, acılı problemi olan torpaqlarımız, düşmən tapdağında inləyən Qarabağ azad olundu. Azərbaycanın qəhrəmanlıq salnaməsinə yeni qələbə möhürü vuran Prezident İlham Əliyev zəfərin Şuşa zirvəsindən Azərbaycanın qüdrətini dünyaya nümayiş etdirdi. Müstəqilliyimizin bərpasının ilk illərində böyük Heydər Əliyev dövlətçiliyimizi xilas etdiyi kimi, bu siyasətin davamı olaraq Prezident İlham Əliyev Azərbaycanın bütövlüyünü qorudu və ölkəmizi layiq olduğu günlərə çıxartdı.

30 il öncə yaranmış, fəaliyyəti Azərbaycana xidmətdə keçmiş YAP ötən dövrdə modern, monolit bir partiyaya çevrilib və ölkəmizin siyasi həyatında şəriksiz güc kimi tanınır. Şübhəsiz, YAP-ı belə güclü edən ulu öndər Heydər Əliyev ideyaları, ali, müqəddəs məramıdır! YAP bizim üçün həm də ölməz Heydər Əliyevin həmişəyaşar düşüncəsi, siyasi-ideoloji məktəbidir. Yeniləşən, inkişaf edən qüdrətli Azərbaycan bu məktəbin yaratdığı xoşbəxt taleli məmləkətdir.

Rəşad MAHMUDOV,

Milli Məclisin deputatı,

YAP İdarə Heyətinin üzvü.