Region

"YAŞIL DÜNYA NAMİNƏ HƏMRƏYLİYƏ GEDƏN YOL"

MİNGƏÇEVİR

Mingəçevir Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində dəyirmi masa keçirilib.

Gənclər Evinin akt zalında keçirilən tədbirdə şəhər icra hakimiyyətinin məsul işçiləri, YAP şəhər təşkilatının, hüquq-mühafizə orqanlarının rəhbərliyi, idarə rəhbərləri, təhsil müəssisələrinin, ictimai təşkilatların və qeyri-hökumət təşkilatların nümayəndələri, əmək veteranları, tələbə gənclər iştirak ediblər.

Tədbirdə "Yaşıl dünya naminə həmrəyliyə gedən yol" mövzusunda videoçarx nümayiş olunub. İcra hakimiyyətinin başçısı İlham İsmayılov bildirib ki, Prezident cənab İlham Əliyevin 25 dekabr 2023-cü il tarixli Sərəncamı ilə 2024-cü il "Yaşıl dünya naminə həmrəylik ili" elan olunub. Sərəncamda qeyd olunur ki, Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri "Təmiz ətraf mühit və yaşıl artım ölkəsi" kimi müəyyən edilib. Həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində  müvafiq işlər aparılır. İşğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası "yaşıl enerji" zonası elan olunub.

Bu gün dünyanı narahat edən qlobal problemlərdən biri də iqlim dəyişməsidir. Azərbaycan bu il COP29 tədbirinə ev sahibliyi edəcək. Dünya Birliyinin bir daha Azərbaycanı bu mötəbər tədbirdə dəstəkləməsinin əsasında ölkəmizin qazandığı nüfuzu, etibarlı tərəfdaş kimi özünü təsdiq etməsi dayanır. Cari ilin noyabr ayında ölkəmizdə keçiriləcək COP29 beynəlxalq konfransda Azərbaycan iqlim dəyişmələrinə verdiyi töhfələrini əyani şəkildə dünya ictimaiyyətinə çatdıracaq.

Tədbirdə qeyd olunub ki, Mingəçevir yaşıllığı ilə hər zaman seçilən şəhər olub. Şəhərimizin yaşıllıq zolaqlarının salınması, ağacların əkilməsi davamlı şəkil alıb.

Sonra tədbir iştirakçıları şəhərin Bayraq Meydanı yaxınlığında və Şərq giriş qapısı istiqamətində yaşıllıq zolaqlarında müxtəlif növ ağac tingləri əkiblər.

Zabit XƏLİLOV,

"Respublika".