Yaşıl inkişaf imkanlarına dair konfrans keçirilib
Digər xəbərlər

Yaşıl inkişaf imkanlarına dair konfrans keçirilib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) və Bakı Avrasiya Universitetinin birgə təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin yaşıl inkişaf imkanları” mövzusunda respublika konfransı keçirilib.

Mərkəzin mətbuat xidmətinin verdiyi məlumata görə konfransda İİTKM-in icraçı direktorunun müavini, iqtisad elmləri doktoru Ramil Hüseyn yaşıl iqtisadiyyat, yaşıl enerji, işğaldan azad edilmiş ərazilərin yaşıl inkişaf imkanları və digər istiqamətlər üzrə çıxış edib.

İİTKM-in şöbə müdiri, iqtisad elmləri doktoru Aqil Əsədov ölkəmizdə alternativ enerji mənbələrinə investisiya qoyuluşundan, işğaldan azad edilmiş ərazilərdə bu sahədə görülmüş işlərdən danışıb, neft ölkəsi kimi tanınan Azərbaycanın dünyaya yaşıl enerji ixracatçısı kimi çıxacağını vurğulayıb. Ümumilikdə 10-dan çox dövlət qurumundan və universitetdən nümayəndələrin və elm adamlarının, 60-dan çox məruzəçinin qatıldığı konfransda çıxış edənlər yaxın gələcəkdə cəmiyyətdə yaşıl münasibətlərin və yaşıl düşüncənin formalaşması, eləcə də işğaldan azad edilmiş ərazilərdə yaşıl inkişaf imkanları haqqında öz fikirlərini bölüşüblər; mövzunun aktuallığına diqqət yönəldiblər. konfransın həm də gələcək nəsillərin qarşısında məsuliyyət hissinin formalaşdırılması istiqamətində mühüm addım olduğunu qeyd ediblər.

“Respublika”.