YENİ MƏNZİLLƏRİN AÇARLARI TƏQDİM OLUNUB
Region

YENİ MƏNZİLLƏRİN AÇARLARI TƏQDİM OLUNUB

Torpaqlarımızın azadlığı uğrunda gedən Birinci və İkinci Qarabağ müharibəsində həlak olan şəhidlərin ailə üzvlərinə, qazilərə, müharibə veteranlarına diqqət və qayğı göstərilir.

Qeyd edək ki, Azərbaycanda şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olanların mənzillə təminatı proqramına Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və tapşırığı ilə ötən əsrin 90-cı illərində başlanıb və bu proqram ildən-ilə uğurla davam etdirilir. 44 günlük Vətən müharibəsindən sonra şəhid ailələri, müharibə əlilləri üçün mənzil və fərdi evlə təminat proqramı 5 dəfə genişlənib. Ümumiyyətlə, Prezident cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq bu qəbildən olan ailələrə göstərilən dövlət qayğısı günbəgün artır. Mingəçevir şəhərində də şəhid ailələri, qazilər, müharibə veteranları qayğı ilə əhatə olunublar.

Mingəçevir şəhərində qəzalı vəziyyətdə olan binaların sakinlərinə Fövqəladə Hallar Nazirliyi tərəfindən yeni bina tikilib. 2023-cü ilin dekabr ayında həmin binanın sakinlərinə mənzillərin açarları verilib. 7 mənzil isə ehtiyatda qalıb. Növbəlilik siyahısına uyğun olaraq  fevralın 27-də sosial xidmətlər agentliyinin məsul işçilərinin iştirakı ilə püşkatma tədbiri keçirilib və  həmin 7 mənzilin açarları şəhid ailələrinə təqdim olunub.

Mənzillə təmin olunan şəhid ailələrinin üzvləri göstərilən diqqət və qayğıya, sosial dəstək tədbirlərinə, həmçinin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılmasına, bu gün yeni mənzillərlə təmin edildiklərinə görə ölkə Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.

Z.XƏLİLOV,

"Respublika".