Xatirələrdə yaşayan igidlərimiz
Region

Xatirələrdə yaşayan igidlərimiz

Həqiqi hərbi xidmətini cəbhə bölgəsində - sərhəd qoşunlarında keçmişdi. Bir müddət başqa işlə məşğul olsa da burada qərar tuta bilmədi. Yenidən orduya qayıtdı. Müharibə şəraitində yaşayan Vətəninə xidmət etmək, torpaqlarımızın düşməndən azad olunmasında iştirak etmək arzusunda idi. Ürəyi vətənpərvərlik hissləri ilə döyünən bu gənc Beyləqanda “N” saylı hərbi hissədə təlimlərə başladı.  Hərbin sirlərinə getdikcə daha dərindən yiyələndi. Gizir rütbəsi aldı. Piyada döyüş maşını komandiri oldu. Vətən müharibəsi başlayan andan döyüşlərə qatıldı. Mənfur düşmənin Füzuli istiqamətində qurduğu Ohanyan səddini aşmaq qarşıda duran çox çətin bir tapşırıq idi. İllər boyu mənfur düşmən bu ərazidə güclü müdafiə  istehkamları qurmuşdu. Lakin Orxan və döyüş yoldaşları səddin birinci bəndini qıraraq qabağa irəlilədilər. Çox təəssüf ki, müharibənin ikinci günü düşmənin döyüş maşınımıza açdığı atəş nəticəsində 2 nəfər şəhid oldu. Onlardan biri Xaçmaz rayonunun Yeni Sudur kəndində doğulub boya-başa çatan Çobanov Orxan Zahid oğlu idi.

Vətən müharibəsi şəhidi Çobanov Orxan Zahid oğlu ölümündən sonra Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif olunub. O günü şəhidin doğum gününü qeyd etməyə çox adam yığışmışdı. Kənd camaatı, rayon rəsmiləri, mədəniyyət işçiləri, məktəb müəllimləri, sinif yoldaşları, məktəblilər və başqaları. Mərasim iştirakçıları əvvəlcə şəhidin kənd qəbiristanlığındakı məzarını və onun adını daşıyan Bulaq-abidə kompleksini ziyarət etdilər. Önünə gül-çiçək dəstələri düzdülər. Mərasim ata evində davam etdi.

Orxan haqqında söhbət etdiyimiz hər kəs bu vətənpərvər el oğlunu şirin xatirələr, kövrək hisslərlə yasda salırdı. Vaxtilə ona dərs demiş, sinif rəhbəri olmuş kənd məktəbinin direktoru Leyla Eldarova deyir ki, Orxan məktəbimizin nümunəvi şagirdi idi. Vətəni, üçrəngli bayrağımızı çox sevirdi. Məktəbimizdə keçirilən tədbirlərlə çox vaxt bayrağı o, dalğalandırardı. Hərbi formada məktəbə gələrdi. O, bu geyim ilə çox fəxr edirdi ki, sanki bu paltarda o, doğma Vətəninə bürünmüşdü. Sinif yoldaşı Təbriz, hərbçi dostu Elvin də Orxan haqqında ən gözəl hisslərini ifadə etdilər. Dedilər ki, belə bir igid, cəsur insanla həmyaşıd, dost olmaq bizim üçün böyük fəxarətdir.

Orxan həlak olarkən onunla piyada döyüş maşınında bir yerdə olan qazi  Elşən İbrahimov çox böyük təəssüf hissi ilə o anları xatırlayaraq deyir ki, maşında üç nəfər heyət üzvü idik. Leytenant Aqil Məcidov, gizir Orxan Çobanov və mən. Müharibənin ikinci günü axşam saatlarında Füzulinin Qaraxanbəyli kəndində şiddətli döyüşlər gedirdi. Maşınımız qabağa irəliləyirdi. Vəziyyətin daha da gərginləşdiyini görən Orxan tuşlayıcı yerinə keçdi. Onu da deyim ki, o, sərrast atıcı idi. Bu zaman düşmənin ağır artilleriyasından açılan atəş nəticəsində leytenant Aqil Məcidov və Orxan şəhid oldular, mən isə ağır yaralandım.

Ailədə üç nəfər idilər. Bir bacı, iki qardaş. Orxan kiçiyi idi. Atası Zahid kişi deyir ki, Orxan idmanı çox sevərdi, kinqboksinqlə məşğul idi. Tez-tez rayon, respublika yarışlarında iştirak edirdi. Hərbiyə marağı sonsuz idi. Orduda xidmət etməyi özünə şərəf hesab edirdi. Çobanovlar ailəsi Orxanın xatirəsini daim əziz tuturlar. Evin bir otağı başdan-başa onun qısa, lakin mənalı ömür tarixçəsinə həsr olunub.

Bu günlərdə Zahid kişinin ailəsinin yeni bir üzvü dünyaya göz açıb. Şəhidin qardaşı Kamranın oğul övladı doğulub. Zahid kişi deyir ki, onun adını Orxan qoymuşuq. Şəhid balamın adını indi körpə nəvəm daşıyır. Bu ailəmiz üçün sonsuz sevinc və təsəllidir. Orxanın adı nəslimizdə həmişəlik yaşayacaq.

Bəli, şəhidlər ölmür, onların adı əsərlərdə, abidələrdə, xatirələrdə, dillərdə, ürəklərdə yaşayır. Atalar demişkən: “İgid ölər, adı qalar”.

Ziyafəddin BAYRAMOV,

“Respublika”.