AZƏRBAYCANIN YENİ ENERJİ STRATEGİYASI
İQTİSADİYYAT

AZƏRBAYCANIN YENİ ENERJİ STRATEGİYASI

Dekabrın 17-də Buxarestdə imzalanmış “yaşıl enerji” üzrə dördtərəfli saziş Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında uzunmüddətli əməkdaşlıq üçün möhkəm zəmin yaradır

Sazişi Azərbaycan Prezidenti İlham Əliyev, Rumıniya, Gürcüstan və Macarıstanın Baş nazirləri Nikolae Çuke, İrakli Qaribaşvili və Viktor Orban imzalayıblar. İmzalanma mərasimində Rumıniya Prezidenti Klaus Yohannis və Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen iştirak ediblər. Bu sənəd iqtisadi dayanıqlığın daha da gücləndirilməsi üçün mövcud potensialdan istifadə etməklə mühüm və irimiqyaslı işlərin görülməsini nəzərdə tutur.

"Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsinə dair Strateji Tərəfdaşlıq Sazişi" bərpaolunan mənbələrdən elektrik enerjisinin Rumıniya əraziləri vasitəsilə Avropa İttifaqına (Aİ) ötürülməsi yolu ilə təmiz enerjiyə keçidə nail olmağa kömək edəcək. Belə bir layihənin həyata keçirilməsi təchizat təhlükəsizliyini gücləndirəcək və Avropanın ümumi enerji təhlükəsizliyinə böyük töhfə verəcək. Bərpaolunan mənbələrə və “yaşıl enerji”yə əsaslanan elektrik enerjisinin ixracı respublikamıza yeni dövrə qədəm qoymağa və Azərbaycanın enerji strategiyasının növbəti mərhələsinə başlamağa imkan verəcək.

Qeyd edək ki, bu ilin iyul ayında Avropa Komissiyasının sədri Ursula Fon der Lyayenin Azərbaycana səfəri zamanı Azərbaycanla Aİ arasında enerji sahəsində strateji tərəfdaşlığa dair anlaşma memorandumu imzalanmışdı. Azərbaycan Prezidenti İlham Əliyev Buxarestdə dördtərəfli sazişin imzalanması ilə bağlı plenar iclasda çıxışı zamanı bunu xatırladıb və memorandumun icrası ilə bağlı işlərə artıq başlanıldığını bildirib.

Dövlətimizin başçısı vurğulayıb ki, ötən il Azərbaycanın Aİ bazarına təbii qaz ixracı 8,2 milyard kubmetr, bu il 11,3 milyard kubmetr olub, gələn il isə bu rəqəm ən azı 11,6 milyard kubmetr təşkil edəcək. 2023-cü ildə Azərbaycandan ümumi təbii qaz ixracı təqribən 24 milyard kubmetr olacaq, 2021-ci ildə bu rəqəm 19 milyard kubmetrə çatdırılacaq.

Prezident onu da qeyd edib ki, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Romgaz S.A. arasında gələn il yanvarın 1-dən Azərbaycandan Rumıniyaya qazın tədarükünə dair müqavilə imzalanıb ki, bu da Azərbaycan qazının Avropa bazarına tədarük coğrafiyasını genişləndirməyə imkan verir.

Beləliklə, Avropanın enerji təhlükəsizliyini gücləndirmək zərurəti fonunda Azərbaycan öz enerji resurslarının tədarükü üçün etibarlı bazara çıxış əldə edir.

Azərbaycandan Avropaya daha bir enerji körpüsünün inşası ölkəmizin Avropanın mühüm elektrik enerjisi təchizatçısı kimi əhəmiyyətinin, xüsusən də “yaşıl enerji” baxımından önəminin artdığını göstərir.

Rəsmən bildirilib ki, Azərbaycanın bərpaolunan enerji potensialı quruda 27 qiqavatdan çox külək və günəş enerjisi, Xəzər dənizinin Azərbaycan sektorunda isə 157 qiqavat külək enerjisi təşkil edir. Respublikamızda strateji investorlardan biri ilə 2027-ci ilə qədər 3 qiqavat külək və 1 qiqavat günəş enerjisi istehsal etməyi planlaşdırılır ki, bunun da 80%-i ixrac olunacaq. 2037-ci ilə qədər Azərbaycan ən azı 6 qiqavatlıq əlavə generasiya gücləri yaratmağı planlaşdırır. Beləliklə, təkcə bir qlobal enerji şirkəti Azərbaycanda istehsala 10 qiqavat “yaşıl enerji” yatırmağı nəzərdə tutur.

Bundan əlavə, dövlətimizin başçısı cənab İlham Əliyev qarşıya qoyulan məqsədlərə nail olmaq üçün ümumi fəaliyyətin səmərəliliyindən danışaraq, Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniyanın sıx əməkdaşlıq və əlaqələndirmə şəraitində Avropa İttifaqı ilə vahid komanda kimi birgə işinin təşkilinin vacibliyini və vaxtında aparılmasının əhəmiyyətini vurğulayıb.

Rumıniya Prezidenti Klaus Yohannis Buxarestdə çıxışı zamanı azərbaycanlı həmkarına təşəkkür edib. Bildirib ki, artıq olduqca nikbindir, çünki bu dəfə iqtisadiyyatların yaşıl iqtisadiyyata keçidindən danışmağa imkan verən belə bir komanda var.

Macarıstanın baş naziri Viktor Orban qeyd edib ki, hazırkı şəraitdə liderlər öz ölkələrinin iqtisadi və enerji təhlükəsizliyini təmin etməlidirlər. Bütün bunların həlli yolunun bərpaolunan enerji mənbələrinin yaradılmasından və onun Avropaya nəqlindən keçdiyini qeyd edən hökumət başçısı bildirib ki, Avropa Komissiyası sayəsində Azərbaycana böyük diqqət yetirilir və bu ölkə ilə əməkdaşlıq inkişaf etdirilir. Azərbaycan Avropa İttifaqı ilə əməkdaşlığa hər zaman açıq olub və bu, təqdirəlayiq haldır. Avropa İttifaqı həmişə Azərbaycana etibarlı tərəfdaş kimi yanaşır.

Öz növbəsində Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen qeyd edib ki, bu saziş Aİ-ni Cənubi Qafqazdakı tərəfdaşlarına yaxınlaşdıracaq və regionların təmiz enerjiyə keçidinə kömək edəcək.

Bərpaolunan enerji mənbələrinin artan payını inteqrasiya etmək üçün Avropa İttifaqına güclü elektrik bağlantısı lazımdır. Odur ki, Qara dənizin dibi ilə Rumıniya, Gürcüstan və Azərbaycan arasında çəkiləcək elektrik xətti son dərəcə vacibdir. Yalnız onu demək kifayətdir ki, bu, Avropanı Qara dənizin hər iki tərəfindən Xəzər dənizi regionuna rəqəmsal rabitə, eləcə də enerji üçün birləşdirəcək çox iddialı bir layihədir. Bərpaolunan mənbələrdən elektrik enerjisinin Rumıniya və Macarıstan əraziləri vasitəsilə Avropa İttifaqına ötürülməsini asanlaşdırmaqla, həm də Aİ-yə təchizat təhlükəsizliyini yaxşılaşdırmağa imkan verəcək.

Azərbaycan Prezidenti İlham Əliyevin rumıniyalı həmkarı Klaus Yohannis ilə görüşündə tərəflər vurğulamışlar ki, bu ilin oktyabrında Yunanıstan-Bolqarıstan İnterkonnektoru (IGB) istismara verildikdən sonra qısa müddət ərzində ikitərəfli əməkdaşlığın genişləndirilməsi ilə bağlı razılıq əldə olunub. 2023-cü ilin yanvarından Azərbaycan qazının Rumıniyaya nəqli planlaşdırılır. Aydındır ki, Avropa ölkələrinə xüsusilə ağır zərbə vuran qlobal enerji böhranı şəraitində Yunanıstan-Bolqarıstan interkonnektor layihəsi dünya iqtisadiyyatının sabit reabilitasiyaya ardıcıl keçidinin ən mühüm komponentlərindən biridir. Qaz interkonnektoru birmənalı olaraq Avropanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsində və qaz tədarükünün şaxələndirilməsində mühüm rol oynayır. Avropanın enerji xəritəsinin yenidən tərtib edilməsi baxımından interkonnektor layihəsinin başlanmasının əhəmiyyətini qeyd etmək lazımdır, çünki bu infrastruktur təşəbbüsü təkcə Bolqarıstan və Azərbaycan arasında deyil, həm də Şərqi Avropa arasında iqtisadi əməkdaşlığın inkişafına imkan verir.

Avropa ilə enerji əməkdaşlığının üfüqlərini genişləndirən Azərbaycan bu gün haqlı olaraq Avropa qitəsinin ən mühüm və strateji əhəmiyyətli tərəfdaşı, eləcə də etibarlı neft və qaz təchizatçısı hesab olunur. Neft və qaz tədarükü ilə Avropanın enerji təhlükəsizliyi sahəsində lider mövqe qazanan Azərbaycan son vaxtlar Avropa İttifaqı ölkələri üçün əməkdaşlığın qurulmasında prioritet olan “yaşıl enerji” sahəsində də mühüm potensiala malikdir. Beləliklə, Azərbaycan neft və qaz ehtiyatlarının əsas təchizatçısı olmaqla, bərpaolunan enerjinin payının artırılması istiqamətində qarşıya qoyulan məqsədlərə nail olmaq istəyini nümayiş etdirir.

Emin QASIMOV,

"Respublika".