Laçınlıların xoş ovqatı
Region

Laçınlıların xoş ovqatı

Azərbaycanın qəhrəman Silahlı Qüvvələri İkinci Qarabağ müharibəsi zamanı təqribən 5 min kvadratkilometrə yaxın ərazini döyüş meydanında azad edib. Eyni zamanda təxminən bir o qədər ərazi isə sülh yolu ilə geri qaytarıldı. Əlbəttə, buna sülh yolu ilə qaytarmaq demək düzgün olmaz. Çünki ordumuzun hünəri və şücaəti düşməni məcbur etdi ki, bir güllə atılmadan həmin əraziləri azad etsin. Onsuz da düşmən artıq dərin bir uçurumun kənarında idi, bütün cəbhə boyu həyata keçirilən döyüş əməliyyatları zamanı haylar anladı ki, çox peşəkar, qəhrəman bir ordu ilə üz-üzə gəlib. İşğalçıların başqa yolu yox idi, ya tamamilə məhv olmalı, ya da ki, kapitulyasiya aktına imza atmalıydılar.

Bir vaxtlar dünyada saxta erməni mifi yaradan, "məğlubedilməz ordu"su ilə fəxr edən, azğın və ləyaqətsiz düşmən bizim həm hərbi, həm siyasi müstəvidə böyük uğurlar qazandığımızı yaxşı görürdü. Ermənistan havadarlarına arxalanaraq Laçın şəhərini və Zabux, Sus kəndlərini boşaltmayacaqlarını, ermənilərin isə burada daimi yaşayacaqlarını bildirirdi. Lakin bütün bu çürük xəyallar darmadağın edildi. Fədakarlıq, qətiyyət nəticəsində Laçının işğalçılardan azad edilməsi tam qələbə ilə başa çatdırıldı. Qəhrəman oğullarımızın şücaəti və qəhrəmanlığı sayəsində bu tarixi Zəfər təkcə Ermənistanı deyil, dünya erməniliyini, erməni lobbisini, hayları şər yoluna səsləyən kilsəni, doğulan uşaqlarının qulağına "türk sənin düşmənindir" pıçıldayan din xadimlərini, daşnak ideyalarının daşıyıcılarını, ermənipərəst qüvvələri, hay təəssübkeşliyi göstərən bəzi ölkələri məğlub edərək onları güclü şəkildə sarsıtdı. Laçın şəhərinin azad edilməsi həm də dövlət sərhədimizin bərpası demək idi. Düşmənin işğal etdiyi Qarabağdan Azərbaycanın aran rayonlarını təhdid altında saxladığı ərazilərdə ordumuzun nəzarəti altına düşdü. Qəhrəman əsgərlərimiz artıq bala Göyçə gölündə əl-üzlərini yuyur, dağlar qoynundakı bu incini seyr edirlər. Az bir müddət keçəndən sonra, düşmənin basdırdığı minalar təmizlənən kimi Laçın şəhərində, eləcə də Zabux və Sus kəndlərində quruculuq işlərinə başlanıldı. Cəsarətlə və qürurla demək olar ki, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçının tarixinin və taleyinin yeni mərhələsi başlayıb, dağlar diyarında ən mühüm infrastruktur layihələr icra olunur, laçınlıların doğma yurda ləyaqətli qayıdışı üçün dövlət tərəfindən hər cür şərait yaradılır, artıq yüzlərlə ailə öz yeni və müasir evlərinə köçüblər. Laçın gözlərimiz qarşısında dünyanın ən modern şəhərinə çevrilir, çox keçməyəcək ki, bu şəhər həm də turizm məkanı kimi tanınacaq.

Torpaqlarımız işğalçılardan azad ediləndən sonra ölkənin iqtisadi rayonlarının bölgüsünün yenidən aparılması zərurəti yarandı. Prezident İlham Əliyevin imzaladığı "Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında" Fərmanda qeyd olunur ki, tarixi torpağımız olan Zəngəzur Laçın və Kəlbəcərdən Naxçıvana qədər böyük bir ərazini tutan Zəngəzur yaylasının şərq hissəsində, Ermənistanla sərhəddə yerləşir. Məhz buna görə də sosial-iqtisadi, tarixi-mədəni bağlılıqları olan Zəngilan, Qubadlı, Cəbrayıl, Laçın və Kəlbəcər rayonlarının vahid iqtisadi rayonda birləşdirilməsi zəruri hesab edilib. Yaxın zamanlarda Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın həm ərazi baxımından, həm də təbii ehtiyatları və aqrar potensialı ilə ölkə iqtisadiyyatında mühüm yerlərdən birini tutacaq. Məhz buna görə də, Laçın rayonunun işğaldan azad edilməsindən az sonra Qalib Ali Baş Komandan İlham Əliyev rayona səfər edərək burada xüsusi proqram əsasında aparılacaq infrastruktur layihələrin təməlini qoydu. Onların böyük əksəriyyəti artıq icra edilib. Onlardan biri də Zerti Aqrar Sənaye Parkıdır. Adıçəkilən aqrosənaye parkında yem istehsalı, həmçinin göyərti və pomidor becərilməsi üçün konteyner tipli təsərrüfatlar yaradılıb. Bu təsərrüfatlarda 10 nəfər Laçın sakini işlə təmin edilib. "Bakı Abadlıq Xidməti" MMC-nin təşəbbüsü ilə sözügedən təsərrüfatlarda 16 ədəd konteyner quraşdırılıb. Bunlardan 7-si göyərti və tərəvəzlərin becərilib saxlanılması üçündür. Belə ki, 4 konteynerdə cəfəri, nanə, reyhan, kahı və digər göyərtilər yetişdirilir. Həmçinin 1 konteynerdə pomidor bitkisi becərilir və il ərzində 50-60 ton məhsul əldə etmək mümkün olacaq. Ərazidə olan daha iki konteyner isə məhsulların saxlanılması üçün nəzərdə tutulub. Ondan anbar kimi istifadə ediləcək. Aqrarsənaye parkında Laçın üçün ənənəvi olan heyvandarlığın inkişaf etdirilməsi məqsədilə yem istehsalı müəssisəsi də yaradılıb. 9 konteynerdə suda arpa və buğda bitkisi saxlanılır, 2-3 həftə ərzində cücərdikdən sonra ondan yem əldə olunur. Bu təsərrüfatda ildə 500 ton sağlam yem istehsal etmək mümkün olacaq. Qeyd edək ki, bu cür yemlər heyvandarlıqda süd, toyuq təsərrüffatında isə yumurta istehsalına müsbət təsir göstərir. Hazırda Zerti aqrosənaye parkında 10-a yaxın müəssisə fəaliyyət göstərir. Həmin müəssisələrdə 250-yə yaxın işçi çalışır ki, onların hamısı laçınlılardır. Aqrosənaye parkında gələcəkdə bütün müəssisələrin fəaliyyətə başlaması ilə 1200 iş yerinin açılması gözlənilir.

Həkəri çayının zümzüməsi altında Laçın ecazkar bir görkəm alır, burada regionda analoqu olmayan modern evlər tikilib, geniş küçələr, parklar salınıb, bir sözlə, bütün infrastruktur böyük zövq və şövqlə yaradılıb. Daha da gözəlləşən və abadlaşan Laçın şəhərinə köçən sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirirlər. Keçmiş məcburi köçkünlərin otuz il xəyallarında yaşatdıqları həyat geri qayıdır və bu yerlərin ahəngini, ritmini, ruhunu dəyişir. Fərəh hissi ilə bildirək ki, uca dağların əhatəsində ana təbiətlə harmoniya təşkil edən yeni və müasir bir şəhər dünyaya boylanır, otuz ilə yaxın qaranlığa bürünmüş evlərdən işıq süzülür. Axşam düşəndə isə işdən evlərinə qayıdan laçınlıların bir-birinə calanan söhbətləri bitib tükənmir...

Salman ALIOĞLU,

"Respublika".