Yüksələn xətlə inkişaf edən əlaqələr
Siyasət

Yüksələn xətlə inkişaf edən əlaqələr

"Biz bütün istiqamətlər üzrə fəal qarşılıqlı fəaliyyəti davam etdirmək niyyətindəyik. Deməliyəm ki, bu gün imzalanan sənədlər hələ imza atılan sənədlərin hamısı deyil. Sənədlərin bir hissəsi müvafiq dövlət strukturlarında imzalanır. Beləliklə, biz, həmçinin münasibətlərimizin möhkəm qanunvericilik bazasını yaradırıq". Bu sözləri Prezident İlham Əliyev aprelin 24-də Qırğız Respublikasının Prezidenti Sadır Japarovun ölkəmizə səfəri çərçivəsində mətbuata bəyanatla çıxışı zamanı bildirib.

Dünyada elə ölkələr var ki, onların digər dövlətlərlə  əlaqələrinin gələcəkdə daha da intensivləşməsi, dərinləşməsi real görünmür. Amma Azərbaycan və Qırğızıstan arasındakı münasibətlər tamam fərqli rakursdan dünya ictimaiyyətinin diqqət mərkəzindədir. Hər iki respublikanı yaxınlaşdıran kifayət qədər çoxlu amillər sadalamaq mümkündür. Azərbaycan-Qırğızıstan münasibətlərindən söz açarkən ilk növbədə tarixi bağlılığı vurğulamaq lazımdır. Belə ki, Azərbaycan və Qırğız xalqları eyni dinə oxşar dilə, mədəniyyətə və ənənələrə malikdirlər. Hətta hər iki xalqın folklorunda və yazılı ədəbiyyatında eyni personajlara belə təsadüf olunur. Bu gün Azərbaycan və Qırğızıstan xalqları arasında yaxınlaşmağa, əlaqələri daha yüksək səviyyəyə qaldırmağa böyük istək var. Azərbaycan Prezidenti İlham Əliyev və Qırğızıstan Prezidenti Sadır Japarov tərəfindən bu kontekstdə güclü siyasi iradə nümayiş etdirilir. Hələ müstəqilliyimizin ilk illərində beynəlxalq və regional təşkilatların fəaliyyətində Azərbaycan-Qırğızıstan əməkdaşlığı özünü büruzə verib. Qarşılıqlı münasibətlərin şaxələnməsində Ulu Öndər Heydər Əliyevin rolu əvəzolunmazdır. Belə ki, 1993-cü ilin dekabrında Türkmənistanda MDB Dövlət Başçıları Şurasının iclası zamanı Azərbaycan Prezidenti Heydər Əliyevlə Qırğızıstan Prezidenti Əsgər Akayevin ikitərəfli görüşü keçirilmişdir. Bu görüş dövlətlərarası münasibətlərin möhkəmləndirilməsinə mühüm töhfə olmuşdur.

Bu gün Azərbaycanla Qırğızıstan arasında beynəlxalq əməkdaşlığın təzahürünü Türk Dövlətləri Təşkilatının fəaliyyətində də görmək mümkündür. Həm Azərbaycan, həm də Qırğızıstan türkdilli dövlətlər arasında qardaşlıq münasibətlərinin möhkəmlənməsi istiqamətində mühüm işlər görür. Bu münasibətlər, eyni zamanda ölkələr arasında liberal ticarətin formalaşmasına da müsbət təsir göstərir, Türk dünyasında iqtisadi əlaqələrin dərinləşməsinə şərait yaradır. Məsələn, 2022-ci ilin birinci yarısında Azərbaycanın Mərkəzi Asiyada yerləşən 4 Türk dövləti ilə ümumi ticarət dövriyyəsi 544.360 milyon ABŞ dolları olub. Bu göstəricilər 2021-ci ildə olan ümumi dövriyyədən 66.5 faiz çoxdur. Həmin dövrdə Azərbaycanın Qırğızıstan ilə ticarət dövriyyəsinin isə 4.229 milyon ABŞ dolları olduğu qeydə alınıb. Qırğızıstan, həmçinin qədim Şuşa şəhərinin Türk dünyasının mədəniyyət paytaxtı elan olunması təşəbbüsünü dəstəkləyən ölkələr sırasındadır.

İkitərəfli əlaqələrin inkişafında Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun yaradılması da mühüm əhəmiyyət kəsb edir. Belə ki, fond Qırğızıstan ilə Azərbaycan arasında iqtisadi əməkdaşlığın təşviqi, səmərəliliyi sənayenin müasirləşdirilməsi və inkişafı, genişləndirilməsi məqsədilə yaradılıb. Bu il aprelin 24-də isə Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu haqqında Sazişə əlavə imzalanıb. Əlavədə Nizamnamə fondu 4 dəfə artırılaraq, 25 milyondan 100 milyon dollara yüksəlib. Bütün bunların əsas səbəbi Qırğızıstanda investisiya layihələrinin icrası üçün 40-dan çox müraciətin daxil olması ilə əlaqədardır. İkitərəfli qarşılıqlı fəaliyyətin əsas yol xəritəsi kimi istifadə olunacaq əməkdaşlığın inkişafına dair beşillik kompleks proqramı da ölkələr üçün xüsusi əhəmiyyətə malikdir. Eyni zamanda Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş də respublikaların təsərrüfat subyektlərinin qarşılıqlı iqtisadi fəaliyyətinin həyata keçirilməsinə müsbət təsir göstərir. Ticarət, investisiya və humanitar əməkdaşlıqdan əlavə, Qırğızıstan və Azərbaycan üçün nəqliyyat sektorunda tərəfdaşlığın inkişafı da razılıq doğurur. Rəsmi Bişkek "Bir kəmər, bir yol" qlobal təşəbbüsü ilə Azərbaycan ərazisində həyata keçirilən və ölkənin iştirakı ilə reallaşdırılan nəqliyyat-logistika layihələrinə maraq göstərir. Azərbaycan və Qırğızıstan arasında logistika marşrutlarının yaradılması üzrə işləri sinxronlaşdırmaq məqsədilə Bakı və Bişkek Orta Dəhlizin (Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu) rəqəmsallaşdırılması üzrə əlaqələndirilmiş işlər aparırlar. Bununla yanaşı, sözügedən istiqamətə əlavə yüklərin cəlbediciliyini artırmaq üçün mühüm tədbirlər nəzərdə tutulub.

Xüsusi vurğulamaq lazımdır ki, hazırda Azərbaycanda 160-dan çox Qırğızıstan şirkəti fəaliyyət göstərir. İndiyədək qeyri-neft sektoru üzrə ölkəmizdən Qırğızıstana 204,3 milyon, Qırğızıstandan Azərbaycana isə 98,8 milyon ABŞ dolları həcmində investisiya qoyulub. Həm rəsmi Bakı, həm də Bişkek kənd təsərrüfatı sahəsində əməkdaşlığın inkişafı üçün də geniş potensiala malikdir. Ərzaq təhlükəsizliyinin qlobal miqyasda ən önəmli məsələlərdən birinə çevrildiyi indiki dövrdə bu əməkdaşlığın inkişafı xüsusi rol oynayır. Təsadüfi deyil ki, bu istiqamətdə tərəflərin ehtiyaclarının hesablanması üçün yeni araşdırmalar aparılır, ticarət missiyaları təşkil olunur.

Son dövrlərdə Qırğızıstanla Azərbaycan turizm sahəsində də əməkdaşlığın səviyyəsini yüksəltməyə nail olublar. Azərbaycanlı qonaqlar İssık-Kul gölünün sahilində istirahətə maraq göstərirlər. Hətta dövlətlər arasında İssık-Kulda beşulduzlu hotelin tikintisinə dair İnvestisiya Sazişi imzalanıb. Bu, otel Azərbaycanın ən böyük sərmayəsi və Bakıdan gələn qonaqlar üçün turizm tətilinin təşkili üçün mühüm məkana çevriləcək. Qırğızıstan dağ turizmi, o cümlədən qış turizmi üçündə perspektivlidir.

Nəzrin ELDARQIZI,

"Respublika".