Zakir Həsənov Gəncə hərbi polis bölməsində olub
Digər xəbərlər

Zakir Həsənov Gəncə hərbi polis bölməsində olub

Müdafiə Nazirliyinin rəhbərliyi Hərbi Polis İdarəsinin yaranmasının 32-ci ildönümü münasibətilə Gəncə hərbi polis bölməsində keçirilən tədbirdə iştirak edib.

Nazirliyin mətbuat xidmətindən "Respublika"ya bildiriblər ki, şəxsi heyətlə görüşən müdafiə naziri general-polkovnik Zakir Həsənov Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı sayəsində hərbi qulluqçuların xidməti, sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin davam etdirildiyini vurğulayıb. Nazir Müzəffər Ali Baş Komandanın Azərbaycan Ordusu qarşısında qoyduğu əsas vəzifələrdən danışıb.

Hərbi polis bölmələrinin xüsusilə azad edilmiş ərazilərdəki yaşayış məntəqələri və qoşunların dislokasiya yerlərində xidməti fəaliyyətini müsbət qiymətləndirən nazir şəxsi heyəti təbrik edib, onlara gələcək xidmətlərində uğurlar arzulayıb. Komendant və qoşun xidmətinin təşkilində fərqlənən bir qrup hərbi qulluqçu təltif olunub.

Sonra Müdafiə Nazirliyinin rəhbərliyi yeni istifadəyə verilən hərbi obyektə baxış keçirib.

General-polkovnik Z.Həsənov hərbi avtomobillərə baxış keçirib, nəqliyyat vasitələrinin texniki göstəricilərinin yüksək səviyyədə saxlanılması, həmçinin təlimata uyğun istifadə və istismarına xüsusi diqqət yetirilməsi ilə bağlı müvafiq tövsiyələr verib.

Sonda Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən hərbi hissənin ərazisində ağaclar əkilib.