Zar kəndi də doğma sakinlərinə qucaq açacaq
Digər xəbərlər

Zar kəndi də doğma sakinlərinə qucaq açacaq

Torpaqlarımızın  işğaldan azad olunması ilə  ermənilərin necə barbar varlıqlar olduğunu bir daha əyani olaraq görmək mümkün olur. Qarabağ və Şərqi Zəngəzurun şəhər və kəndlərini viran qoyub tar-mar edən düşmən 30 illik işğal dövründə demək olar ki,  bütün yaşayış obyektlərini, ibadətxanaları,  mədəniyyət, səhiyyə və təhsil ocaqlarını yerlə-yeksan edib. İndi həmin yerlərə  baxdıqca insanın ağlından tək bir fikir keçir. Sanki bu ərazilər 30 il insan sinfinə aid olan canlıların əlində deyil də, Yəcuc və Məcuc kimi vəhşi məxluqların hökmranlığı altında olub. Erməni qəsbkarları azərbaycanlılara qarşı olan nifrətini təkcə bizlərə məxsus mülkləri dağıtmaqla yox, təbiətə qarşı da göstərib. Regionun çayları çirkləndirilib, meşə fonduna ciddi ziyan vurulub və münbit torpaq qatı yararsız hala salınıb.

Düşmən işğalı nəticəsində tamamilə dağıdılmış kəndlərimizdən biri də Kəlbəcərin Zar kəndi olub. Bu kənd 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. 2020-ci ildə başlayan İkinci Qarabağ müharibəsində Rəşadətli Ordumuzun qarşısında tab gətirməyən düşmənin təslim aktına imza atması ilə Zar kəndi siyasi yolla Silahlı Qüvvələrimizin nəzarəti altına keçib. Bundan sonra dövlətimiz işğaldan azad olunan ərazilərə tezliklə keçmiş məcburi köçkünlərin qaytarılması üçün dərhal genişmiqyaslı işlərə start verdi. Bu istiqamətdə Prezident İlham Əliyev tərəfindən  2022-ci ildə imzalanan Sərəncama əsasən "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı" qəbul edildi. Böyük Qayıdış proqramının icra olunması ilə həyata keçirilən məqsədyönlü və genişmiqyaslı layihələr Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sürətlə dirçəlməsinə, əhalinin dayanıqlı məskunlaşmasına və davamlı iqtisadi aktivliyin təmin olunmasına xidmət edir, habelə həmin ərazilərin yüksək inkişaf etmiş regiona çevrilməsi üçün sağlam bünövrə yaradır.

Prezident İlham Əliyevin mütəmadi olaraq işğaldan azad olunmuş rayonlara səfər etməsi və mühüm obyektlərin təməlqoyma, eləcə də açılış mərasimlərində iştirakı həmin ərazilərin xüsusi diqqət və qayğı altında olmasından xəbər verir. Dövlət başçısının avqustun 25-də Kəlbəcər rayonuna səfəri hər zaman olduğu kimi, yenə də tarixi anlarla yadda qaldı. Müzəffər Ali Baş Komandan və birinci xanım Mehriban Əliyeva Kəlbəcərə bu dəfəki gəlişində Zar kəndinin təməlqoyma mərasimində iştirak etdilər. Bununla da daha bir yurd yerimiz yaxın illərdə soydaşlarımızın ixtiyarına veriləcək. Qeyd edək ki, Zar kəndində ümumilikdə 855 ailənin məskunlaşması planlaşdırılıb. Yaşayış məntəqəsinin salınması üçün 20 illik perspektiv və həmin müddətdən sonrakı inkişaf nəzərə alınmaqla 243 hektardan çox torpaq sahəsinin ayrılması nəzərdə tutulub. Birinci mərhələdə kəndə 547 ailənin köçürülməsi üçün birmərtəbəli fərdi evlərin inşası planlaşdırılır. Tikiləcək 547 evin 131-i ikiotaqlı, 289-u üçotaqlı, 92-si dördotaqlı, 35-i beşotaqlı olacaq. Burada həmçinin 528 şagird yerlik məktəb, 100 yerlik uşaq bağçası tikiləcək. Kənddə əhalinin məşğulluğunun və istirahətinin təmin edilməsi üçün hər cür şərait yaradılacaq, geniş abadlıq və yaşıllaşdırma işləri görüləcək. Burada evlərin və küçələrin işıqlandırılmasında "yaşıl enerji"dən istifadə olunacaq. Dövlətimizin başçısının tapşırıqlarına uyğun olaraq, bütün işlər ən yüksək səviyyədə yerinə yetiriləcək. Qədim yurd yerimiz olan Zar kəndi bir vaxtlar hərbçilərimizin yolunu gözləsə də, hazırda doğma sakinlərinə qucaq açmaq üçün hazırlaşır. 

Bu gün öz azadlığına qovuşan Kəlbəcər rayonunun Zar kəndi Qarabağ yaylasının ətəyində yerləşir. Bir tərəfi qədim Göyçə mahalı, digər tərəfi isə Basarkeçərlə sərhəd olan kəndin adı XIII əsrə aid mənbələrdə çəkilib. Mənbələrdə zar tayfa adı kimi qeyd olunur və onların fars vilayətinin cənubunda, Fars körfəzinin sahillərindən Kirməna qədər olan ərazidə yaşadıqları göstərilir.  Kəlbəcər rayonunda Tərtərçayın qolu olan çay da bu kəndin adı ilə Zar adlanır. Kəndin qədim sakinləri Zarın tarixdə Şəhrizər kimi tanındığını deyir. Sözün mənasına gəldikdə Zər sözü qızıl anlamındadır. Şəhrizər, yəni qızılla zəngin olan şəhər deməkdir. Əvvəllər kəndin ərazisində torpağın altından tapılan qızıl dəfinələr bu sözün həqiqət olmasını təsdiq edir. Lakin  Şəhrizər sözünün Zar sözünə necə keçməsi isə dəqiq bilinmir. Kəndin axırıncı dəfə məskunlaşması təxminən XV-XVI əsrlərə təsadüf edir. Zarın Çaxmaq, Cütxaç, Təkxaç, Aşağıdüz, Xudavəng, Böyüktəpə, Cılğıyolu, Fərhad yerləri, Qanolan, Əlipəncəsi, Eminlərin bərəyəsi, Qoşakahalar, Səngər kahası, Buz kahası kimi məşhur yerləri və  bir sıra tarixi abidələri var.  Qədim alban kilsələrindən olan Müqəddəs Tanrı Anası Monastrı da kəndin ərazisində yerləşir. Ancaq digər tarixi abidələr kimi bu monastr da erməni vəhşiliyinin qurbanı olub. Türk qəbiristanlığı adı ilə tanınan məzarlıqlardan biri də buradadır. Qəbiristanlıqda  qədim türk adibələri olan qoç, at və sandıq kimi fiqurlara rast gəlinir. Bu da həmin ərazilərin qədim türk torpağı olduğunu sübut edir. Kənddə digər Alban məbədi olan "Zar" kilsəsi e.ə VI-VII əsrlərdə tikilib.  Ermənilər Kəlbəcər rayonu işğal olunduqdan sonra məbədin üstündə restarvasiya işləri apararaq alban işarələrinin bəzilərini erməni işarələri ilə əvəz ediblər. Və  məbədin bəzi hissələrini qoparıb aparıblar ki, alban yazılarını itirsinlər. Ermənilər saxtakarlıq edərək bu kilsənin özlərinə aid olduğunu bildirsələr də, tarixi mənbələrdə sübut olunub ki, Alban məbədi olan "Zar" kilsəsi ərəblərin hakimiyyəti dövründə ermənilərin fitnəkarlığı nəticəsində Qriqoryan kilsəsinə çevrilmişdir.

Musa BAĞIRLI,

"Respublika".