Zəfər paradı  qürurumuz, iftixarımızdır
Digər xəbərlər

Zəfər paradı  qürurumuz, iftixarımızdır

Prezident İlham Əliyevin diplomatik məharəti, prinsipiallığı, dəmir iradəsi və məqsədyönlü siyasəti nəticəsində Azərbaycan tarixi qələbə qazanaraq Zəfərimizi çoxəsrlik salnaməmizə əbədi olaraq həkk etdi. Azərbaycanın Zəfəri həm güclü daxili siyasətin, həm məqsədyönlü diplomatik fəaliyyətin, həm də hərbi sahədə böyük inkişafın məntiqi nəticəsidir. Azərbaycan Prezidenti çıxışlarının birində vurğuladığı kimi, "Biz uzun illər bütün beynəlxalq tədbirlərdə bu məsələ ilə bağlı həqiqətləri çatdırırdıq, böyük iş aparılmışdır və bu işin səmərəsi oldu. Baxmayaraq ki, biz ərazi bütövlüyümüzü döyüş meydanında qazandıq, hesab edirəm ki, son illər ərzində apardığımız siyasi və diplomatik səylər öz bəhrəsini verdi, bütün aparıcı beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıdı və bunu dəstəklədi". Tarixdə görünməmiş qısa müddət ərzində qazanılan Zəfər "Dəmir Yumruğ"un qarşısında hansısa bir gücün dayana bilmədiyini bütün dünyaya göstərmiş oldu. Ali Baş Komandanın rəhbərliyi ilə Vətən müharibəsi dövründə Ermənistanın ordusu, hərbi texnikası, canlı qüvvəsi məhv edildi. Azərbaycan öz ordusunun gücü ilə tarixi qələbə qazandı. Müharibə dövründə xalq öz birliyini və gücünü nümayiş etdirərək dövlət başçısının ətrafında birləşdi. Qələbəmizi şərtləndirən bu və ya digər amillər müharibə zamanı hər gün bizi qələbəyə yaxınlaşdırdı.

İki il bundan əvvəl, dekabrın 10-da ölkənin müasir tarixində möhtəşəm və unudulmaz hadisə olan, Bakının Azadlıq meydanında keçirilən Zəfər paradı Vətən müharibəsindəki qələbəmizin nümayişi döyüşlərdən qalib çıxmış bir xalqın qalibiyyət yürüşü idi. Prezident İlham Əliyev demişdir: "Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir". Xalq səbirsizliklə Zəfər paradını, Şuşa şəhəri azad edildikdən sonra cəsur və igid hərbçilərimiz tərəfindən orada ucaldılmış Zəfər bayrağını görmək istəyirdi. Zəfərin rəmzi - Şuşa şəhəri azad edildikdən sonra, Azərbaycan hərbçiləri tərəfindən şəhər üzərində qaldırılan Zəfər bayrağı parada gətirildi. Zəfər paradında 3000 nəfərdən artıq şəxsi heyətin, 150-dək hərbi texnikanın, eləcə də müasir hərbi texnikanın, raket və artilleriya qurğularının, hava hücumundan müdafiə sistemlərinin və s. ilə yanaşı, Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qisminin nümayişi də qalib və qüdrətli Azərbaycandan dünyaya çox mühüm mesaj oldu. Azərbaycan dövləti tarixi ədaləti, öz haqqını, ərazi bütövlüyünü müdafiə etməyə qadir gücü və ordusu olduğunu göstərə bildi.

Zəfər paradında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın, eləcə də qardaş dövlətdən gəlmiş böyük nümayəndə heyətinin, türk əsgər və zabitlərin iştirakı dövlətlərarası münasibətlərin, birliyimizin, dostluğumuzun və qardaşlığımızın bariz nümunəsi idi. Əlbəttə ki, iki ölkə rəhbərinin paradı birgə qəbul etməsi beynəlxalq ictimaiyyətə verilmiş ciddi mesaj idi. Azərbaycan və türk əsgərlərinin çiyin-çiyinə Azadlıq meydanından keçməsi xalqların tarixində əbədi qalacaq və hər zaman qürurverici amil olaraq xatırlanacaqdır.

Bu parad bir daha göstərdi ki, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə ötən illər ərzində ordu quruculuğu prosesi uğurla davam etdirilib. Bunun nəticəsində Azərbaycan Silahlı Qüvvələri bu gün regionun modern texnika ilə təchiz edilən, Vətənin müdafiəsinə daim hazır olan yüksək nizam-intizama malik bir orduya çevrilib.

Bu gün Qarabağ və Şərqi Zəngəzur da yeni inkişaf dövrünü yaşayır. "Dəmir Yumruğ"un yaratdığı yeni reallıqlarla hər kəs hesablaşmalıdır. "Bundan sonra əgər erməni faşizmi bir daha baş qaldırsa, nəticə eyni olacaq. Yenə Azərbaycanın dəmir yumruğu onların belini qıracaq", - deyə Prezident İlham Əliyev bildirib. Müharibədən iki ildən çox keçməsinə baxmayaraq, erməni faşizminin bu ərazilərdə yerlə-yeksan etdiyi şəhər və kəndlərimizdə həyata keçirilən tədbirlərin miqyası günü-gündən genişlənir. Dövlət başçısının Qarabağ və Şərqi Zəngəzuru yaşıl enerji bölgəsi elan etməsi, eləcə də həmin ərazilərin sosial-iqtisadi inkişafı ilə bağlı nəzərdə tutulan layihələr icra olunmaqdadır. Bölgədə nəqliyyat kommunikasiyalarının bərpası, iqtisadi əlaqələrin yaradılması regionda uzunmüddətli sülh və təhlükəsizliyə töhfə olacaq. Bir sözlə, qeyd etmək istəyirəm ki, Azərbaycanın yaratdığı yeni reallıqlar regionda sülh, sabitlik, təhlükəsizlik baxımından strateji əhəmiyyət kəsb edir.

Ruslan AĞAMALIYEV,

 157 nömrəli tam orta məktəbin tarix müəllimi,

 Vətən müharibəsi iştirakçısı.