Vətənin hər guşəsindən zəfər səsi gəlir
Siyasət

Vətənin hər guşəsindən zəfər səsi gəlir

İyirmi il əvvəl Azərbaycan xalqı öz gələcək taleyini Ulu Öndərimizin siyasi varisi İlham Əliyevə etibar etdi və bu inamında yanılmadı. Azərbaycanın taleyinə görə məsuliyyət İlham Əliyevin üzərinə gənc yaşlarında düşmüşdü. Prezident seçiləndə 42 yaşı vardı. Zamanın çağırışı və xalqın seçimi ilə ona həvalə olunan bu şərəfli missiyanın öhdəsindən heyrətamiz dərəcədə bacarıqla gələn Prezident İlham Əliyevin həyatı, keçdiyi ömür yolu bir uğur hekayəsidir. İlham Əliyev müasir dünya liderləri arasında yüksək intellekti, diplomatik məharəti, xüsusi natiqlik bacarığı ilə seçilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ən mürəkkəb ictimai-siyasi və hərbi proseslərdə anında düzgün qərarlar qəbul etmək qabiliyyəti vardır. Prezident İlham Əliyev yüksək siyasi hazırlığa və geniş dünyagörüşünə malik olmaqla yanaşı, həm də heyrət ediləcək qədər uzaqgörən siyasətçi kimi də özünü isbat edib. Qeyri-adi dərəcədə hazırcavab olması onun liderlik xüsusiyyətlərindən biridir. Nəhayət, xarici dilləri mükəmməl bilməsi və ən mötəbər kürsülərdə məntiqli çıxışlar etməsi ilə də o, dəfələrlə dünya dövlətlərinin liderlərini heyrətləndirib. İlham Əliyev üçün xalq və dövlət bir-birini tamamlayan vahid anlayışlardır. Azərbaycan Prezidenti İlham Əliyev bütün bu xüsusiyyətləri özündə birləşdirən lider, tarixi şəxsiyyətdir. O, öz xalqının, dövlətinin parlaq gələcəyinin və rifahının qarantıdır.

Ölkə başçımız İlham Əliyev 20 il əvvəl, 2003-cü il oktyabrın 15-də hakimiyyətə gələndə işğal altındakı torpaqlarımızın azad olunması barədə xalqımıza söz verdi. O, sözünə sadiq lider kimi artıq dünya tarixinə düşüb. Ali Baş Komandan Prezident seçilməsindən 17 il sonra işğal altında olan 11 rayonumuzu düşmən tapdağından azad etdi. Bundan 3 il sonra doğma torpağımız Xankəndidə şanlı bayrağımız dalğalandı. Bu, bizim tarixi torpaqlarımıza əbədi qayıdışımızın simvoludur. Artıq ərazilərimizdə separatizmin kökü kəsilib.

Ali Baş Komandan cari il fevralın 7-də ölkədə növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə bağlı Sərəncam imzaladı. Suverenliyin bərpası, ilk dəfə ölkənin hər yerində seçki keçirilməsi imkanı və ötən il Prezident kimi onun fəaliyyətinin 20 ilinin tamam olması kimi amillər ölkədə seçkilərin keçirilməsi ilə bağlı qərar verilməsinə təsirsiz qalmadı. Şübhəsiz ki, bu proses Prezident İlham Əliyevin özünəinamının, xalqın siyasi dəstəyinə əminliyinin ən bariz göstəricisi idi. Fevral seçkilərinin ən şərəfli və qürurlu anı ondan ibarətdir ki, 30 il əvvəl evlərindən didərgin salınan azərbaycanlıların bir hissəsi daha müvəqqəti məskunlaşdıqları bölgələrdə deyil, öz doğma torpaqlarında - Zəngilanda, Laçında, Şuşada, Füzulidə, Cəbrayılda və azad olunmuş digər yerlərdə səs verdilər və bütöv Azərbaycan kimi keçirdiyimiz ilk seçki oldu.

Dövlət başçısı 2024-cü ilin ilk günündə elan etdi ki, bu il Xankəndi və Xocalı sakinləri öz evlərinə qayıdacaqlar. Bu, möhtəşəm qayıdışa günlər qalarkən Prezident İlham Əliyevin Xankəndidə səs verməsi tarixi hadisədir. Ermənilərə gözdağı olan bu addım hələ etdiklərimizin və edə biləcəklərimizin ilkin mərhələsidir. Bununla da ermənipərəst beynəlxalq siyasi dairələrin bütün ümidləri həmişəlik puça çıxdı. Azərbaycan öz suverenliyinin bərpası ilə həm də dünyada separatizmə yer olmadığını və separatist düşüncə ilə yaşayan toplumların aqibətinin nə ilə sonlanacağını da göstərmiş oldu.

Zəmanəmizdə öz xalqı tərəfindən Prezident İlham Əliyev qədər sevilən dövlət başçıları çox azdır. Bu gün hərtərəfli inkişaf edən, dünyada öz sözü və çəkisi olan qalib ölkə - Azərbaycan Prezident İlham Əliyevin əsəridir. O, 30 ildir torpaq həsrəti ilə yaşayan insanlarımızı yurdlarına qovuşdurdu. Hələ 2003-cü ildə andiçmə mərasimində "Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən çıxış edərkən mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm", - deyən cənab İlham Əliyev sözünə sadiq olduğunu ötən 20 il müddətində tam təsdiqlədi.

Röya RÜSTƏMLİ,

"Respublika".