Zəngəzur dəhlizi: beynəlxalq nəqliyyat yolu
Digər xəbərlər

Zəngəzur dəhlizi: beynəlxalq nəqliyyat yolu

"Zəngəzur dəhlizinin sadəcə Azərbaycan və Ermənistan üçün deyil, qlobal səviyyədə əhəmiyyəti var. Çünki biz daha böyük həcmdə yüklərin olmasını gözləyirik və marşrutlar nə qədər çox olsa, bir o qədər yaxşıdır".

Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Şuşada keçirilən "Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə" mövzusunda konfransda çıxışında söyləyib. Ölkə başçısı vurğulayıb ki, Zəngəzur dəhlizinin böyük potensialı var. Çin, Qırğızıstan və Özbəkistan arasında dəmiryolu əlaqəsi yaradılır. Zəngəzur dəhlizi "Bir kəmər, bir yol" layihəsinin və ya Şimal-Cənub dəhlizinin tərkib hissəsi ola bilər.

Zəngəzur dəhlizinin açılması regional sülhün fundamental elementlərindən biridir. Həmçinin lokal və interkontinental, yəni qitələrarası önəm də daşıyır. Dəhlizin regional müstəvidəki qlobal əhəmiyyəti məhz Türkiyə və Mərkəzi Asiya arasında yeni marşrut kimi ortaya çıxmasıdır. Zəngəzur dəhlizi xüsusilə qardaş Türkiyə üçün də mühüm yoldur.

Belə ki, uzun müddətdir ki, Gürcüstan-Azərbaycan vasitəsilə şimal istiqamətdən İrandan asılılığın azaldılması və Mərkəzi Asiya ilə bağlantının daha məqbul ölkələrdən keçməsini təmin edən Türkiyə, analoji xətti Ermənistan-Azərbaycan marşrutu üzrə cənub istiqamətində də əldə etmək niyyətindədir.

Dəhlizin mövcudluğu Türk dövlətlərinə də böyük töhfələr verəcək. Bununla da Xəzər dənizində gəmi nəqliyyatının artmasını stimullaşdıracaqdır.

Dəhlizin açılması ilə Azərbaycanın əsas ərazisi və Naxçıvan Muxtar Respublikası arasında alternativ keçid yaranacaq. Bununla da regional siyasi konfiqurasiya çərçivəsində önəmli məsələləri həll etmiş olacaq.

Dəhlizin lokal müstəvidəki önəmi isə yeni nəqliyyat yolunun keçdiyi hər bir dövlətdə yerli inkişafı stimullaşdırıcı faktor kimi çıxış etməsidir. Dəhliz hər üç ölkənin ən zəif inkişaf etmiş bölgələrindən, 30 ilə yaxın işğal altında olan və talançılığa məruz qalan Azərbaycanın cənub-qərb rayonları, Ermənistanın ən zəif inkişaf etmiş Sünik bölgəsi və onilliklərdir terrorizm səbəbilə zəif inkişaf etmiş Türkiyənin şərq vilayətlərindən keçir. Buranın açılması ilə hər üç bölgənin iqtisadi yüksəlişinə ciddi töhfələr verəcək.

Dəhlizin interkontinental önəmi isə Çinin son illərdə artan iqtisadi nəqliyyat şəbəkəsinə yeni bir alternativlik təşkil etməsidir. Buna əsasən, Zəngəzur dəhlizi Çindən gələn malların Türkiyənin şərq vilayətlərinə, oradan da Aralıq dənizi və yaxud da İstanbul boğazları vasitəsilə Avropaya daşınmasını təklif edir. Bu yenilik həm Türkiyənin, həm də Çinin nəqliyyat yollarının diversifikasiya edilməsi strategiyaları ilə üst-üstə düşür. Bununla da Zəngəzur dəhlizinin Avropa və Asiya qitələri arasında önəmli ticarət marşrutu kimi çıxış etmək potensialı var.

Ötən günlərdə qardaş ölkə başçısı Rəcəb Tayyib Ərdoğan Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovu qəbul edərkən bildirib ki, Zəngəzur dəhlizi dərhal açılmalı və hərtərəfli sülh sazişi tezliklə həyata keçirilməlidir. Həmçinin görüşdə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi də müzakirə olunub.

Beləliklə, Zəngəzur dəhlizinin açılması həm türk dünyasının güclənməsinə, həm də türkdilli dövlətlərin təşkilatlanmasında yaranan yeni şəraitdə onların dünya iqtisadiyyatında və dünya siyasətində daha önəmli rol oynamasına imkan verəcək.

Ən əsası isə ölkəmizlə yanaşı, türk dövlətlərinin iqtisadi tərəqqisinə, iqtisadi və milli təhlükəsizliyinin, müdafiəsinin gücləndirilməsinə, əhalinin yaşayış səviyyəsinin artırılmasına, yüksək texnologiyaların inkişafı üçün transfer mübadiləsinin intensivliyinə və türk dünyasının dəyərlərinin qorunub saxlanılmasına, inkişaf etdirilməsinə yeni resursların cəlb edilməsinə töhfə verəcək.

Töhfə SƏMƏDOVA,

"Respublika".