Zəngəzurun Nüvədi kəndi: tarixi gerçəklər və yalanlar...
Tarix

Zəngəzurun Nüvədi kəndi: tarixi gerçəklər və yalanlar...

"Mənim xatirimdədir, hətta Ermənistanın ərazisindən azərbaycanlıların əksəriyyəti çıxarıldığı halda, 1991-ci ildə onlar Nüvədidən çıxmırdılar, sonradan onları oradan zorla çıxarıb Zəngilandakı Vejnəli kəndinin yanına gətirdilər".

Heydər ƏLİYEV,
Ümummilli Lider.

XX əsrin birinci yarısında çar Rusiyası tərəfindən Osmanlı və Qacar dövlətlərindən Qərbi Azərbaycana, eləcə də Zəngəzura köçürülən ermənilər qısa müddətdən sonra bu ərazinin yerli əhalisi olan Azərbaycan türklərinə qarşı torpaq iddialarına başladılar. XX əsrin əvvəllərində isə Qərbi Azərbaycanın digər yerlərində olduğu kimi, Zəngəzurda da erməni silahlı dəstələri tərəfindən yerli əhaliyə qarşı soyqırımı törədildi. 1920-ci ildə Ermənistan SSR yaradılandan sonra burada yaşayan azərbaycanlılar yenidən milli ayrı-seçkiliyə, siyasi və iqtisadi təzyiqlərə məruz qaldılar, nəticədə 1948-1953 və 1988-1991-ci illərdə öz əzəli torpaqlarından deportasiya edildilər. 1991-ci il avqustun 8-də Qərbi Azərbaycan ərazisində Azərbaycan türklərinin deportasiya edildiyi sonuncu kənd Nüvədi kəndi oldu.

Erməni terrorunun əsas hədəflərindən biri də yerli əhaliyə aid toponimləri erməniləşdirmək idi. Bu vandalizm ənənəsi son yüz ildə Ermənistan hakimiyyəti tərəfindən tətbiq edilməkdədir. 2006-cı il iyulun 4-də Ermənistan parlamenti tərəfindən qəbul edilmiş qərara əsasən Nüvədi kəndinin adı dəyişdirilərək "Nrnadzor" qoyuldu. Bu adın erməni dilindən tərcüməsi "narlı dərə" deməkdir. Etibarlı tarixi mənbələr bu kəndin tarixi adının qondarma "Nrnadzor" yox, Nüvədi olduğunu təsdiq edir. Qərbi Azərbaycan ərazisində Azərbaycan türklərinə məxsus olan minlərlə yer-yurd adının qondarma adlarla əvəz edilməsi yerli əhalinin bu ərazidə tarixi izini silmək məqsədi güdür. Ermənistan hakimiyyəti Nüvədi kəndini "Nrnadzor" adlandırsa da, buradakı meşələrin, dağların, çayların və bulaqların adlarının tarixən Azərbaycan türkcəsində olması əslində "Nrnadzor" yalanını ifşa edir.

Ermənilər daim özlərinə havadar axtarışındaydılar. 1917-ci il Fevral inqilabına qədər onların arxalandığı dövlət çar Rusiyasi idi. Lakin çar Rusiyası Birinci Dünya müharibəsinin bitməsinə az qalmış süquta uğradı. 1918-ci il mayın 28-də daşnaklar Tiflisdə Qafqaz regionunun tarixində ilk dəfə olaraq erməni dövləti qurmaq üçün plan cızdılar. Erməni tarixçisi C.Burnutyan qeyd edir ki, erməni milli şurasının mayın 30-da elan etdiyi bəyanatda "müstəqil Ermənistan"dan bəhs edilmirdi, çünki burada ermənilərin yaşaması hələ onların dövlətinin və parlamentinin olması demək deyildi. Doğrudan da bəhs olunan bəyanatda Azərbaycan və Gürcüstanın müstəqil dövlət olduğu qeyd edildiyi halda, müstəqil Ermənistan dövlətindən danışılmırdı. 1918-ci il mayın 29-da erməni milli şurasının A.Xatisyanın başçılığı ilə Batuma Osmanlı dövləti ilə müqavilə imzalamaq üçün göndərdiyi kiçik heyət Osmanlı dövlətinin hərbi naziri Ənvər Paşanın tələblərinə uyğun şəkildə hərəkət edirdi. Erməni tərəfi həmin gün Ənvər Paşanın Vehib Paşaya göndərdiyi tələbləri qəbul etməyə məcbur idi. Sonralar A.Xatisyan Vehib Paşanın ona dediyi sözləri bu cür xatırlayır: "Taleyin Türkiyəni qərbdən şərqə doğru götürdüyünü görürsünüz. Balkanları tərk etdik, Afrikanı da itiririk. Lakin şərqə doğru genişlənməliyik. Qanımız, dinimiz, dilimiz ordadır və bizi var gücüylə cəlb edir. Qardaşlarımız Bakıda, Dağıstanda, Türküstanda və Azərbaycandadır. Bu bölgələrə doğru bir yolumuz olmalıdır. Amma siz ermənilər yolumuzun üstündə durmusunuz. Vanı tələb edərək İrana gedən yolumuzu kəsirsiniz. Naxçıvanı və Zəngəzuru tələb edərək Kür vadisinə gedişimizə mane olursunuz. Qars, Axalkələk, Qazax və Gəncəyə olan yollarımızı bağlayırsınız. Kənara çəkilməlisiniz, bizə yol verməlisiniz. Əsl mübahisələrimiz bunlardır. Ordularımızın irəliləməsinə və özümüzü müdafiə etmək üçün iki başlıca yola ehtiyacımız var. Bunlardan biri Gəncəyə gedən Qars-Axalkələk-Borçalı-Qazax, digəri isə Kür vadisinə doğru uzanan Şərur-Naxçıvan-Zəngəzur yoludur. Siz Novo-Bəyazid və Eçmiədzin arasında qalmalısınız". 1918-ci il iyunun 4-də Osmanlı və Ermənistan nümayəndələri arasında imzalanmış Batum müqaviləsinə əsasən, daşnak Ermənistanın ərazisi yalnız Novo-Bəyazid qəzası, Gümrü, Eçmiədzin, İrəvan və Şərur-Dərələyəz bölgələrinin şərqini əhatə etməklə 10 min kvadratkilometrə yaxın sahə müəyyən edilmişdir. Lakin erməni silahlı dəstələri bu müqaviləyə etiraz edərək yerli türk-müsəlman əhalisinə qarşı soyqırımlarına və Azərbaycan Xalq Cümhuriyyəti ilə ərazi münaqişəsinə başladılar. Qarabağ və Zəngəzur erməni işğalçılarının əsas hədəfinə çevrildi. Azərbaycan Xalq Cümhuriyyəti Xarici İşlər Nazirliyinin 1919-cu ildə Paris Sülh Konfransına təqdim etdiyi rəsmi xəritədə Zəngəzur bölgəsi bütövlükdə Azərbaycan Xalq Cümhuriyyətinin tərkibində göstərilib.

Ermənilər Zəngəzurda nə vaxt məskunlaşdılar? Onları hansı dövlət nə məqsədlə bu bölgəyə köçürmüşdür? Ermənilərin Zəngəzurda məskunlaşması prosesi XIX əsrin birinci yarısında çar Rusiyasının işğalçı siyasətinin tərkib hissəsi olaraq başlandı.

"Divide et impera" ("parçala və hökmranlıq et") siyasəti yürüdən Rusiya imperiyası erməniləri köçürməklə şərqdən qərbə doğru geniş coğrafiyada yaşayan türk xalqlarının qovuşduğu məkan olan Azərbaycanın mərkəzində - Qarabağ və Zəngəzur bölgələrində etnik münaqişənin əsasını qoydu. Ermənilərin Qarabağda və Zəngəzurda yerli əhali olmadığını sübut edən bir mühüm dəlil də rus ordusunda qulluq edən erməni əsilli polkovnik Qazaros Lazaryanın 1828-ci il martın 30-da Qacarlar dövlətindən Azərbaycanın Araz çayından şimaldakı torpaqlarına köçürülən ermənilərə müraciətidir. Q.Lazaryan ermənilərə müraciətində deyirdi: "...orada (Azərbaycanın şimalı) siz xristianların məskunlaşdırıldığı yeni vətən əldə edəcəksiniz... Tələsin! Vaxt qiymətlidir. Tezliklə rus qoşunları İranı tərk edəcək, bundan sonra sizin köməyiniz çətinləşəcək və biz sizin təhlükəsizliyiniz üçün cavabdeh olmayacağıq. Azca itkiyə məruz qalsanız da, qısa zamanda hər şeyə nail olacaqsınız, özü də həmişəlik... İran (Qacar) çörəyi yeməkdənsə, rus otu yemək daha yaxşıdır". Bu fakt ermənilərin Qərbi Azərbaycan, eləcə də Qarabağa və Zəngəzura köçürüldüyünü təsdiq edir.

Qərbi Zəngəzur ərazisində gerçək tarixi erməni saxtakarlığına məruz qalan kəndlərdən biri də Nüvədi kəndidir. Nüvədi Meğri rayonunun ən böyük və ən qədim kəndidir. Müasir Nüvədi kəndinin 15 kilometrliyində yerli əhali tərəfindən "Nüvədili yurdu" adlandırılan qədim yaşayış məskəninin qalıqları və müqəddəs ziyarətgahlar yerləşir. Nüvədi çayının 4-5 kilometrliyində isə mis-molibden yatağı var. Nüvədinin zəngin yeraltı sərvətləri ilk dəfə XIX əsrin 60-70-ci illərində Zəngəzur qəzasına səfər etmiş fransız mütəxəssisləri tərəfindən kəşf edilmişdir. Nüvədi kəndində üzümçülük təsərrüfatının inkişafı qədim ənənələrlə bağlıdır. XIX əsrdə Nüvədi kəndində olduğu kimi, Zəngəzur qəzasının digər sərhədboyu kəndləri də üzüm bağları ilə məşhur idi. Cənubi Qafqazın iqtisadi tarixini araşdıran V.D.Moçalov yazır ki, Zəngəzurun yerli əhalisi müsəlman olduğu üçün ermənilərdən fərqli olaraq üzümdən şərab istehsal etmir, yalnız meyvə kimi satıb xeyli gəlir əldə edirdi. 1897-ci ilə aid statistik məlumata görə, Zəngəzur qəzası üzrə satlıq üzüm məhsulunun 55,9%-i Meğri nahiyəsinin payına düşürdü. Nüvədi kəndi Meğri nahiyəsində üzümçülüyün ən çox inkişaf etdiyi kəndlərdən biri idi. Qeyd edək ki, V.D.Moçalov Zəngəzur qəzasından Qərbi Azərbaycan bölgəsi kimi bəhs edir.

Keçən əsrin birinci yarısında Nüvədi kəndi ətrafında bir çox qədim kəndlərin ləğv edilməsindən sonra bu kəndlərdə yaşayan qədim türk tayfaları Nüvədiyə pənah gətirmişdir. Bu kəndlərdən biri də Ernəzir kəndidir. Ernəzir kəndinin Gülü uşağı, Hüseyn uşağı, Xanəhməd uşağı, Məşədi Zeynalgilin basalağı kimi türksoylu tayfaları Nüvədiyə köçmüşdür.

Nüvədi toponiminin etimologiyası haqqında indiyədək müxtəlif fikirlər səslənmişdir. İ.Bayramov hesab edir ki, Nüvədi toponimi Azərbaycan türkcəsində izah edilməlidir. O öz fikrini kəndin ərazisindən tapılmış Qarqar türklərinə aid kitabələrin və buradakı türk mənşəli toponimlərin varlığı ilə əsaslandırır. İ.Bayramov Qərbi Azərbaycan dialektlərində, həmçinin Göyçə dialektinin Toxluca şivəsində dağ ətəyində çökək mənasını bildirən "nüyək, nüək, niyəx" sözünün işləndiyini, bu sözə fars dilində kənd mənasını bildirən "deh" sözünün variantı olan "di" ("di") sözü əlavə olunaraq Nüvədi toponiminin yarandığını qeyd edir. Nüvədi kəndinin coğrafi mövqeyi də bu kəndin adının etimoloji izahında mühüm rol oynayır. Doqquz vadini birləşdirən dağ ətəyində iki tərəfi qayalıq ərazi olan, çökəklikdə salınmış Nüvədi kəndinin adı Azərbaycan türklərinin yaddaşında vadilərin qovuşduğu məkan olaraq qalmışdır. Nüvədi toponiminin müqəddəs kitablarda bəhs edilən Nuh peyğəmbərin adı ilə izah olunduğu versiya da mövcuddur. Həm Nuh və Nüvədi adları arasında leksik oxşarlıq, həm də Nüvədi kəndi ərazisində "Gəmidüzü" və "Peyğəmbər izi" adlı qədim yer adlarının olması bu mövqeyi dəstəkləyən faktlardır. E.N.Buşuyeva Nüvədi adının yerli əhalinin dilində dialekt sözü olan "nyuv", "nüv" sözündən yarandığını göstərir.

Azərbaycan türklərinin qədim yazılı kitabələri Nüvədi kəndi ərazisində Qarqadaşı dağında aşkar olunmuşdur. Bu daş kitabələri aşkar etmiş kənd sakini Həmzə Vəli onların üzünü köçürmüş və tədqiq etmişdir. O, bu kitabələrin aşkar edildiyi Qarqadaşı dağının adının Zəngəzurda yaşamış Qarqar türk tayfasının adı ilə bağlı olaraq yarandığını göstərir. H.Vəli Qarqar türk tayfasının dilində olan bu yazılı abidənin Orta Asiyada Talas və Orxon-Yenisey kitabələrindən daha qədim dövrə aid olduğunu qeyd edir, həmçinin Göytürk abidəsi olan Orxon-Yenisey yazılı kitabələrinin əcdadı adlandırır. Orxon-Yenisey yazısından fərqli olaraq Qarqadaşı yazısında hərflər birləşik yazılırdı. Nüvədi Qarqadaşı türk yazılı kitabələri Zəngəzur bölgəsində Azərbaycan türkünün iki min il əvvələ aid olan tarixi izini sübut edən təkzibolunmaz dəlildir. Nüvədi kəndinin tarixinin qədimliyini dil materialları da təsdiq edir. Dilçi alim Ə.Əliyevin "Meğri Şivələri" adlı dəyərli kitabında Nüvədi şivəsinin qədim izlərə malik olduğunu, hətta onun bir çox örnəklərinin oxşar nümunələrinə qədim Şumer dilində rast gəlindiyini qeyd edir.

Nüvədi kəndininin əhalisi XX əsrdə erməni silahlı dəstələrinin hücumlarına məruz qalmış, lakin öz izlərini dövrümüzədək qoruyub saxlamış Ataman, Kəndçayı, Sultansəlim, Ernəzir, Angized, Kəhriz, Kazımlı, Şəvzir və digər qonşu kəndlərdən köçüb gəlmiş ailələr əsasında formalaşmışdır.

Nüvədi kəndinin adı XVI əsrə aid mənbələrdə yerli türk tayfalarının şivəsinə uyğun olaraq "Nüyədə" kimi çəkilmişdir. 1590-cı ildə tərtib edilmiş "İrəvan əyalətinin icmal dəftərində kəndin adı "Nüyədə" kimi qeyd edilmişdir. 1593-cü ildə Osmanlı qoşununun Zəngəzuru ələ keçirdiyi dövrdə tərtib edilmiş "Urud və İsgəndər qalası livalarının müfəssəl dəftəri"ndə Nüvədi kəndi və yaxın əraziləri Masırı nahiyəsinin tərkibində göstərilmişdir. "Urud və İsgəndər qalası livalarının müfəssəl dəftəri"ndə Nüvədi, Qərçinik, Əngizəgid, Ataman, Cavgird, Ernəzir və Kəhriz kəndlərinin adı çəkilir, Nüvədidə 25 ailə, Qərçinikddə 5 ailə, Əngizəgidə 7 ailə, Atamanda 3 ailə, Cavgirddə 5 ailə, Ernəzirdə isə 12 türk-müsəlman ailəsinin yaşadığı qeyd edilmişdir. 1747-ci ildə Nadir şah Əfşarın ölümündən sonra Azərbaycan ərazisində müstəqil xanlıqlar meydana gəldiyi dövrdə Qarabağ xanı Pənahəli xan Zəngəzuru öz xanlığının tərkibinə qatmışdır. Bu zaman Nüvədi kəndi Qarabağ xanlığına daxil idi. 1822-ci ildə çar Rusiyası Qarabağ xanlığını ləğv etdikdən sonra Nüvədi kəndi 4-cü sahənin tərkibində Şuşa qəzasına daxil edildi. 1868-ci ildə Yelizavetpol (Gəncə) quberniyasının təşkili zamanı Nüvədi kəndi Zəngəzur qəzasının tərkibində bu quberniyaya daxil oldu. Nüvədi kəndində 1832-1833-cü illərdə "Zəngəzur mahalının kameral təsviri"ndə göstərildiyi kimi, 291 kişi olmaqla 108 müsəlman ailəsinin, 1874-cü ilə aid "Zəngəzur mahalının kameral təsvirində" isə 420 kişi və 285 qadın olmaqla 205 tatar (türk-müsəlman) ailəsinin yaşadığı göstərilir. 1886-cı ildə tərtib edilmiş statistik məlumatda Nüvədi kəndində 505 kişi və 491 qadın olmaqla 208 ailənin yaşadığı qeyd edilir. 1915-ci ildə "Qafqaz kalendarı"nda verilən məlumatda isə Zəngəzur qəzasının Nüvədi kəndində 1072 nəfər müsəlman-tatar əhalinin yaşadığı göstərilir. Nüvədi kəndi 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu dövrdə Qarabağ general-qubernatorluğunun Zəngəzur qəzasının, 1920-ci ildə sovet hakimiyyətinin qurulduğu ilk dövrlərdə isə Cəbrayıl qəzasının tərkibində olub.

Ermənistanda Sovet hakimiyyəti qurulduqdan sonra Azərbaycanın Zəngəzur bölgəsinin qərb hissəsi və 1927-1929-cu illərdə Azərbaycanın bir sıra torpaqları RK(b)P Zaqafqaziya Diyar Komitəsi və Zaqafqaziya MİK tərəfindən hissə-hissə kəsilərək Ermənistan SSR-ə verilmişdi. Azərbaycan SSR-in Cəbrayıl qəzasından daha 3 kənd - Nüvədi, Ernəzir və Tuğut kəndləri də Zaqafqaziya MİK tərəfindən 1929-cu il 18 fevral qərarı ilə Ermənistan SSR-ə verilmiş və bu kəndlərin bazasında 1930-cu ildə Meğri qəzası yaradılmışdı. Adları çəkilən bu kəndlər Ermənistan SSR-ə verildikdən sonra 1939-cı ilin sentyabrında Emənistan hökuməti tərəfindən Tuğut və Ernəzir kəndləri "perspektivsiz" kəndlər adı altında ləğv edilmiş, Tuğut erməni kəndi Şvanidzora, Ernəzir isə Nüvədi kəndinə birləşdirilmişdi. Nüvədi kəndi Ermənistan SSR-ə verildikdən sonra 40-dan çox kənd sakini 1930-cu illərdə SSRİ-də tüğyan edən terrora və repressiyaya məruz qalmış, bir qismi isə Sibirə və Qazaxıstana sürgün edilmişdi. İkinci Dünya müharibəsindən sonrakı illərdə - 1948-1953-cü illər deportasiya dövründə Nüvədi kəndinin əhalisinin Azərbaycan SSR-ə köçürülməsi nəzərdə tutulsa da əhali qəti surətdə bundan imtina etmişdir. Ermənistan SSR Meğri rayonu Nüvədi kənd camaatının 23 aprel 1948-ci il tarixdə SSRİ rəhbəri İ.V.Stalinə məktubunda deyilirdi ki, "bizim Nüvədi kəndi 1929-cu il fevralın 18-dək Azərbaycan SSR-in Zəngilan rayonuna aid olub, sonradan Ernənistan SSR-in Meğri rayonu ərazisinə verilib. Bizi köçürməkdənsə, kəndimizi əvvəllər olduğu kimi, Azərbaycan SSR-in Zəngilan rayonuna aid edəsiniz".

Keçən əsrin 60-cı illərində Ermənistan SSR rəhbərliyi 1927-1929-cu illərdə Ermənistana verilmiş torpaqların tanınması üçün təşəbbüs göstərdi. Bu məsələ Mərkəzi Komitədə bir neçə dəfə müzakirə edilmiş, Sov. İKP MK 10, 20, 23 iyun və 5 noyabr 1968-ci il tarixlərində Azərbaycan SSR və Ermənistan SSR arasında mübahisəli torpaq məsələsini müzakirə etmiş, iki respublika arasında çəkilmiş sərhədlərin Ermənistan SSR və Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətləri tərəfindən tanınması tapşırılmışdır. Azərbaycan KP MK Bürosunun 1968-ci il 26 noyabr tarixli və Azərbaycan SSR Ali Sovetinin 1969-cu il 7 may tarixli fərmanları ilə Zaqafqaziya MİK tərəfindən 1927-1929-cu illərdə Ermənistana verilmiş torpaqların ratifikasiya edilməsi nəticəsində 19000 hektar torpaq sahəsi olan Nüvədi kəndi hüquqi cəhətdən Ermənistan ərazisi kimi tanınmışdır.

Yenidənqurma illərində ölkənin bütün regionlarında mərkəzdənqaçma meyillərinin gücləndiyi bir vaxtda ermənilər imperiyanın çökməkdə olduğunu hiss edir, SSRİ-nin tərkibindən böyük bir ərazi ilə çıxmaq istəyirdilər. Heydər Əliyevin Siyasi Büro üzvlüyündən və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsindən istefasından sonra bunu bir fürsət bilən ermənilər xeyli fəallaşdılar. 1988-ci il fevral ayının 20-də DQMV XDS-nin sessiyası vilayətin Azərbaycanın tərkibindən çıxıb Ermənistanın tərkibinə birləşməsi qərarından sonra Ermənistan SSR-dən azərbaycanlıların təmizlənməsi həyata keçirilsə də, Nüvədi sakinləri kəndi tərk etməmiş, təkbaşına mübarizə aparmış, müdafiə olunmuşdular. Bütün bunlardan sonra ermənilər taktikanı dəyişmiş, xüsusilə Ermənistan SSR rəhbərliyinin göstərişi ilə kəndə təzyiqlər başlanmış, kəndə verilən elektrik xətti kəsilmiş, 1989-cu il oktyabrın 10-da Meğri rayonu mərkəzində beş sakin və maşınlar qənimət olaraq ələ keçirilmişdi. Nüvədi kəndinin sakinlərinin Azərbaycan xalqına ünvanlanmış müraciətində deyilirdi ki, kənd camaatı adi Konstitusiya hüquqlarından məhrum olunmuş, əhali ehtiyac və təşviş içində yaşayır, rayon mərkəzinə gedən adamlarımız döyülür, təhqir olunurlar, biz Ermənistan vətəndaşı kimi hesaba alınmırıq. Ermənilər Ermənistanda yeganə azərbaycanlı kəndinin qalması ilə barışmaq istəmir, kənd əhalisi isə asanlıqla öz yurdlarından çıxmaq istəmirdilər. Kənd sakini H.Musayevin Meğri rayon rəhbərliyinə açıq məktubunda deyilirdi ki, "Nüvədi Azərbaycan torpağıdır və 1969-cu il 7 may tarixli qərarla bu kəndi sizə "pay" vermişlər. Nüvədinin əzəli də, indisi də nüvədililərə məxsusdur...".

1991-ci il avqustun 7-dən 8-nə keçən gecə sovet ordusunun köməyi ilə kənd boşaldıldı. Azərbaycan SSR Nazirlər Soveti yanında DTK-nın yaymış olduğu xəbərdə bu əməliyyata Ermənistan daxili işlər nazirinin müavini Q.Qriqoryanın rəhbərlik etdiyi bildirilirdi. Zəngilan rayonunun Vejnəli kəndində məskunlaşmış nüvədililər qaçqınlıqla barışmır, yenidən Nüvədiyə qayıtmaq istəyirdilər. Kənd sakinləri bu məqsədlə Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevə müraciət edərək onların haqlı tələblərinin həll edilməsini xahiş etmişdilər. Nüvədililərin bu müraciəti ilə əlaqədar Heydər Əliyevin tapşırığı ilə Ali Məclisin deputatları, məsul şəxsləri və ictimai xadimlərindən ibarət nüməyəndə heyəti 1991-ci il oktyabrın 17-də Zəngilanın Vejnəli kəndində məskunlaşmış nüvədililərlə görüşmüş, onların problemləri dinlənilmişdi. Naxçıvandan gəlmiş nümayəndələrin hazırladığı arayışda göstərilirdi ki, 3 aydan çox burada məskunlaşmış sakinlər heç bir şəraiti olmayan soyuq çadırlarda yaşayır, xüsusən də 70 ailənin vəziyyəti daha dözülməzdir. Naxçıvan Muxtar Respublikası əhalisinin blokada şəraitində yaşamasına baxmayaraq, nüvədili qaçqınlara yardım məqsədilə onlara hətta ərzaq məhsulları göndərilmişdi.

2006-cı il 4 iyulda Ermənistan hakimiyyəti daha bir saxtakarlığa imza ataraq Nüvədi kəndinin tarixi adını heç bir qədim mənbədə rast gəlinməyən qondarma "Nrnadzor" adı ilə əvəz etdi. Lakin erməni faşizminin bu cür tədbirləri Azərbaycan xalqının tarixi qələbəsinə kölgə sala bilmədi. 2020-ci ilin payızında 44 günlük Qarabağ Zəfəri nüvədililərin doğma yurdlarına qayıtmaq ümidini artırdı. Bu Zəfər regionun geosiyasi xəritəsini tarixi ədalətə uyğun olaraq bərpa etdi. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ordunun Ali Baş Komandanı İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində Qarabağa Qayıdışın ardınca növbəti Böyük Qayıdışın Qərbi Azərbaycana doğru olacağına çox az vaxt qaldı.

Fikrət ƏLİYEV,
akademik.

Əsəd QURBANLI,
tarix üzrə fəlsəfə doktoru, dosent.

Ramin ƏLİZADƏ,
AMEA-nın Tarix İnstitutunun böyük elmi işçisi.