Elmi-texniki yeniliklər
Maraqlı

Elmi-texniki yeniliklər

Süni intellekt bir gündə demansı aşkar edə bilər

İngiltərəli elm adamları, demansın simptomlarını bir gündə aşkarlayan və erkən müalicəyə imkan verən süni zəka sistemi hazırlayıblar.
Xəstələrin keçmişlərini və hətta kimliklərini unutmalarına səbəb olan demans xəstəliyinin qarşısını almaq üçün edilə biləcək tək vasitə erkən diaqnoz qoymaqdır. İnkişaf etdirilən süni intellekt tətbiqi sayəsində, xəstəliyin illər ərzində necə irəliləyəcəyi, sabit qalacağı və ya müalicəyə ehtiyac olub-olmadığını təxmin etmək mümkün olacaq. Sistem vasitəsilə beyin tomoqrafiyaları və demans xəstələrinin tibbi məlumatları müqayisə edilməklə, təcrübəli nevroloqların belə aşkar edə bilmədikləri nəticələr əldə edilə bilər.
İlk testlərdə, xəstələrin beyin görüntülərində əhəmiyyətli bir dəyişiklik görülməsə də, demansın simptomlarının ortaya çıxmazdan bir neçə il əvvəl təsbit edilə biləcəyi təyin edilib.
Kembricin Addenbrooke Xəstəxanasında aparılan təcrübələrlə, yeni sistemin effektiv olub-olmamasını yoxlamaq məqsədilə sınaqlar keçiriləcək. Tədqiqatlara ildə təxminən 500 xəstənin qatılacağı gözlənilir.
“Bu tip xəstəliklər insanlar üçün həqiqətən dağıdıcı ola bilər. Erkən diaqnoz, erkən müalicə deməkdir. Bu səbəbdən xəstələrə daha etibarlı məlumat verə bilmək və xəstəliyin inkişafını izləməklə onların həyatını xilas edə bilərik. Elmdə bu nailiyyət, həqiqətən fövqəladə bir inkişafdır”-deyə Kembric Universitetinin baş nevroloqu Dr. Tim Rittman qeyd edib.

 

Çin kosmosda elektrik istehsalına başlayır

Çinli alimlər, orbitdə günəş panellərindən enerji istehsal etmək üçün yeni bir elektrik stansiyası quracaqlarını açıqlayıblar.

Chongqing Universitetinin professoru Zhong Yuanchang tərəfindən rəhbərlik edilən bu layihə, kosmosda toplanan günəş enerjisinin Yerdə istifadəsinə imkan verəcək.  Bishan bazası adlandırılan bu elektrik stansiyası, yüksək texnologiyaya və geniş araşdırmalara ehtiyac duyduğundan dərhal işə düşməyəcək. 2050-ci ilə qədər gigawatt miqyasında enerji toplaya biləcək kiçik bir stansiya qurmaq istəyən elm adamları, bütün bu fəaliyyətlərə keçməzdən əvvəl mikrodalğalı elektrik ötürmə testlərini aparmaq üçün yüksəklik balonlarından istifadə edəcəklər.

Sinqapurun Bishan rayonunda yerləşəcək bu yeni elektrik stansiyası, orbitə çıxan günəş panellərindən istifadə edərək naqilsiz işləyəcək. Baza Çinin ilk irimiqyaslı elektrik stansiyası olacaq. Stansiyanın ən böyük xüsusiyyəti isə hava şəraitindən asılı olmayaraq gecə-gündüz işləyəcəyidir.

Qurğu işə düşməzdən əvvəl elm adamları, ultra yüksək gərginlikli elektrik ötürücülərdən istifadə edərək, aşağı yüksəkliklərdə sınaqlar aparacaqlar. Alimlərin açıqlamalarına görə, aşağı hündürlükdə uğurlu sınaqdan sonra, bu yüksəkliyin iki kilometrə çatdırılması gözlənilir. Hələlik şarlar vasitəsilə yalnız 300 metr yüksəklikdə sınaq keçirən alimlər, bu stansiyanın tutumunu 2050-ci ilə qədər artırmağı planlaşdırırlar.
İnformasiyanı “Minnews” veb saytı yayımlayıb.

 

Almaz qədər sərt şüşə hazırlanıb

Çinli alimlər almaz kristallarını asanlıqla cıza bilən, ən sərt və davamlı şüşə material hazırlayıblar.
Yanshan Universitetinin tədqiqatçıları, AM-III adlandırdıqları yeni materialın qeyri-adi mexaniki və elektron xüsusiyyətlərə malik olduğunu, ultra yüksək müqavimətinə görə, günəş hüceyrələrində tətbiq edilə biləcəyini açıqlayıblar.

“National Science Review” akademik jurnalında dərc edilən məqalədə, materialın sərtliyinin 113 gigapascal (GPa) səviyyəsinə çatmasından, təbii almazın isə eyni testdə 50-70 aralığında nəticə verdiyindən bəhs edilib. Material, günəş hüceyrələrində çox istifadə olunan hidrogenləşdirilmiş amorf silikon filmlər kimi yarımkeçiricilərə bənzər tənzimlənən enerji udma qabiliyyətinə malikdir.

Bu molekulyar quruluşa nail olmaq üçün elm adamları, təcrübə otağında 12 saat ərzində təxminən 25GPa, 1200 dərəcə selsi ilə sıx istilik yaradaraq təzyiq tətbiq ediblər. Alimlər, AM-III molekullarında olan nizamlı və nizamsız birləşmənin materialda qəribə xüsusiyyətlərə səbəb olduğunu aşkar ediblər.

“Ümumilikdə ölçmələrimiz göstərir ki, AM-III materialı davamlılığına görə almazla müqayisədə, məlum olan ən sərt şüşədir. Bu tip ultra sərt, çox davamlı amorf materialın ortaya çıxması ən tələbkar praktik tətbiqlər üçün əla namizəddir”- deyə tədqiqatçılar bildiriblər.

Elm adamları “robot buqələmun” hazırlayıblar

Cənubi Koreyalı tədqiqatçılardan ibarət komanda, real vaxtda ətrafdakı rənglərə uyğunlaşa bilən robot buqələmun hazırlayıblar.

 “Nature Communications” jurnalında nəşr edilən araşdırmada, yeni süni komuflyaj texnologiyasına yol açan, bioloji həmkarlarını təqlid edən robot buqələmun quruluşu ətraflı şəkildə izah edilib. Süni dərinin xarici təbəqəsinin altına, cərəyan tətbiq edildikdə maye kristalı qızdıran bir neçə gümüş nano tel quraşdırılıb. Robotun alt hissəsinə təchiz edilmiş optik sensorlar, süni dərinin xarici təbəqəsinə xüsusi istilik temperaturunu tətbiq etməklə, ətrafdakı rəngi təxminən yarım saniyə ərzində dəyişə bilir.
Süni dəri, buqələmun dərisinin quruluşu və mürəkkəbliyi ilə tam uyğun olmasa da, tədqiqatçılar, müxtəlif rəngləri daha yaxşı təqlid etmək üçün fərqli çalarlar əldə edə bilən modelləri robotlara inteqrasiya ediblər. Alimlər, soyutma mexanizmləri əlavə edərək gümüş nano blokların, maye kristalların temperaturunu və rəngini daha sürətli bir şəkildə dəyişməsini təmin edə biləcəklərini söyləyirlər. 
Mütəxəssislər, komuflyaj texnologiyasından hərbidə tətbiq ediləcəyini planlaşdırsalar da, tekstil sənayesində də istifadə olunacağına ümid edirlər.
Seul Milli Universitetinin alimi Sheung Hwan Konun sözlərinə görə, gələcəkdə hər kəs tərəfindən satın alına biləcək, üç rəngə çevrilən paltarlar da istehsal edilə bilər.

Hazırladı:

Elenora HƏSƏNOVA,

“Respublika”.