Yaddaşlara əbədi həkk olunanlar
Region

Yaddaşlara əbədi həkk olunanlar

Biləsuvar Rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Rayon Şöbəsinin birgə təşkilatçılığı ilə icra hakimiyyətində Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə ərazilərimizin işğaldan azad olunması uğrunda aparılan hərbi əməliyyatlarda iştirak edərək igidlik və şücaət göstərmiş, döyüş tapşırıqlarını uğurla yerinə yetirərək Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn Biləsuvar igidlərinin medalları ailələrinə təqdim olunub.

Tədbirdə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, hüquq-mühafizə orqanlarının rəhbərləri və şəhid ailələri iştirak edibdir. Azərbaycanın Dövlət Himni səsləndirildikdən sonra ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Rayon İcra Hakimiyyətinin başçısı F.Qürbətov bildirdi ki, 44 günlük Vətən müharibəsində Azərbaycan Prezidenti Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu şücaətini bütün dünyaya göstərərək 30 ilə yaxın erməni işğalı altında olan torpaqlarımızı düşmən tapdağından azad etdi. Ölkə Prezidenti İlham Əliyevin diqqəti və qayğısı nəticəsində Azərbaycan Ordusu nəinki Cənubi Qafqazın, dünyanın ən peşəkar orduları sırasına yüksəlmişdir. Vətən müharibəsində Azərbaycan Ordusunun peşəkarlığı dünyanın müxtəlif ölkələrinin hərbi ekspertləri tərəfindən yüksək qiymətləndirilmişdir.

Qeyd olundu ki, torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərimiz heç zaman unudulmayacaq, onların əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır.

Daha sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müvafiq Sərəncamı ilə təltif olunan 25 şəhidin medalları ailələrinə təqdim olundu.

Şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə minnətdarlıqlarını bildirdilər.

Ərəstun ABDULOV,

“Respublika”.