Rəşadətli döyüş yolu
Sosial həyat

Rəşadətli döyüş yolu

Azərbaycanın Milli Qəhrəmanı, adı Vətənimizin müharibə tarixinə qızıl hərflərlə yazılmış polkovnik-leytenant Murad Telman oğlu Mirzəyevin ömür və döyüş yoluna nəzər salarkən düşünürsən ki, belə övladları olan Vətən heç bir vaxt məğlub olmaz. Qəhrəmanları torpaq yetirir, torpağı isə qəhrəmanlar qoruyur və yaşadır. Nə qədər ki, uğrunda rəşadət göstərməyi, hətta ölməyi bacaran övladların var, sən yaşayacaqsan, Azərbaycan!

Bu, tarixin bütün dönəmlərində belə olub. Çünki hər daşı, cığırı, damlası və zərrəsi də müqəddəsdir bu yurdun. Onun müqəddəsliyi uğrunda ər övladlar yağı düşmənlə döyüşə girərək canlarından keçiblər.

Azərbaycan torpaqlarına erməni quldurları göz dikəndə, daşnaklar havadarlarının köməyi ilə öz mənfur niyyətlərini həyata keçirəndə, vətənin taleyi təhlükədə olanda Murad Mirzəyev odlu səngərlərə üz tutmuş, hər qarış torpaq uğrunda mərdliklə vuruşmuş, heç vaxt ölümündən qorxmamışdır...

Muradın atası Telman kişi əslən Qərbi Azərbaycanın Göyçə mahalındandır. 1948-ci ildə onlar şovinist-millətçi, faşist xislətli erməni terrorçuları tərəfindən deportasiya olunmuş, ata-baba torpaqlarını itirərək Azərbaycanın Sabirabad rayonunda məskunlaşmışlar.

Murad Telman oğlu Mirzəyev 31 mart 1976-cı ildə Sabirabad rayonunun Muğan-Gəncəli kəndində dünyaya göz açmış, 8 illik təhsilini başa vurduqdan sonra 1991-ci ildə C.Naxçıvanski adına Hərbi Məktəbə daxil olmuşdur. 1994-cü ildə təhsilini fərqlənmə ilə bitirərək Türkiyə Ali Hərbi Quru Qoşunları məktəbinə (Kara Hərb okulu) daxil olmuş və 1998-ci ildə həmin məktəbi motoatıcı ixtisası üzrə müvəffəqiyyətlə bitirmişdir. Məzun Murad Mirzəyevə Diplom və xatirə "Qılınc və məzun ödülü" Türkiyənin sabiq prezidenti Süleyman Dəmirəl tərəfindən təqdim edilir. Eyni dövrdə təhsil aldığı 600 nəfər yerli və əcnəbi tələbələr arasında Murad birincilik qazanaraq "Onur Başkanı" təyin olunur. 1998-ci ilin sentyabrından Eyirdir Komando məktəbində 3 aylıq, 1999-cu ilin yanvar-iyun aylarında isə İstanbulda yerləşən Tuzla Piyada məktəbinin kurslarını müvəffəqiyyətlə başa vuraraq Türkiyə Silahlı Qüvvələrinin 4-cü Motoatıcı Briqadasında taqım komandiri vəzifəsində xidmətə başlayır. Daha sonra Müdafiə Nazirliyi bacarıqlı gənc zabiti işə qəbul edir. Gəncədə yerləşən "N" saylı hərbi hissəyə təyinat alan baş leytenant Murad Mirzəyev bir müddətdən sonra arzusunda olduğu Xüsusi Təyinatlı Qüvvələrdə xidmətini davam etdirir.

1999-cu ilin oktyabrında Azərbaycan Respublikası Müdafiə Nazirliyinin müvafiq əmrinə əsasən motoatıcı taqım komandiri, dekabr ayında isə kəşfiyyat bölüyündə kəşfiyyat taqım komandiri vəzifəsinə təyin olunur. Azərbaycanın Xüsusi Təyinatlı Qüvvələrində xidmət dövründə qrup komandiri vəzifəsindən hərbi hissə, daha sonra isə briqada komandiri vəzifəsinə qədər yüksəlir. Murad Mirzəyev 2005-2007-ci illərdə Amerika Birləşmiş Ştatlarının Virciniya ştatında ingilis dili və xüsusi təyinatlar üçün nəzərdə tutulmuş "Ranger" kursunu tamamlayır. Sonrakı illərdə Türkiyə, Rumıniya və İordaniya Krallığında keçirilən kurslarda iştirak edir və bu kursları da yüksək səviyyə ilə bitirir. Xidmət etdiyi illərdə Azərbaycan Silahlı Qüvvələrinin ən peşəkar və yüksək hazırlıqlı zabitlərindən biri kimi qiymətləndirilir.

O, 2 dəfə "Qüsursuz xidmətə görə", 2 dəfə "Hərbi xidmətdə fərqlənməyə görə" medallarına, eyni zamanda dəfələrlə qiymətli hədiyyələrlə təltif olunmuşdur.

Murad rus, ingilis, erməni dillərini mükəmməl bilirdi və bu sahədə öz üzərində müntəzəm çalışırdı.

2016-cı il 2-5 aprel tarixlərində erməni daşnaklarının təxribatına qarşı keçirilən əməliyyatlarda Talış kəndi ətrafında Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin zabiti, polkovnik-leytenant Murad Mirzəyev döyüş tapşırığını yerinə yetirərkən şücaət və igidlik göstərərək, komandiri olduğu qrup ilə birlikdə erməniləri məhv edərək və tutduğu mövqeyi bir addım belə tərk etmədən son damla qanına qədər vuruşaraq qəhrəmancasına şəhid olmuşdur. Murad Mirzəyev 11 aprel 2016-cı ildə Bakıdakı II Fəxri Xiyabanda dəfn olunub.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin 19 aprel 2016-cı il tarixli Sərəncamı ilə Xüsusi Təyinatlı Qüvvələrin polkovnik-leytenantı Murad Telman oğlu Mirzəyev ölkəmizin ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adına layiq görülmüşdür.

Qədir ASLAN,

"Respublika".