Müəllimlərin sevimli istirahət mərkəzi
Sosial həyat

Müəllimlərin sevimli istirahət mərkəzi

Səfalı Nabran yenə qonaq-qaralıdır. Buradakı istirahət mərkəzlərinə gələnlərin sayı günbəgün artır. Yurdumuzun dilbər guşəsinə üz tutanlar bu nadir təbiət məkanında dincəlməkdən xüsusi zövq alır, buradan ayrılmaq istəmirlər. Elə Xəzər sahilindən bir qədər aralı, zümrüd meşələrin qoynunda qərar tutan "Təhsil" istirahət mərkəzində olduğu kimi.

Respublika Təhsil İşçiləri Azad Həmkarlar İttifaqına məxsus bu istirahət ocağında hər il minlərlə insan dincəlir. Dörd bir tərəfdən yaşıllıqlarla əhatə olunmuş istirahət mərkəzinin ərazisindən keçən çay və ərazinin biomüxtəlifliyi buranı istirahət üçün daha əlverişli bir məkana çevirmişdir. 10 hektar ərazisi olan mərkəzdə dincəlmək üçün bütün imkanlar yaradılıb. İlboyu gərgin keçən dərs ilindən sonra əməksevər müəllimlərimiz və digər təhsil işçiləri burada özlərinə rahatlıq, dinclik tapır, öz sağlamlıqlarını möhkəmləndirirlər.

Qeyd edək ki, son iki ildə bu istirahət mərkəzində xeyli yeniliklər baş verib. Daha keyfiyyətli xidmət göstərilməsi üçün imkanlar bir qədər də genişləndirilib. Xeyli tikinti, abadlıq işləri aparılıb. Burada göstərilən xidmət və yeniliklər barədə mərkəzin direktoru İlham Yusifov məlumat verərək bildirir ki, mərkəz kotteclər, 3 mərtəbəli binalar (2 korpus və 2 şəhərcikdən) ibarətdir. Burada eyni vaxtda 520 nəfər turist dincələ bilir. Mövsüm ərzində isə ümumilikdə 3120 nəfər qəbul edirik. İyul ayının 1-dən turist axını başlayıb. Artıq üçüncü dəstəni qəbul etmişik. İstirahət üçün hər cür şərait və imkanımız var: geniş yeməkxana, idman zalı, futbol, voleybol meydançası, açıq və qapalı üzgüçülük hovuzları, söhbətgahlar, tibbi yardım otağı, uşaq oyun meydançası, süni göl, park, stolüstü oyunlar üçün ayrıca yer və sairə dincələnlərin ixtiyarındadır.

Son iki ildə xidmətin səviyyəsi daha da yaxşılaşmışdır. Ötən il bir dəfə də 700 nəfərə xidmət edə biləcək yeməkxana istifadəyə verilmişdir. Bu mövsümdə daha bir yenilik - 3 mərtəbəli yeni binanın açılışı olmuşdur. 71 otaqdan ibarət bina turistlərin istirahəti üçün bütün zəruri avadanlıqlarla təmin olunmuşdur. Hər bir otaqda televizor, soyuducu, kondisioner, daxili telefon turistlərin xidmətindədir. Bundan əlavə, daha bir yenilik Xəzərin sahilində bir hektar ərazidə "Təhsil"in çimərlik zonasının yaradılmasıdır. Burada tibb məntəqəsi, kafe-ticarət köşkü, soyunub-geyinmə otağı, xilasetmə qülləsi və s. fəaliyyət göstərir. İnsanların çimərliyə rahat gedib-gəlməsi üçün ayrıca avtobus ayrılmışdır. Turistlərin istirahətinin daha səmərəli və maraqlı olması üçün qonşu Quba, Qusar rayonlarına, habelə Xaçmaz şəhərinin görməli yerlərinə tez-tez ekskursiyalar təşkil olunur. Bu məqsədlə iki avtobus burada dincələnlərin daimi ixtiyarındadır.

İstirahət mərkəzindəyik. Ərazini gəzib göstərilən xidmətlərlə yaxından tanış olur, turistlərlə söhbətləşirik. Onların bəzilərinin təəssüratlarını oxucularla bölüşürük.

Vəli Cəfərov Bakı Dövlət Universitetinin professorudur. Göstərilən xidmətdən məmnunluq hissi ilə danışan Vəli müəllim deyir ki, dünyanın bir çox yerlərində istirahətdə olmuşam. Burada dincəlməyin ayrı ləzzəti var. Hər şey ürəyimizcədir. Ən əvvəl dənizlə meşənin vəhdətindən yaranan təbiətin qeyri-adi gözəlliyi. Saatlarla təbiəti seyr etsəm də bu gözəllikdən doymaq olmur. Hələ quşların cəh-cəhi də bu gözəlliyə əlavə rəng qatır. Biz bu gözəllikdən zövq almaqla bərabər, göstərilən xidmətlərdən də lazımınca yararlana bilirik. İstirahət üçün hər cür şərait vardır. Artıq üçüncü dəfədir ki, bura gəlirəm. Hər dəfə də buradan xoş təəssüratla ayrılıram.

Azadə Kərimova Yasamal rayonu 286 nömrəli məktəbin riyaziyyat müəllimidir. Deyir ki, dəfələrlə Avropa ölkələrinin istirahət mərkəzlərində olmuşam. Onların heç birini "Təhsil" istirahət mərkəzi ilə müqayisə edə bilmərəm. Burada çox yüksək xidmət mədəniyyəti, gözəl təbiəti kimi gözəl insanları, çox səmimi personalı vardır. Səliqə-səhmana, təmizliyə, xörəklərin çeşidi və keyfiyyətinə söz ola bilməz.

Daha bir həmsöhbətimiz, yaşlı nəslin nümayəndəsi Sumqayıt Dövlət Universitetinin professoru, texnika elmləri doktoru Məhəmməd Əhmədovdur. O bildirir ki, 5-ci dəfədir burada dincəlirəm. Mən Nabranı hətta dünyanın ən məşhur istirahət məkanları ilə belə müqayisə etməzdim. Bura təbiətin unikal guşəsidir. Odur ki, kollektivimizin üzvləri də hər il burada dincəlir. Burada özümü çox gümrah və sağlam hiss edirəm. Bu istirahət mərkəzini yaradanlara, nümunəvi xidmət göstərənlərə bütün turistlər adından dərin təşəkkürümü bildirirəm.

Müəllimlərin xoş və şirin söhbətlərindən, buranın gözəlliyindən doymasaq da, sağollaşıb ayrılırıq. "Təhsil"də şən və mənalı istirahət saatları isə davam edir.

Ziyafəddin BAYRAMOV,

"Respublika".